“Ağ qızıl” kimi tanınan pambıq bitkisi ölkəmizdə və dünyanın əksər bölgələrində fermerlər tərəfindən geniş şəkildə becərilir. Kağız, paltar, tekstil məhsulları istehsalı, avtomobil, səhiyyə, kimya və digər sənaye sahələri üçün xammal rolunu oynayan pambığın faydalı tərəfləri saymaqla bitməz. Gəlin, gündəlik həyat tərzimizdə və istifadə etdiyimiz əksər məhsulların hazırlanmasında böyük rol oynayan pambıq bitkisinin necə və hansı şərtlər daxilində yetişdirilməsi ilə ətraflı tanış olaq.

Pambıq bitkisinin yetişdirilməsi prosesi

Pambıq bitkisinin yetişdirilməsi keyfiyyətli toxum seçimindən tutmuş, torpağın hazırlanması, əkin, suvarılma, gübrələmə, dərmanlama və məhsul yığılması proqramlarını əhatə edir.

Pambıq əkinindən öncə torpağın hazırlanması

Pambıq əkininə başlamazdan öncə torpaq sahələrində hazırlıq işlərinə start verilir. Beləliklə, işlər əsas becərmə və səpinqabağı becərmə olaraq planlı şəkildə və regionun torpaq-iqlim xüsusiyyətləri nəzərə alınaraq həyata keçirilir. Sözügedən hazırlıq işləri sonrakı mərhələlərdə yarana biləcək bir çox problemləri (zərərvericilərdən, xəstəliklərdən qorumaq üçün və s.) aradan qaldırmağa kömək edəcəkdir. 

İlk olaraq torpaq sahəsi 28-30 santimetr dərinliyində şumlanır. Şumlama, əsasən, ikiyaruslu kotanlarla və ya ön kotancığı olan kotanlarla aparılmalıdır. Daha sonra yazlıq bitkilər üçün şumlanmış sahənin qışda və ya erkən yazda arat suvarılmasına başlanılır. Növbəti mərhələdə şumlanmış ərazidə nəmliyin qorunması üçün torpaq hamarlanır. 

Səpinqabağı becərmə zamanı isə sahədə kultivasiya və malalama işləri həyata keçirilir. Kultivasiya zamanı torpağın üst hissəsi 8-12 santimetr dərinliyində yumşaldılır. Bu, alaq otlarını məhv etmək və mineral gübrələrin tətbiqi üçün vacibdir. Malalama isə kultivasiya kimi torpağı yumşaldır, dənəvərləşdirir, torpağın səthini hamarlayır və alaq otlarını məhv edir. Malalama alaq otları cücərtilərinin əmələ gəldiyi vaxtda aparıldıqda daha səmərəli olur. 

Qeyd edək ki, uzun müddət əkin üçün istifadə olunmayan təsərrüfat sahəsində pambıq yetişdirmək üçün sözügedən ərazini yığılmış alaq otlarından təmizləmək lazımdır. Bunun üçün torpaq 25-30 sm dərinlikdə şumlanır. Beləliklə, torpaq sahəsi havalanır və pambıq bitkisinin yetişməsinə mane olacaq alaq otlarının böyüməsinin qarşısı alınır.

Pambıq toxumlarının əkilməsi

Torpaqda hazırlıq işləri tamamlandıqdan sonra toxumları əkməyə başlaya bilərsiniz. Torpağın temperaturu 12-14 dərəcə olduğu zaman çiyid səpininə başlamaq lazımdır. Müvafiq temperatur şəraiti respublikanın şərq rayonlarında təqribən aprelin birinci, qərb rayonlarında isə ikinci ongünlüyünə təsadüf edir. Nəzərdə saxlamaq lazımdır ki, toxumları çox dərinliyə səpmək bitkinin inkişafına mane olur. Arat edilməmiş sahədə çiyid 4-5 santimetr, arat edilmiş sahələrdə isə 3-4 santimetr dərinliyə basdırılmalıdır. Çiyid darcərgəli və genişcərgəli olmaqla iki formada səpilir. Çiyid səpini darcərgəli səpin üsulu ilə keçirilən zaman cərgəarası məsafə 60 santimetr, bitkiarası məsafə 12-15 santimetr, gencərgəli üsul zamanı isə cərgə aralarının eni 90 santimetr bitkiarası məsafə 10-11 santimetr təşkil edir.

Pambıq bitkisi üçün torpaq və iqlim şəraiti

Pambıq bitkisi üzvi maddələrlə zəngin və temperaturu 16-18 dərəcə olan torpaqlarda daha yaxşı yetişir. Torpağın pH səviyyəsinin 5,5-8,5 aralığında olması məqsədəuyğundur.

Pambıq əkini və məhsul yığımı vaxtı

Pambıq bitkisinin əkilməsi üçün ən yaxşı vaxt yaz aylarıdır. Pambıq bitkisi soyuğa həssas olduğu üçün əkin zamanı şaxta riskinin aradan qalxdığına əmin olmaq lazımdır. Orta hesabla əkildikdən 160 gün sonra pambıq bitkisindən məhsul yığıla bilər. Yetişdirilən bölgədən asılı olaraq məhsul yığımı yaz və yay aylarına təsadüf edir.

Pambıq bitkisinin suvarılması

Arat edilmiş ərazilərə toxum səpildikdə iyun ayının ortalarına qədər pambıq sahələrinin suvarılması tövsiyə olunmur. Lakin əgər sahələrdə quraqlıq hökm sürürsə çiçəklənmədən öncə suvarmaq mütləqdir. Çiçəklənmə dövründə suya təlabatı artan pambıq bitkisini birinci suvarmadan 15 gün sonra yenidən suvarmaq məqsədəuyğundur. Əgər iyul-avqust ayları hədsiz isti keçərsə, bu müddət 10 günə qədər qısaldıla bilər. Pambığın son suvarılması kolda ümumi qozaların təxminən 5-10 faizi açıldıqda aparılır və bundan sonra suvarma işləri dayandırılmalıdır. Əks halda bitkinin boy artması davam edəcək, qozalar isə gec yetişəcək və ya açılmadan yaşıl qalacaq.

Pambıq bitkisinin gübrələmə proqramı

Pambıq qida maddələrinin qəbuluna tələbkar bitki növüdür. Xüsusilə bu ehtiyac vegetasiya dövründə daha da güclənir. Müxtəlif qida elementlərinin çatışmadığını isə bitkini müşahidə edərək müəyyənləşdirə bilərsiniz. Gübrələmə proqramı torpaq növünə, tərkibinə görə dəyişkəndir. Pambıq bitkisinə gübrələr əsas və yemləmə şəklində tətbiq olunur. Yemləmə gübrəsinin verilməsi bitkinin vegetasiya dövrünə təsadüf edir. Pambıq bitkisi inkişaf dövründə azot və kaliuma daha çox ehtiyac duyur. Ümumilikdə pambıq bitkisinin sağlam inkişaf etməsi üçün yetişmə dövründə ehtiyac olan miqdarda gübrələmə proqramı tətbiq oluna bilər. Azot gübrəsi torpaqdan asanlıqla yuyula bildiyi üçün azot gübrələrini az dozalarla, yemləmə şəklində vermək lazımdır. Sözügedən gübrənin tətbiq olunacaq ümumi miqdarının üçdə bir hissəsi səpinqabağı becərmədə, qalan hissəsi ikinci və üçüncü kultivasiyada yemləmə kimi tətbiq olunur. Pambıq bitkisi üçün fosfor gübrəsinin illik miqdarı 90-100 kq təşkil edir ki, bu miqdarın 60 faizi əsas şumaltına, qalan hissəsinin yarısının səpinlə birlikdə, digər yarısının isə qönçələmə fazasının əvvəlində verilməsi məqsədəuyğundur. Pambıq bitkisi şırım, yağışyağdırma və damlama üsulu ilə suvarıla bilər. Ölkəmizdə pambıq bitkisi əsasən şırımlarla suvarılır. Sukeçirmə qabiliyyəti zəif olan torpaqlarda şırımın uzunluğu 200-350 m, orta dərəcədə olan torpaqlarda 100-300 m və sukeçirmə qabiliyyəti yüksək olan torpaqlarda isə müvafiq ölçü 90-125 metr təşkil edir. Cərgəarası 60 sm olduqda şırımın dərinliyi 15-18 sm, 90 sm olduqda isə 18-22 smgötürülə bilər.

Pambıq bitkisinin zərərvericiləri və mübarizə üsulları

Ölkəmizdə pambıq bitkisinin yetişdirilməsi zamanı müşahidə olunan zərərvericilərin siyahısına pambıq sovkası, əməköməci (pambıq) güvəsi, tütün tripsi, pambıq ağqanadlısı, liqus zərərvericisi, mənənələr, hörümçək (tor) gənəciyi daxildir.

Pambıq sovkasına qarşı mübarizə

Pambıq sovkasının kiçik tırtılları pambığın çiçəkləri ilə qidalanaraq qönçələrdə deşiklər yaradır. Nəticədə zədələnmiş çiçək və qönçələr tökülür. Orta və iri yaşlı tırtıllar isə xırda və iri qozalarla qidalanır. Zədələnmiş xırda qozalar tökülür. İri qozalar çürüyür. Pambıq sovkasının puplarını məhv etmək məqsədilə torpaq sahəsi 30-35 santimetr dərinlikdə şumlanır və sahə suvarma vasitəsilə yuyulur. Pambıq sovkasına qarşı kimyəvi mübarizə zamanı “Emamectin benzoate” (kiçik sürfə mərhələsində), “Chlorantraniliprole”, “Teflubenzuron”, “Lufenuron” və s. kimi tərkiblərə malik dərmanlardan istifadə məqsədəuyğundur.

Tütün tripsisinə qarşı mübarizə

Alaq otları vasitəsilə pambıq bitkisinə ötürülən tripsilər bitkinin kök və yarpaqlarına zərər verərək inkişafına mane olur. Mübarizə üsulu olaraq sahələrdə növbəli əkinə üstünlük verilməlidir. Həmçinin sahə alaq otlarından təmizlənməli və dərin dondurma şumu aparılmalıdır. Tripsilərə qarşı kimyəvi mübarizə zamanı “Acetamiprid”, “Lyambda-siqalotrin”,  “Diafentiurom” və s. kimi tərkiblərə malik dərmanlardan istifadə məqsədəuyğundur.

Əməköməci (pambıq) güvəsinə qarşı müabrizə

Bu zərərverici pambığın yarpaq və qönçə çiçəkləri ilə qidalanaraq bitkiyə ciddi ziyan vurur. Mübarizə məqsədilə növbəli əkinə üstünlük vermək, alaq otlarını, pambıq kollarını sahədən təmizləmək, dondurma şumu aparmaq və sahədə arat suvarma aparmaq tövsiyə olunur. Həmçinin kimyəvi mübarizə zamanı “Lufenuron”, “Tiametoksam”, “Lyambda-siqalotrin” və s. kimi tərkiblərə malik dərmanlardan istifadə məqsədəuyğundur.

Pambıq ağqanadlısına qarşı mübarizə

Pambıq ağqanadlısı bitkidə fotosintez prosesinə mənfi təsir göstərir. Bitkinin qoza tutma faizi zəifləyir, qozalar kiçik qalır və məhsuldarlıq səviyyəsi aşağı düşür. Kimyəvi mübarizə zamanı “Acetamiprid”, “Imidacloprid” və s. kimi tərkiblərə malik dərmanlardan istifadə məqsədəuyğundur.

Liqus zərərvericisinə qarşı mübarizə

Liqus zərərvericisi pambıq bitkisində qozalarda çatların yaranmasına və tökülməsinə səbəb olur. Kimyəvi mübarizə zamanı “Dimethoate” və s. kimi tərkiblərə malik dərmanlardan istifadə məqsədəuyğundur.

Mənənələrə qarşı mübarizə

Mənənələr pambıq bitkisinin şirəsini soraraq böyüməsini ləngidir, qönçə və çiçəklərin tökülməsinə səbəb olur. Mübarizə məqsədilə sahə alaq otlarından təmizlənməli, dərin dondurma şumu aparılmalı və qışda sahə arat olunmalıdır. Həmçinin kimyəvi mübarizə zamanı “Diafenthiuron”, “Lyambda-siqalotrin” və s. kimi tərkiblərə malik dərmanlardan istifadə məqsədəuyğundur.

Pambıq bitkisinin xəstəlikləri və mübarizə üsulları

Ölkəmizdə pambıq bitkisində daha çox vilt (soluxma), kökçürümə xəstəliklərinə rast gəlinir.

Pambığın vilt (soluxma) xəstəliyinə qarşı müabrizə

Pambıq bitkisi bu xəstəliyə, adətən, bitkilərdə qönçələr əmələ gəldikdə yoluxur və proses vegetasiyanın sonuna qədər davam edir. Xəstəlik pambıq bitkisinin aşağı hissələrindəki yarpaqlardan başlayaraq yuxarıya doğru yayılmağa davam edir. Üzərində solğun sarı ləkələr əmələ gələn yarpaqlar getdikcə qonurlaşır, quruyur və bir müddətdən sonra tökülür. Mübarizə məqsədilə xəstəliyə davamlı sortlara üstünlük verilməli, növbəli əkin tətbiq edilməli, bitki qalıqları sahədən uzaqlaşdırılmalı, peyin şum altına çürümüş halda verilməli və kalium gübrəsi tətbiq edilməlidir. Həmçinin kimyəvi mübarizə zamanı toxumlar üçün "Fludioxonil", "Metalaxyl-M", sahələr üçün isə “Pentaxlornitrobenzol” və s. kimi tərkiblərə malik dərmanlardan istifadə məqsədəuyğundur.

Kökçürümə xəstəliyinə qarşı mübarizə

Əlverişsiz hava şəraiti, rütubətin həddindən artıq olması və hava çatışmazlığı pambıq bitkisində kökçürümə xəstəliyinin yaranmasına gətirib çıxarır. Ağır mexaniki tərkibli və şoran torpaqlarda kökçürümə xəstəliyinə daha çox rast gəlinir. Xəstəliyə yoluxan bitkinin kök boğazcığı hissəsində tünd qəhvəyi rəngdə ləkələr əmələ gəlir. Həmçinin xəstələnmiş hissədə qabıq çatlayır və dağılır. Gövdə nazikləşir və köklər məhv olur. Xəstəliyə qarşı mübarizə məqsədilə cərgəarası kultivasiya və toxalama işləri mütləq aparılmalıdır. Toxumların səpinqabağı tərkibində “Baccilius subtillis”, “Seudomonas fluorescens” bakteriyaları və “Trichoderma lignorum” göbələyi olan biopreparatlarla dərmanlanması pambığın vilt, hommoz və kökçürümə xəstəliyinə qarşı davamlılığını artırır. 

Pambıq sahələrində alaq otlarına qarşı mübarizə

Pambıq sahələrində məhsuldarlığa və məhsulun keyfiyyətinə ciddi şəkildə zərər verən alaq otlarına qanqal, turpəng (sarı çiçək), çayır, kalış otu, pıtraq, qızıl pencər, ilişən qıllıca, unluca, sarmaşan qarabaşaq, tarla sarmaşığı, tarla sirkəni və s. kimi bitkiləri misal göstərmək olar. Bu alaq otlarına qarşı mübarizə zamanı "Qrometrin", "Меtоlахlоr", "Gezaqard" və s. kimi tərkiblərə malik herbisidlərdən istifadə məqsədəuyğundur.

Pambıq bitkisi üçün toxum, gübrə və pestisidlərin satışı

Əziz fermerlər, pambıq sahələrindən bol və keyfiyyətli məhsul yığımı üçün ilk növbədə yüksək keyfiyyətli, təmiz və sertifikatlı toxumlardan istifadə vacibdir. Odur ki, pambıq toxumunu,  məhsuldarlığa və keyfiyyətə birbaşa təsir göstərən gübrə çeşidlərini, pambıq bitkisini zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından qoruyan pestisidləri ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin müxtəlif bölgələrimizdə yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. 

Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qoruma bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon