Tarixin keçmiş dövrlərindən günümüzə qədər dünya mətbəxinin ayrılmaz simvollarına çevrilən bir çox tərəvəzlər var. Hansı ki, əksər xörəklərin, şirniyyatların, digər qida məmulatlarının, içkilərin və s. hazırlanmasında bu növdən olan məhsullardan istifadəyə üstünlük verilir. Bu kimi məhsullar arasında demək olar ki, dünyanın dörd bir yanında geniş şəkildə istifadə olunan tərəvəzlərdən biri olan pomidor da yer alır. İlin dörd fəslində insanlar tərəfindən istehlak səviyyəsi yüksək olan pomidor, fermerləri bu istiqamətdə fəaliyyət sahələrini genişləndirməyə sövq edir. Beləliklə, artıq tempraturların soyuq və ya isti keçməsindən asılı olmayaraq sözügedən tərəvəz məhsuluna əksər satış nöqtələrində rast gəlmək mümkündür. Əgər əvvəllər pomidor bitkisi yalnız bölgələrdə becərilmə şəraitinə iqlimə, mövsümə və s. uyğun limitli formada yetişdirilirdisə, artıq istixanalarda tələbata, fermerin istəyinə uyğun şəkildə istehsal olunur. Vurğulamaq yerinə düşər ki, müasir dövrdə dünya üzrə qida tələbatının qarşılanmasında məhz istixanaların xüsusi rolu var desək yanılmarıq. Belə ki, müxtəlif növ meyvə və tərəvəzlərin mövsümdən asılı olmayaraq mütəmadi olaraq istixanalarda yetişdirilməsi ölkələr arasında qida zəncirinin nisbətən bərabər paylanmasını təmin edir. 

İstixanada pomidor becərilməsi necə həyata keçirilir?

İlk olaraq qeyd edək ki, iqlim dəyişikliklərinə daha davamlı olması ilə fərqlənən pomidor bitkisi becərilməsi ən asan başa gələn tərəvəzlərdən biridir. Odur ki, ilin əksər aylarında havaların necə keçməsindən asılı olmayaraq istixana sahələrində pomidor bitkisini yetişdirmək üçün zəruri olan münbit şəraiti təmin etmək kifayət edir. İstixanada yetişdirilən pomidorlar tarla pomidorları ilə müqayisədə 10-20 dəfə çox bar verir. İstixanalar bitkini həm də ziyanverici həşərat, əlverişsiz hava şəraiti və digər zərərvericilərdən qoruyur. Məşhur istixana pomidor sortlarına “Cappricia”, “Gardener's Delight”, “Sungold”, “Sweet Million”, “Bull's Heart” və s. növləri daxildir. İstixanada pomidor yetişdirilməsi zamanı fermerlər bəzi nüanslara diqqət yetirməlidir. Aşağıda qeyd olunan məlumatlardan bu barədə daha ətraflı tanış ola bilərsiniz.

Pomidor hansı torpaqlarda daha yaxşı yetişir?

Torpaq növləri baxımından xüsusi şərtlər tələb etməyən pomidor bitkisi qumlu torpaqlardan yüngül gilli torpaqlara qədər demək olar ki, əksər torpaq növlərində yetişir. Humus və qida maddələri ilə zəngin, həmçinin, su saxlama qabiliyyəti yüksək olan və pH səviyyəsi 5-7 aralığında dəyişən torpaqlarda yetişdirilməsi məqsədəuyğundur. Pomidor dərin köklü bitki olduğu üçün torpağın becərilməsi zamanı şumlama prosesinin dərindən aparılması tövsiyə olunur.

Pomidor üçün uyğun olan effektiv böyümə şəraiti hansıdır?

Pomidor isti iqlimlərdə yetişən tərəvəz bitkisidir. Rütubət və temperaturun həddindən artıq olması bitkidə xəstəliklərin yaranmasına, isti və quru şərait isə çiçəklərin tökülməsinə səbəb olur. Pomidorun standartlara uyğun inkişafı üçün tələb olunan temperatur 21-27 dərəcə selsi aralığında təşkil edir. Havanın temperaturu 15 dərəcədən aşağı düşməməli və 35 dərəcədən yuxarı qalxmamalıdır. Əks halda yetişmə proseduru ləngiyir və məhsuldarlıq səviyyəsi aşağı düşür. Tozlanma və mayalanma dövründə temperaturun 16-17 dərəcə səviyyəsində və ya yuxarı olması standartlara uyğundur.

İstixanada pomidor yetişdirilməsi üçün torpağın hazırlanması

Yuxarıda qeyd etdiyimiz kimi, pomidor bitkisinin kökləri dərin olduğu üçün eyni zamanda digər qulluq ehtiyaclarından asılı olaraq əkindən öncə torpağın hazırlanması tələb olunur. İstixanada cari ildə həyata keçirilən mövcud məhsulun yığımı başa çatdıqdan sonra bu istiqamətdə işlərə başlamaq zəruridir. Atılacaq addımlar aşağıdakı mərhələlər üzrə aparılır:

•    İstixana daha öncəki mövsümə məxsus məhsul qalıqlarından təmizlənir
•    Torpaq dərindən becərilir
•    Köhnə istixanalar və ya duz problemi olan istixanalar 3-5 dəfə gölməçə şəklində suvarılır
•    Əvvəlki mövsümdə torpaqdan qaynaqlanan xəstəliklər yaranıbsa, müvafiq olaraq təmizləmə işləri aparılaraq, müvafiq pestisidlər tətbiq edilir
•    Şitilləri istixanaya köçürməzdən əvvəl torpaq analizi aparılaraq planlı gübrələmə proqramı hazırlanır
•    Nəhayət istixana ərazisində növbəti mövsüm üçün şitillərin əkilməsinə başlanıla bilər

İstixananın havalandırılmasının hansı faydaları var?

İstixanada pomidor yetişdirərkən havalandırma sisteminin düzgün təşkil olunması bitkinin inkişafında böyük rol oynayır. Xarici mühitdə hava şəraitinin necə olmasından asılı olmayaraq bitkinin böyüməsi üçün inkişaf mərhələlərinə uyğun olaraq lazımi şəraitin təmin olunması vacibdir. Pomidor bitkisi üçün istixanada temperatur 24 dərəcədən yuxarı olduqda havalandırmanın həyata keçirilməsi uyğundur. İstixana şəraitində havanın nisbi rütubət səviyyəsinin 60-90% aralığında dəyişməsi tələb olunur. 

Pomidor şitili əkilmə prosesi necə həyata keçirilir?

İlkin mərhələdə məhsuldar yığım üçün pomidor toxumları tərkibi torf, kokobit və s. ilə zəngin olan substrat torpaqla doldurulmuş plastik qablara əkilir. Suyun toplanıb qalmaması üçün qabların aşağı hissəsində kiçik dəliklər açılmalıdır. Toxumlar 0,1-2 sm dərinliklərə səpilərək dərhal suvarılır. Pomidor toxumlarının cücərməsi üçün optimal torpaq temperaturu 30°C-dir. Tələb olunan temperatur, işıqlandırma və s. kimi amillər nəzərə alınmaqla zəruri olan şərait təmin olunduqda cücərmə 5-7-ci gündən etibarən başlayır. Cücərmədən təqribən iki həftə sonra şitillər transplantasiya köçürülmək üçün uyğun olur. İstixana ərazisinə köçürülən pomidor şitillərinin böyüməsini stimullaşdırmaq üçün pomidora qulluq qaydaları adı altında növbəti mərhələyə start verilir. Bundan başqa, əgər toxumları yetişdirmək üçün qapalı ərazi, lazımi resurslar yoxdursa birbaşa pomidor şitillərini əldə edərək əkin mərhələsinə başlaya bilərsiniz. Bu zaman vaxta, enerjiyə, həmçinin, bəzən maddi vəsaitə və s. qənaət etmək mümkündür. Təbii ki, əldə olunacaq məhsulun etibarlı mənbədən olması işlərinizi daha da asanlaşdıracaq.

Pomidorun suvarılması zamanı nələrə diqqət yetirilməlidir?

Quraqlığa davamlı olmasına baxmayaraq pomidor bitkisi müntəzəm olaraq suvarma tələb edən tərəvəzlər sırasında yer alır. Tələb olunan su ehtiyacı qarşılanmadıqda böyümə zəifləyir, tərəvəzin ölçüsü kiçilir, məhsuldarlıq isə aşağı düşür. Pomidor becərilməsində şitillərin yeni əkildiyi dönəmdə mümkün qədər suvarmadan qaçınılır. Çünki həddindən artıq suvarma torpağın temperaturunu aşağı salır, torpaqda havanın hərəkətini zəiflədir ki, bu da bitkidə inkişafın ləngiməsinə səbəb olur. Bitkidə meyvələr formalaşdıqdan sonra suvarma səviyyəsi tədricən artırılır. İsti havalarda qumlu torpaqlarda hər 2-3 gündən bir, tərkibi qarışıq olan torpaqlarda isə 3-7 gündən bir suvarma aparılır. İstixanada pomidor yetişdirilməsi zamanı damlama suvarma sistemindən istifadə etmək tövsiyə olunur. Bu yolla kök sisteminə davamlı su təchizatını təmin etmək, həmçinin, bitkiyə lazım olan gübrə tətbiqini də həyata keçirmək asanlaşır. Damlama suvarma ilə bitkidə yarpaqların və meyvələrin islanmasının qarşısı alınır. Bu isə xəstəliklərin yaranmasına və meyvələrdə çatların əmələ gəlməsinə mane olur. Bundan başqa, yarpaqlarda kiflənmənin qarşısını almaq üçün rütubəti 90%-dən aşağı saxlamaq lazımdır. 

Pomidor yetişdirilməsi zamanı hansı gübrələrdən istifadə olunur?

Əkindən öncə torpaq sahəsinin ölçüsü, tipi və ya digər amillər nəzərə alınmaqla müvafiq miqdarda təsərrüfat peyininin tətbiqi məqsədəuyğundur. Meyvələr fındıq ölçüsündə formalaşdıqdan sonra kalium nitrat gübrəsinin tətbiqi meyvə və bitkiyə müsbət təsir göstərəcək. Ümumilikdə istixana ərazisində damlama suvarma sistemindən istifadə olunursa bu zaman gübrə tətbiqi də nisbətən asanlaşır. Bu sistem vasitəsi ilə tətbiq olunacaq gübrələrin özünəməxsus xüsusiyyətləri var.

•    Bu cür gübrələr suvarma sistemində korroziya yaratmamalıdır
•    Suda 100% həll olmalı və özündən sonra qalıq buraxmamalıdır
•    Bitki tərəfindən asanlıqla mənimsənilməsi üçün mikroelement tərkibli olmalıdır
•    Tərkibində bitkilər üçün zərərli olan və torpağın strukturunu pozan kimyəvi maddələr (Cl, Fl, Na, HCO3 və həddindən artıq SO4) yer almamalıdır

Sadalanan xüsusiyyətlərə malik gübrələri əldə etmək həmişə bütün fermerlər üçün maddi baxımdan bir o qədər də əlçatan olmur. Bu zaman mövsüm tələbatını qarşılamaq üçün bitkilərin ehtiyacı olduğu əsas qida maddələrini aşağıdakı gübrələrlə təmin etmək mümkündür. Eyni zamanda qeyd edək ki, istixanada yaxud açıq sahədə yetişdirilməsindən asılı olmayaraq pomidor bitkisinin qida tələbatları eynidir. Bu səbəbdən də bitkinin sürətli və effektiv böyüməsini təmin edən gübrələrin tətbiqi məqsədəuyğundur.

•    Azot ehtiyaclarını qarşılamaq üçün: Ammonium NitratKarbamid
•    Kalium və azot ehtiyaclarını qarşılamaq üçün: Kalium Nitrat 
•    Fosfor ehtiyaclarını qarşılamaq üçün: MAP, Fosfor turşusu 

Azotun bitkidə yarpaqların və gövdənin böyüməsi, fosforun bitki köklərinin inkişafı, çiçəklərin və meyvələrin formalaşması, kaliumun meyvənin keyfiyyətli yetişməsi, maqneziumun xüsusilə istixana pomidorlarında yarpaq saralmasının qarşısını almaq və s. kimi səbəblərə görə tətbiqi zəruri hesab olunur. Bütün bunlarla yanaşı, gübrə tətbiqindən öncə mütləq şəkildə torpağın tipi, torpaqda hansı qida maddələrin çatışmazlığı və s. detallar barəsində məlumatları dəqiqləşdirmək tələb olunur. Çünki, ehtiyaclara uyğun gübrə tətbiqi, həmçinin, keyfiyyətli çeşidlərə üstünlük vermək mütləq şəkildə diqqətdə saxlanılmalı olan nüanslardandır. Bunun üçün də torpaq analizi edilməsi şərtdir. Analizin nəticələrinə uyğun olaraq aqronom məsləhəti alaraq gübrə miqadarlarını və hansı zamanlarda tətbiq ediləcəyini öyrənə bilərsiniz.

Keyfiyyətli gübrə çeşidlərini haradan əldə etmək olar?

Yüksək keyfiyyətli gübrə çeşidlərini gubre.az-ın Azərbaycanın müxtəlif bölgələrindəki 200-dən çox satış mərkəzindən əldə edə bilərsiniz. Geniş məhsul çeşidləri ilə bağlı ətraflı məlumat almaq, sifarişlərinizi qeyd etmək üçün 828 qısa nömrəsi ilə əlaqə saxlamağınız və ya gubre.az saytında onlayn şəkildə sorğularınızı və sifarişlərinizi qeyd etməyiniz kifayətdir. Xatırladaq ki, keyfiyyətli və bol məhsul yığımına yaxından dəstək olaraq ölkəmizdə kənd təsərrüfatının inkişafına daim öz töhfəsini verən gubre.az toxum, gübrə, bitki mühafizə və təsərrüfat ləvazimatlarının satışı üzrə ixtisaslaşmış aqrar ticarət şəbəkəsidir.

Pomidor bitkisində budama işləri necə aparılır?

Məhsuldar və yüksək keyfiyyətli nəticə əldə etmək üçün bitkinin bar vermə mərhələsinə qədər bütün zəruri işlərin icra olunmasına diqqətlə yanaşmaq vacibdir. Belə nüanslardan biri də bitkidə yararsız hissələrin, yarpaqların və s. budanmasıdır. Pomidor bitkisində gövdə və yarpaq sapı arasında çıxan tumurcuqlar təmizlənir. Eyni zamanda köhnə və xəstələnmiş yarpaqları aradan qaldırmaq da önəmlidir. Yetişməyə başlayan meyvələrin alt hissəsində yerləşən yarpaqları, bitki müəyyən böyümə mərhələsinə çatdıqda gövdələr arasında meydana gələn kiçik zoğları təmizləmək böyüməni sürətləndirir. Çiçək salxımının üzərində budama işlərini aparmaq məsləhət görülmür. Çünki, bitkiyə kömək etmək əvəzinə meyvə verən budaqlar kəsilə bilər. Budama üçün uyğun zaman aralığı səhərdən günorta saatlarına qədər olan müddətdir. Qeyd olunan saatlarda bitkinin su miqdarı yüksək olduğu üçün budama işlərinin həyata keçirilməsi fiziki cəhətdən asanlaşır. Həmçinin, tumurcuqların bitkidən asanlıqla ayrılmasını və bitkinin nisbətən daha az zədələnməsini təmin edir.

İstixanada pomidor yetişdirilməsi zamanı xəstəliklərə qarşı necə mübarizə aparılır?

Pomidor bitkisi quraqlığa, müxtəlif şəraitlərə daha tez uyğunlaşmasına baxmayaraq digər tərəvəzlər kimi özünəməxsus aqrotexniki qulluq tələbləri var. Xüsusilə istixanaların qapalı ərazi olması baxımından burada yetişdirilən pomidor bitkisinin xəstəliklərə qarşı həssas olması da qaçılmaz situasiyalardan biridir. Gəlin, istixana sahələrində fermerlərin rastlaşdığı pomidor xəstəlikləri ilə bağlı bəzi nüanslarla yaxından tanış olaq.

Qonur çürümə xəstəliyi (Phytophthora infestans)

Xəstəliyin ilkin əlamətləri özünü bitkinin yarpaq və gövdəsində solğun yaşıl ləkələrin meydana çıxması ilə göstərir. Daha sonra bu ləkələr qəhvəyi rəngə boyanır. Eyni zamanda meyvədə gövdəyə yapışmış hissənin yaxınlığında kiçik, boz-qəhvəyi ləkələr əmələ gəlir. Bu ləkələr sürətlə böyüyərək meyvənin çürüməyə başlamasına səbəb olur. Qarşısı alınmadığı təqdirdə xəstəlik bütövlükdə bütün bitkini əhatə edərək, onu məhv edir. Sərin, rütubətli havada xəstəlik daha sürətlə yayılır. Rütubətli havada, həmçinin, yarpağın alt hissəsində bozumtul, nazik tüklü təbəqə yaranır. Mübarizə üsulu olaraq xəstələnmiş bitki qalıqları və meyvələr toplanaraq məhv edilməli, təyinatı üzrə bitki mühafizə vasitələrinin tətbiqi həyata keçirilməlidir. Kimyəvi dərman vasitələrinin çiləmə yolu ilə tətbiqinə yarpaqlarda ilk ləkələr meydana çıxdıqdan sonra (şitillər istixana ərazisinə köçürüldükdən 20 gün sonra) başlanmalıdır. Çiləmə sərin və küləksiz havada 10-15 gün fasilə ilə aparılmalıdır. Əsasən “Metiram”, “Mancozeb”, “Bordo Mixture” və s. xəstəlik əleyhinə funqisidlərin tətbiqi tövsiyə olunur.

Unlu şeh xəstəliyi (Leveillula taurica)

Xəstəliyin ilkin əlamətləri yarpaqların üzərində ləkələrin yaranması ilə müşahidə olunur. Ləkələr getdikcə digər yarpaqları və gövdəni də əhatələməyə başlayır. Xəstəlik irəlilədikcə yarpaqlar qırışır və aşağıya doğru sallanır. Xəstəliyə yoluxmuş bitki hissələri toplanaraq yandırıla və ya torpağın dərin qatlarında basdırıla bilər. İlkin əlamətlərin meydana çıxdığı andan etibarən təyinatı üzrə kimyəvi vasitələrin tətbiqi mütləqdir. Əsasən “Metrafenone”, “Triadmenol”, “Penconazole” və s. xəstəlik əleyhinə funqisidlərin tətbiqi tövsiyə olunur. 

Erkən yarpaq yanıqlığı (Alternaria solani)

Adı çəkilən xəstəliyə bitki inkişafının bütün mərhələlərində rast gəlinir. Xəstəliyin əlamətlərinə kökün çürüməsi, yarpaqlarda, gövdələrdə və meyvələrdə qeyri-bərabər xırda qəhvəyi ləkələrin meydana çıxması, çiçək və meyvələrin tökülməsi xarakterikdir. Müvafiq nəticələrlə qarşılaşmamaq üçün istixanalar tez-tez havalandırılmalı, həddindən artıq suvarmadan qaçınılmalı, xəstə bitki qalıqları və şitillər sahədən təmizlənməlidir. İlkin əlamətlərin müşahidə olunduğu andan etibarən təyinatı üzrə kimyəvi vasitələrin tətbiqi sərin və küləksiz vaxtlarda 7-10 gündən bir həyata keçirilməlidir. Əsasən “Zineb”, “Mancozeb”, “Azoxystrobin” və s. xəstəlik əleyhinə funqisidlərin tətbiqi tövsiyə olunur. 

Qurğuşun kifi (Botrytis cinerea)

Xəstəliyin əlamətləri gövdə və meyvədə müşahidə olunur. Bitki orqanizminin daxilində formalaşan ləkələr getdikcə geniş yayılmağa başlayar, həmçinin, meyvələrin tökülməsinə səbəb olar. Xəstəliyin meydana çıxmasının qarşısını almaq üçün istixanaların gün batmazdan 2 saat əvvəl qızdırılmalısına, məhsul yığıldıqdan sonra xəstəlik törədicisinin davamlı strukturlarının torpağa qarışmasının qarşısını almaq üçün bütün bitki qalıqlarının yığılıb yandırılmasına diqqət yetirmək vacibdir. Əsasən “Cyprodinil”, “Fludioxonil” və s. xəstəlik əleyhinə funqisidlərin tətbiqi tövsiyə olunur. 

Yuxarıda adları sadalanan, həmçinin, digər xəstəliklərə qarşı effektiv vasitələrlə mübarizə apararaq istixanalarda ilin əksər dövrlərində yüksək keyfiyyətli və bol məhsul əldə etmək mümkündür. Bunun üçün fermerlər gubre.az aqrar ticarət şəbəkəsinin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən 200-dən çox satış nöqtəsinə müraciət edə bilər. Ümumiyyətlə, 50-dən çox markaya məxsus yüzlərlə çeşiddə toxum, gübrə, bitki mühafizə vasitələri, əkin ləvazimatları və ümumi təsərrüfat malları fermerlərin ixtiyarındadır.

Son olaraq qeyd edək ki, günümüzdə bütün dünyada tüğyan edən qida qıtlığına qarşı mübarizədə kənd təsərrüfatı məhsullarının ən effektiv üsullarla yetişdirilməsi aktual məsələyə çevrilib. Məhz, bu kimi yollarla ölkələr arasında qırılan qida zəncirini bərpa etmək mümkündür. Odur ki, fermerlərimizə ölkəmizdə istehsal həcmini artırmaq üçün sahələrdə, istixanalarda məhsul yetişdirilməsi zamanı yalnız keyfiyyətli kənd təsərrüfatı məhsullarına, resurslarına üstünlük verməyi tövsiyə edirik. Buraya toxum, şitil, tinglərdən tutmuş gübrə, bitki mühafizə, əkin ləvazimatlarına qədər bütün məhsullar daxildir. Bu zaman fermerlər zamana, enerjiyə, xərclərə qənaət edərək maksimum nəticə əldə edə bilər. Eyni zamanda xatırladaq ki, gubre.az aqrar ticarət şəbəkəsi ölkəmizdə fermerlər üçün ödənişsiz aqronom məsləhəti layihəsini həyata keçirir. Beləliklə, 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq torpaqlarınızın, məhsullarınızın keyfiyyətinə, ehtiyac olan qida maddələrinə, zərərvericilərə qarşı mübarizə üsullarına yaxından bələd ola bilərsiniz.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon