Qlobal miqyasda ərzaq təlabatının qarşılanmasında, müxtəlif sənaye sahələrinin xammal ilə təmin olunmasında, həmçinin, çoxşaxəli tətbiq dairəsi sayəsində dənli bitkilərin günümüzdə əhəmiyyətlilik dərəcəsi olduqca böyükdür. Dünya üzrə təsərrüfat sahələrinin 65-70%-i dənli taxıl bitkilərinin payına düşür. Ölkəmizdə isə dənli taxıl bitkilərinin əkin sahəsi 897 min hektarı əhatə edir. Müvafiq rəqəmin 604 min hektara yaxını payızlıq buğda sahələridir.

 

Dənli Bitki Nədir?

 

Dənli bitki ərzaq istehlakının qarşılanmasında, heyvandarlıq və sənaye sahələrinin xammal ilə təmin olunmasında aparıcı rol oynayan bitki qrupudur. Morfoloji quruluşca kök sistemindən, gövdədən, yapaqdan, çiçək qrupundan və meyvədən (dən) ibarətdir. Dənin tərkibində zəruri qida maddələri olan zülallar, yağlar, vitaminlər, mineral maddələr yer alır. Bundan başqa, dən qənnadı, nişasta, dekstrin, spirt çəkmə və pivə bişirmə sənaye sahələri üçün xammal mənbəyidir. Dənli taxıl bitkiləri heyvandarlıqda dən, qarışıq yem və kəpək formasında yem qarışığı kimi, küləş və püfədən isə heyvandarlıqda yem kimi istifadə edilir. 

 

Dənli Bitkilərin Növləri

 

Dənli taxıl bitkiləri təsərrüfat əhəmiyyətlərinə, bioloji xüsusiyyətlərinə və bəzi morfoloji əlamətlərinə görə iki qrupa bölünür.

 

  1. Əsas taxıllar

 

  • Buğda
  • Arpa
  • Çovdar
  • Vələmir
  • Tritikale 

 

  1. Darıyabənzər taxıllar 

 

  • Qarğıdalı
  • Sorqo
  • Darı
  • Çəltik

 

Buğda bitkisi necə yetişdirilir?

 

Müxtəlif torpaq tiplərinə uyğunlaşan buğda bitkisi dərin strukturlu, gilli, qumlu-gilli, üzvi maddələrlə zəngin, tərkibində kifayət qədər miqdarda fosfor və əhəng olan torpaqlarda daha yaxşı yetişir. Buğda toxumları adətən 10-20°C arasında dəyişən torpaq temperaturlarında cücərir. Temperaturun xüsusilə çiçəkləmə zamanı həddindən artıq yüksək olması buğda bitkisinin inkişafına mənfi təsir göstərə bilər. Buğdanın fizioloji yetkinliyə çatması üçün tələb olunan suyun miqdarı buğda çeşidindən asılı olaraq orta hesabla 300-600 mililitr arasında dəyişə bilər. Buğdanın yetişmə müddəti çeşiddən və ətraf mühit şəraitindən asılı olaraq dəyişir. Orta hesabla, yetişmə dövrü buğda toxumunun əkilməsindən məhsul yığımına qədər təxminən 90-150 gün çəkir. Yazlıq buğda ilə müqayisədə payızlıq buğdada bu müddət daha uzun çəkir. Buğda bitkisi sağlam inkişafı üçün müxtəlif qida maddələrinin qəbuluna ehtiyac duyur. Beləliklə, fermerlər azot, kalium, fosfor, kükürd, maqnezium, dəmir, manqan, sink, mis, kalsium və s. kimi qida maddələri ilə zəngin bitki bəsləmə vasitələrinin tətbiqini həyata keçirə bilər.

 

Arpa bitkisi necə yetişdirilir?

 

Arpa bitkisi nisbətən asidli ərazilərdə və neytral şəraitdə inkişaf etdiyi üçün torpaqda pH səviyyəsinin 6 ilə 7.5 aralığında olması ideal hesab edilir. Arpa bitkisi məhsuldar gilli, yüngül, gilli torpaqlarda daha yaxşı inkişaf edir. Sıfırdan aşağı olmayan və 18-20 dərəcədən çox olmayan temperatur aralıqlarında, həmçinin, nisbi rütubətin 70-80% aralığında olduğu şəraitdə asanlıqla yetişir. Quraq şəraitə davamlı olan arpa bitkisi üçün vegetasiya suvarmalarının bitkilərin boruya çıxarılma, sünbüllənmə və dənin dolması fazalarında aparılması çox vacibdir. Arpa sahələri üçün gübrələmə proqramı yetişdiriləcək çeşiddən, torpaq növündən, şəraitdən və s. asılı olaraq dəyişir. Əsasən azot, fosfor və kalium tərkibli gübrələrin tətbiqi həyata keçirilir.

 

Çovdar bitkisi necə yetişdirilir?

 

Məhsuldarlığı aşağı səviyyədə olan torpaqlarda və sərt iqlim şəraitində yetişdirilə bilən çovdar bitkisi fermerlərin sevimli mədəni bitkiləri sırasında yer alır. Duza, şaxtaya davamlı olması sayəsində şoran, turşulu torpaqlarda və mənfi temperatur dərəcələrində yetişə bilir. Hətta, bataqlıq ərazilərinin təsərrüfat məqsədi ilə istifadə olunmasına nail olmaq üçün müvafiq ərazilərdə ilkin olaraq çovdar bitkisi əkilir. Quraqlığa davamlı olan çovdar bitkisi yetişdirilməsi zamanı suvarmaya ehtiyac duymur. Yüksək səviyyədə gübrə təlabatı olmayan çovdar bitkisi demək olar ki, azot qəbuluna ehtiyac duymur. Odur ki, fermerlər bu tərkibə malik bitki bəsləmə vasitəsinin tətbiqindən çəkinməlidir. Ancaq, məhsuldarlıqda əhəmiyyətli artıma nail olmaq üçün fosforlu gübrələrdən istifadə oluna bilər. 

 

Vələmir bitkisi necə yetişdirilir?

 

Dənli bitkilər kateqoriyasına daxil olan digər nümayəndələr kimi vələmir bitkisi də ərzaq və yem təlabatının qarşılanmasında böyük rol oynayır. Vələmirin küləşi digər taxılların küləşinə nisbətən heyvanlar üçün qiymətli sayılır. Torpaq tələbi bir o qədər də seçici olmayan bu bitki qumsal, gilli hətta bataqlaşmış torpaqlarda belə inkişaf edərək, bol məhsul verir. Zərərvericilərin çox yayılmaması üçün vələmiri eyni tarlada iki il ardıcıl əkmək məsləhət görülmür. Buğda və arpayla müqayisədə nəmliyə daha çox tələbkar olan vələmir toxumları öz kütləsinin 60-65%-i qədər nəmlik qəbul etdikdən sonra cücərmə qabiliyyətinə malik olur. Vələmir əkini zamanı bitkiyə qulluq forması buğda və arpa əkinlərində olduğu kimidir. Birinci yemləmə gübrəsi olaraq azot və fosfor sahəyə tətbiq olunur. İkinci yemləmə gübrəsi isə boruyaçıxma fazasının əvvəlində həyata keçirilir. 

 

Tritikale bitkisi necə yetişdirilir?

 

Buğda və çovdarın xromosom komplekslərinin birləşməsi sayəsində əldə olunan tritikale bitkisi ərzaq, yem təlabatının qarşılanması üçün, həmçinin, sənaye sahələrində xammal olaraq istifadə olunur. Buğdada olduğu kimi dəni keyfiyyətli və iridir. Eyni zamanda, şaxtaya davamlılığını, güclü kollanmağı, sünbülün uzunluğunu, sürətlə inkişaf etməyi, göbələk xəstəliklərinə davamlı olmaq kimi xüsusiyyətlərini isə çovdardan almışdır. Əsasən qara torpaqda daha yaxşı yetişən bu bitkinin becərməsi üçün boz-meşə, çimli-podzol, yüngül gillicəli və qumsal torpaqlar da uyğundur. Toxumun cücərməsi üçün optimal temperatur 20 dərəcə təşkil edir. Tarla rütubət tutumu 65-75% olduqda isə məhsuldarlıq səviyyəsi yüksək olur. Boruya çıxma fazasında, dənin formalaşması və dolması dövründə qida təlabatı artır. Gübrələmə sistemi buğdadan fərqlənməyən tritikale bitkisi əsasən azot, fosfor və kaliuma ehtiyac duyur.

 

Qarğıdalı bitkisi necə yetişdirilir?

 

Çoxşaxəli istifadə istiqamətləri və məhsuldarlığı ilə fərqlənən qarğıdalı bitkisi yemçilik sektorunda digər dənli bitkilərdən üstündür. Suyu qənaətlə istifadə edən qarğıdalı bitkisi torpaq və hava quraqlığına qarşı həssasdır. Toxum cücərmək üçün öz kütləsinin 44%-i qədər artıq nəmlik tələb edir. Azot elementi ilə zəngin olan qara torpaqlarda, tünd şabalıdı və tünd boz torpaqlarda daha yaxşı yetişir. Qranulometrik tərkibi orta və yüngül gillicəli torpaqlar da qarğıdalı əkinləri üçün yararlı hesab olunur. Səpin aparmaq üçün torpaqda orta gündəlik temperaturun 10–12 dərəcə olması məqsədəuyğundur. Qarğıdalı bitkisinə qulluq zamanı qida elementlərinə tələbkar olduğunu unutmaq olmaz. Beləliklə, azot, fosfor, kalium kimi əsas qida elementləri başda olmaqla, bitkinin zəruri qida elementləri ilə təmin olunmasına nəzarət edilməlidir.

 

Sorqo bitkisi necə yetişdirilir?

 

Sorqo bitkisi ərzaq məhsullarının hazırlanmasında, sənaye sahələrinin xammal təlabatının qarşılanmasında, yemçilik sektorunda və s. kimi çoxşaxəli istiqamətlərdə istifadə olunur. İsti iqlimə meyilli olan sorqo toxumları torpaq temperaturu 12-15 dərəcə olduqda səpilir. Toxumun cücərməsi üçün öz kütləsinin 40%-i qədər nəmlik qəbul etməlidir. Yüngül qumlu, gilli və nisbətən şoranlaşmış torpaqlarda da becərilir. Sorqo bitkisinin yetişdiirlməsi zamanı azot, fosfor, kalium, ammonium şorası kimi qida elementlərinin tətbiqi tövsiyə olunur.

 

Darı bitkisi necə yetişdirilir?

 

Qida mənbəyi olaraq darı həm insanlar həm də heyvandarlıq, quşçuluq sahələri üçün digər dənli bitkilərdən üstün hesab olunur. İsti iqlim sevən darı toxumlarının cücərməsi üçün torpaqda temperaturun  8-10 dərəcə olması məqsədəuyğundur. Nəmliyə nisbətən daha az tələbkar olan bu bitki növü cücərməsi üçün öz kütləsinin 25%-i qədər nəmlik qəbul etməlidir. İnkişafının başlanğıcı dövründə darının xüsusən fosfora, kollanma fazasına qədər isə azot elementinə ehtiyacı yaranır. Darı zəruri qida elementləri ilə yanaşı mikroelement qəbuluna da ehtiyac duyan bitkilərdəndir.

 

Çəltik bitkisi necə yetişdirilir?

 

Planetimizdə dənli bitkilər arasında çəltik, əkin sahələrinin çoxluğuna görə buğdadan sonra ikinci yeri tutur. Toxumların cücərməsi üçün torpağın üst qatında temperaturun 12-13 dərəcə olması vacibdir. Suya təlabatı yüksək olan çəltik bitkisinin suvarılmasına xüsusilə kollanma və süpürgələmə fazalarında diqqət yetirilməlidir. Çəltik çay vadilərinin lilli torpaqlarında daha yüksək məhsul verir. Ağır qranulometrik tərkibli, su saxlama qabiliyyəti yüksək olan zəif turş mühitli (pH=5,0-6,6) torpaqlarda bitki yaxşı inkişaf edir. Çəltik sahələrindən bol məhsul əldə etmək üçün azot, fosfor, kalium kimi əsas qida elementlərindən tutmuş digər elementlərin də yer aldığı gübrələmə proqramına əməl etmək vacibdir. Çünki, çəltik bitkisi suvarma ilə yanaşı, qida elementlərinə də tələbkardır.

 

Dənli Bitkilərdə Rast Gəlinən Xəstəliklər və Mübarizə Üsulları

 

Dənli bitkilərin xəstəlikləri arasında  toxumla keçən bərk sürmə, toz sürmə və pas xəstəlikləri daha məşhurdur.

 

Toz Sürmə xəstəliyi

 

Toz sürmə xəstəliyinə yoluxan bitkinin dən və ya sünbülündə qaramtıl toz halında kütlə əmələ gəlir. İlk olaraq bitkinin aşağı yarpaqlarında yaranan ağ-boz nöqtələr zaman keçdikcə qəhvəyi rəngə boyanır. Xəstəlik inkişaf etdikcə yarpaqlarda saralma, sonra isə nekroz müşahidə edilir. Toz sürmə xəstəliyinin inkişaf etməsinə temperatur və rütubət güclü təsir edir. Bu xəstəliyi yayan bakteriyalar külək, həşərat və digər vasitələrlə sağlam sünbüllərə keçərək onları da sirayətləndirir. Xəstəliklə mübarizə zamanı “Prochloraz", "Tebuconazole", "Triadimenol", "Pyraclostrobin", "Fluaxapyroxad" və s. kimi tərkiblərə malik bitki mühafizə vasitələrinin tətbiqi tövsiyə olunur.

 

Bərk Sürmə xəstəliyi

 

Ölkəmizin taxıl sahələrində geniş yayılan bərk sürmə xəstəliyi bitkilərə əsasən süd dövründə yoluxur. Xəstəliyə tutulmuş bitkilər zəif inkişaf edir. Sünbüllərin rəngi dəyişir və boyu balaca qalır. Dənlər şişkin və yumru olub daxilində qaramtıl kütlə formalaşır. Torpaqda nəmlik 40-60 faiz və temperatur 5-10 dərəcə olduqda xəstəliyin törədiciləri cücərir və bitkini yoluxdurur. Xəstəliklə mübarizə zamanı “Tebuconazole", "Carboxin", "Thiram", "Prothioconazole" və s. kimi tərkiblərə malik bitki mühafizə vasitələrinin tətbiqi tövsiyə olunur.

 

Pas xəstəlikləri

 

Taxıl bitkiləri arasında aşağıdakı 3 pas xəstəliyi tez-tez rast gəlinir. 



  • Gövdə və ya zolaqlı pas
  • Sarı pas
  • Qonur pas

 

Pas xəstəlikləri dənli bitkilərdə məhsuldarlıq səviyyəsini 15-20 faiz aşağı salır. Bitkilərdə inkişaf nəzərəçarpacaq dərəcədə zəifləyir. Gövdə və ya zolaqlı pas xəstəliyinə yoluxan bitkilərin gövdəsində və yarpaqlarında qırmızımtıl-kərpici rəngdə, sonra isə qara rəngdə xətli yastıcalar əmələ gəlir. Sarı pas xəstəliyi bitkilərin yarpaqlarında, yarpaq qınlarında, sünbül və bəzi hallarda isə dənələrində açıq-sarı və ya limonu rəngdə yastıcalar əmələ gətirir. Bu yastıcalar nöqtə forması alaraq yarpaq üzərində sıra ilə bir xətt boyunca düzülür. Qonur pas xəstəliyi isə buğdanın yarpaqlarını zədələyərək qonur yastıcıların əmələ gəlməsinə səbəb olur. Mübarizə metodu olaraq “Flutriafol", "Maneb", "Tebuconazole", "Azoxystrobin", "Pyraclostrobin" və s. kimi tərkibə malik bitki mühafizə vasitələrinin tətbiqi tövsiyə olunur.

 

Dənli Bitki Toxumlarının Satışı


Dənli bitki toxumlarını ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin müxtəlif bölgələrimizdə yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qorumabitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

Dənli bitki toxumlarını əldə etməyə tələsin:

 

Pioneer P1921” qarğıdalı toxumu

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon