Təsərrüfat sahiblərinin, müxtəlif fermerlərin, bağbanların və ümumiyyətlə torpaq sahələri ilə çalışan şəxslərin pH ifadəsindən tez-tez istifadə etdiyinin şahidi oluruq. Buna səbəb odur ki, sahibkarlar, zəhmətkeşlər, aqronomlar və s. kimi müvafiq kateqoriyaya daxil olan şəxslər məhz torpağın pH səviyyəsini nəzarətdə saxlayaraq, bol və keyfiyyətli məhsul əldə edir. Bəs gəlin görək, pH nədir?

 

Torpaqda pH səviyyəsi Nədir?

 

Torpağın pH səviyyəsi torpağın turşuluğu, qələviliyi və yaxud neytral olmasını ifadə edir. Belə ki, torpaqda OH- ionlarının çox olması torpağın qələvi olduğunu, yəni pH səviyyəsinin yüksək olduğunu göstərir. Torpaqda H+ ionlarının çox olması isə torpağın turşu olduğunu, yəni pH səviyyəsinin aşağı olduğunu göstərir. Bu səviyyənin aşağı və ya yüksək olması bitkinin inkişafına, torpaqda bitki qida maddələrinin mövcudluğuna və bitkilərdə qida maddələrinin qəbuluna birbaşa təsir göstərir. Bir pH dəyəri hidrogen ionunun konsentrasiyasının ölçüsüdür. Hidrogen ionunun konsentrasiyası geniş diapazonda dəyişdiyi üçün loqarifmik miqyasdan (pH) istifadə olunur. 

 

Torpaqda pH səviyyəsi hansı ölçüdə olmalıdır?

 

Torpağın pH səviyyəsi 0-14 aralığını əhatə edən şkala əsasında hesablanır. Əksər torpaqların pH dəyəri 3,5-10 arasında dəyişir. Yüksək yağıntılı ərazilərdə torpağın təbii pH göstəricisi adətən 5-7 arasında, nisbətən quraq ərazilərdə isə 6,5-9 arasında dəyişir. Bitkilərin sağlam böyüməsi, bol və keyfiyyətli məhsul verməsi üçün optimal pH səviyyəsi 6,6 ilə 7,3 aralığında qiymətləndirilir. Bu cür torpaqlar neytral torpaqlar adlanır ki, sözügedən xüsusiyyətə sahib təsərrüfat sahələrində bölgəyə uyğun bitkilərin yetişdirilməsi digərləri ilə müqayisədə daha uğurlu alınır. Torpaqda həddindən çox qələvilik və ya turşuluq olduğu halda bitkilərdə qida maddələrinin qəbulu çətinləşərək, ümumilikdə inkişafı ləngiyir və ya dayanır. Torpaqlar pH səviyyəsinə görə aşağıdakı kimi təsnif edilə bilər.

 

Torpaq növü

pH səviyyəsi

Ultra turşu

< 3.5

Həddindən artıq turşu

3.5–4.4 

Çox güclü turşu

4.5–5

Güclü turşu

5.1–5.5 

Orta dərəcədə turşu

5.6–6

Yüngül turşu

6.1–6.5 

Neytral

6.6–7.3 

Bir az qələvi

7.4–7.8 

Orta qələvi

7.9–8.4 

Güclü qələvi

8.5–9 

Çox güclü qələvi

> 9

 

Torpaqda pH səviyyəsi necə tənzimlənir?

 

Torpaqğın pH səviyyəsi tənzimlənərkən sahədə turşuluq və qələviliyin hansı miqdarda olması müəyyən edilərək, buna uyğun addımlar atılır. Torpaqda OH- ionlarının çox olması torpağın qələvi olduğunu, yəni pH-nın yüksək olduğunu göstərir. Həmçinin torpaqda H+ ionlarının çox olması torpağın turşululuğunun yüksək olduğunu, yəni pH-nın aşağı olduğunu göstərir. Torpağın pH səviyyəsinin tənzimlənməsi sayəsində torpağın münbitliyi təmin olunur və bitkilərin sağlam inkişafı üçün əlverişli mühit yaranır. Torpağın pH səviyyəsi artdıqca və azaldıqca bəzi elementlərin bitki tərəfindən mənimsənilməsi azalır. pH-ın tənzimlənməsi sayəsində element qəbulu, həmçinin digər amillər nəzarət altında saxlanılır. Torpağın pH səviyyəsinin nizamlanması üçün müxtəlif üzvi maddələrdən, əhəngdən, örtücü bitki növlərindən, torpaq tənzimləyicilərindən, təyinatı üzrə gübrələrdən və s. istifadə etmək məqsədəuyğundur.

 

Bəs gəlin görək, pH səviyyəsi yüksək və ya aşağı olduqda təsərrüfatlarda nə baş verir? Hansı tədbirlər görülməlidir?

 

Torpaqda pH artanda nə baş verir?

 

Yağıntıların az düşdüyü, quraq bölgələr üçün torpağın pH səviyyəsinin yüksək olması xarakterikdir. Qələvi torpaqlar tərkibində yüksək miqdarda kalsium, natrium və maqneziumu ehtiva edir. Yüksək pH səviyyəsi torpaqdakı qidaların bitkilər tərəfindən mənimsənilməsində, torpağın münbitliyində və gübrələmə proqramlarında mühüm rol oynayır. Belə torpaqlar su tutma, infiltrasiya və keçiricilik qabiliyətinin aşağı olması ilə səciyyələnir. 

 

pH səviyyəsi yüksək olan torpaqların aşağı məhsuldarlığa malik olmasının əsas səbəblərindən biri torpaqda fosfor, dəmir, manqan və sink kimi elementlərin hərəkətinin çətinləşməsidir. Belə ərazilərdə pH səviyyəsini aşağı salmaqla məhsuldarlığı yenidən artırmaq, həmçinin torpaq sahəsini effektiv şəkildə bərpa etmək olar. Bu isə torpağın qələvilik strukturundan və səviyyəsindən, suvarma suyunun keyfiyyətindən və miqdarından, torpağın strukturundan və bitki növündən asılı olaraq dəyişir.

 

Torpağın pH səviyyəsini necə azaltmaq olar?

 

Torpağın yüksək pH səviyyəsini azaltmağın ən rahat yolundan biri torpağı üzvi maddələrlə zənginləşdirməkdir. Malç, şam iynələri və s. kimi üzvi maddələr torpağın pH səviyyəsini aşağı salmağa kömək edir. Torpağın pH səviyyəsi həddindən artıq yüksəkdirsə, alüminium sulfat və ya ammonium sulfat kimi kükürd tərkibli turşulaşdırıcı gübrələrin tətbiqi pH səviyyəsini aşağı salmağa kömək edəcəkdir. Tətbiq zamanı kükürdün incə quruluşlu olması və torpağa hərtərəfli qarışdırılması vacibdir. Tətbiqin əkindən əvvəl edilməsi məqsədəuyğundur.

 

Bu üsulları tətbiq etdikdən sonra torpaqda bir neçə həftə əkin işləri aparmaq tövsiyə olunmur. Üzvi maddələrin və gübrələrin torpağa nüfuz etməsi və pH səviyyəsinin nizamlanması üçün zamana ehtiyac vardır. Zamanla bu üsulları tətbiq etmək daha təsirli nəticələr əldə etməyə yardımçı olacaq.

 

Torpaqda turşuluq artarkən nə baş verir?

 

Müasir dövrdə sənaye sahələrinin sürətli inkişafı, kənd təsərrüfat sahələrində düzgün aparılmayan işlər və s. kimi səbəblər torpaq sahələrində turşulaşma səviyyəsinin artmasına gətirib çıxarıb. Belə hallarda bitki torpağa tətbiq olunan gübrələrdən qidalana bilmir. Torpağın qidalanmasını artırmaq üçün nə qədər çox gübrələmə aparılsa, bir o qədər pis nəticələr əldə edilir.

 

Torpağın turşuluğu artdıqda dəmir, alüminium və manqanın həllolma qabiliyyəti artır. Fosfor bu elementlərlə birləşərək həll olunmayan birləşmələr əmələ gətirir. Üzvi maddələri parçalayan, nitrat əmələ gətirən və atmosferdə azotun miqdarını sabit saxlayan bakteriyaların təsiri azalır. Torpağın drenaj və aerasiya qabiliyyəti azalır. Torpaq yağış sularını çətinliklə udur və emalı çətinləşir. Bəzi hallarda verilən fosfor gübrələri torpaqda yığılır və torpağın səthi dizel yanacağı tökülmüş kimi rəngə boyanır.

 

Torpağın pH səviyyəsini necə artırmaq olar?

 

Torpağın pH səviyyəsini artırmaq üçün torpağa kalsium tərkibli azot və fosfor gübrələri və ya birbaşa əhəng tətbiq edilməlidir.

pH səviyyəsini tənzimlədikdən sonra əraziyə kompost gübrəsini əlavə etmək olar. Bu addım torpağın pH səviyyəsinə dərhal təsir göstərməsə də, zaman keçdikcə yaxşılaşmağa və ərazidəki bitkiləri qidalandırıcı maddələrlə təmin edərkən torpağın turşuluq səviyyəsinə nəzarət etməyə kömək edəcəkdir.

 

Torpağın pH səviyyəsinə təsir edən faktorlar 

 

Torpaqda pH səviyyəsi müxtəlif səbəblərdən asılı olaraq dəyişə bilər. 

 

  • Ətraf mühitin çirklənməsi
  • Suvarma suyunun pH-ı
  • İqlim şəraiti
  • Müxtəlif orqanizmlər
  • Geologiya
  • Torpaq növləri və s.

 

Torpağın pH səviyyəsi necə ölçülür?

 

Torpağın pH səviyyəsini ölçmək üçün müvafiq cihazdan istifadə etmək tövsiyə olunur. İlk növbədə torpağı cızmaq və bir az sulamaq lazımdır. Daha sonra pH ölçən cihazı torpağa batıraraq, cihazın ekranında göstərilən nəticəni qeyd edirik. Daha dəqiq nəticəni əldə etmək üçün sahənin bir neçə bölgəsində müvafiq təcrübəni tətbiq etmək lazımdır.

 

Bundan başqa, pH kağızı adlı məhsuldan da istifadə etmək olar. Belə ki, şüşə qaba bir ovuc torpaq və üzərinə bir çay stəkanı su əlavə edirik. Qısa müddətdən sonra pH kağızını suya batırırıq, təxminən 40 saniyə gözləyirik və sonra kağızı çıxarırıq. pH kağızında yuxarıdan aşağıya doğru rəng spektrinin yarandığını görmək olar. Son mərhələdə bu rənglərin izahını anlamaq üçün pH şkalası ilə uyğunlaşdıraraq, ölçmək mümkündür.

 

Bitkilərin yetişməsi üçün optimal ph dəyəri

 

Yuxarıda qeyd etdiyimiz kimi, torpağın pH səviyyəsinin əsasən 6,6-7,3 şkalasında olması məqsədəuyğun hesab olunsa da, hər bir bitkinin özünəməxsus pH səviyyə tələbi də vardır. Aşağıdakı cədvəldən bu barədə məlumatlar yer alır. 

 

Bitki adı

Tələb olunan pH səviyyəsi

Yonca

6.5-7.4

Arpa 

5,3-7,4

Qarğıdalı

6

Buğda

4.1-7.4

Çovdar

4.1-7.4

Şəkər çuğunduru 

6,4-7,4

Noxud

5.3-7.4

Yulaf 

4-7

Kartof

4.1-7.4

Tütün

5,5-6,5

Çay

4,5-6

Günəbaxan

6,5-7,5

Pambıq

6,5-7,5

Pomidor

3,9-4,3

Qarpız

6.1-7

Qovun

5.5-6.5

Soğan

6.1-7

Çiyələk

6

Badımcan

6

Sarımsaq

6

Kahı, ispanaq

6-7

Nanə

5.5-6

Alma

5-6.5

Limon 

6-7.5

Gavalı

6-7.5

Göbələk

6-7.5

Balqabaq

5-7.5

 

Torpaqda pH səviyyəsini tənzimləyən vasitələrin satışı

 

Əziz fermerlər, təsərrüfat sahələrindən bol və keyfiyyətli məhsul yığımı üçün yetişdirdiyiniz bitkilərin düzgün şəraitdə əkilməsinə və qulluq edilməsinə nəzarət etmək, xüsusilə torpağın pH səviyyəsini nəzərə alaraq, əkin işlərini həyata keçirmək vacibdir. Təsərrüfat sahələrinizdə torpağın pH səviyyəsini tənzimləyən torpaq tənzimləyicilərini, gübrələri və digər vasitələri ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin müxtəlif bölgələrimizdə yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. 

 

 

Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qorumabitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon