Belə bir deyim var: “Qışda qoru bağını, yayda bol olsun barı!” Sevdiyimiz həmin tarla və bağ məhsullarının bol və dadlı olması üçün daim onların qayğısına qalmaq vacibdir. Əslində, əkin sahələrində məhsul yetişdirən zəhmətkeş əllər üçün ilin hansı fəslin olmasının önəmi yoxdur. Demək olar ki, bütün aylarda fermerləri kənd təsərrüfatlarında, bağ-bostan sahələrində görmək mümkündür. Çünki, keyfiyyətli və bol məhsuldarlıq üçün hər bir dövrdə torpağın, bitkilərin özünəməxsus qulluq, qida tələbləri var. Ehtiyac olan işlər zamanında həyata keçirildiyi halda həmin mövsümdə də süfrələrimiz, əzizlərimizin, dost-tanışlarımızın süfrəsi, eləcə də, bazar, mağaza piştaxtaları sevdiyimiz həmin dadlarla, məhsullarla bəzənir. Bu dəfəki məqaləmizdə soyuq qış aylarında bağ sahələrində həyata keçirilən işlərdən, yəni meyvə bağlarını və ağacları qışa hazırlamaq işlərindən danışacağıq.

Meyvə bağlarını və ağacları nə üçün qışa hazırlamaq lazımdır?

Soyuq havaların xarakterik olduğu qış mövsümündə bağ sahələrinin qışa hazırlanması bitkilərin, ağacların sağlamlığı və məhsuldarlığı, həmçinin, meyvələrin keyfiyyəti, rəf ömrü və s. kimi cəhətlər baxımdan vacibdir. Sərt keçən havalar, soyuq temperatur, şaxta, qar, qış aylarına məxsus zərərvericilər, xəstəliklər və s. bitkilər üçün bir çox problemlər yarada bilər. Odur ki, meyvə bağlarında zəruri, düzgün qulluq işlərinin həyata keçirilməsi və ümumilikdə növbəti mövsümə hazırlıq prosedurlarına ciddi əməl edilməsi tövsiyə olunur.

Meyvə bağlarını və ağacları nə zaman qışa hazırlamağa başlamaq lazımdır?

Meyvə bağlarını qışa hazırlamaq üçün işlərə bölgədən, bağda yetişdirilən xüsusi ağac növlərindən, yerli iqlim şəraiti və s. kimi amillərdən asılı olaraq fərqli zamanlarda start verilə bilər. Əksər hallarda bir çox bölgələrdə payızın son aylarından etibarən qış hazırlıqlarına başlanılır. Qışa hazırlıq işlərinə başlamazdan əvvəl yarpaqların tökülməsini gözləmək lazımdır. Yarpaqların tökülməsi qış aylarında xəstəliklərin və zərərvericilərin yayılmasının qarşısını alır. Bundan başqa, əgər qarşıdan gələn aylarda şaxta, aşağı dərəcəli temperatur proqnozlaşdırılırsa, meyvə ağaclarını qışa hazırlamaq işlərini tezləşdirmək tövsiyə olunur.

Meyvə bağlarını qışa hazırlamaq üçün hansı işlər həyata keçirilir?

Qış aylarına doğru, eyni zamanda bu mövsümdə bağ sahələrində həyata keçirilməli olan işlər bitkilərin sağlam inkişafı, məhsuldarlığı, xəstəliklərə qarşı davamlı olması üçün böyük əhəmiyyətə malikdir. Gəlin, müvafiq mərhələlər ilə yaxından tanış olaq.

Bağ ərazisinin təmizlənməsi

Bağ sahələrində yarana biləcək xəstəliklərin, həmçinin, bəzi heyvanların bitkilərə verə biləcəyi zərərlərin qarşısını almaq üçün ətrafa düşmüş yarpaqları və zibilləri təmizləmək vacibdir. Eyni zamanda ərazidə alaq otlarının aradan qaldırılması işləri də həyata keçirilməlidir. 

Gec yetişən, ağaclarda qalan meyvələrin toplanması

Bağlarda qışa hazırlıq dövrünə keçid edərkən fermerlər meyvə ağaclarında qalan, yaxud gec yetişən meyvələrin yığımını başa çatdırmalıdır. Bu, ağaclarda sonradan meydana gələcək xəstəliklərin və zərərvericilərin qarşısını almaq baxımdan önəmlidir. 

Torpağa qulluq

Bağ sahibləri qış aylarına doğru hazırlıq mərhələsində növbəti mövsüm üçün torpaq sahəsinin ehtiyac olan qida maddələri ilə, həmçinin, zərərvericilərdən və xəstəliklərdən qorunması üçün mühafizə vasitələri ilə təmin olunmasına diqqət yetirməlidir. 

Suvarma işlərinin həyata keçirilməsi

Qış aylarına doğru getdikcə bitkilər üçün bu zaman aralığı hərəkətsiz  dövr hesab olunsa da, ancaq bağ sahələrində suvarma sisteminin düzgün təşkili də vacib nüanslardandır. Ehtiyac olduğu qədər su ilə təmin olunan ağaclar qış stresinə tab gətirmək baxımdan da güclənir. Bu daha çox xüsusilə qışı quraq keçən, kifayət qədər yağıntı olmayan bölgələr üçün xarakterikdir. Ümumiyyətlə qış aylarında suvarma ilə bağlı hər hansı qərar verməzdən əvvəl yerli iqlim şəraitini, bağdakı bitkilərin xüsusi ehtiyaclarını və hər hansı yerli su mənbələrindən istifadəni nəzərə almaq tövsiyə olunur. Torpağın rütubət səviyyəsini yaxından izləmək və suvarma sistemini buna uyğun tənzimləmək məqsədəuyğundur.

Qış örtüyü bitkiləri əkmək

Torpağı qorumaq, eroziyanı azaltmaq və torpağın münbitliyini intensivləşdirmək üçün qış aylarında bağ sahələrində örtük bitkilərinin əkini həyata keçirilməsi məqsədəuyğundur. Örtük bitkiləri olaraq yonca, yulaf, çovdar və s.-dən istifadə oluna bilər.

Yeni meyvə ağacı fidanlarının əkilməsi

Payızda meyvə tinglərinin əkilməsi ağac köklərinin daha sürətli böyüməsi üçün ən münasib zaman hesab olunur. Belə ki, fidanların köklərinin daha sürətli inkişafı ağacların daha güclü və sağlam böyüməsini təmin edir. Ümumiyyətlə, payız fəsli bağınızı növbəti mövsümə hazırlamaq və yüksək keyfiyyətli məhsul əldə etmək üçün ən ideal dövrdür. Bu dövrdə ərik, albalı, alma, armud, şaftalı, gavalı, nar və s. kimi meyvə ağaclarının fidanlarının əkilməsi həyata keçirilir. 

Meyvə ağaclarını qışa hazırlamaq üçün bağlarda hansı işlər həyata keçirilməlidir?

Bağlarda qışa hazırlıq mərhələsi əsasən ağacları hərəkətsiz dövrə sağlam şəkildə keçid etməsini təmin etmək, şaxtalı havalardan qorumaq baxımından işlərin həyata keçirilməsi məqsədi daşıyır. Eyni zamanda, zərərvericilərə, xəstəliklərə, bəzi heyvanların (məsələn, gəmiricilərin) təsirlərinə və s. kimi amillərə qarşı mühafizə rolunu da oynayır. Sözügedən prosedurların, həmçinin, digər fəaliyyət planlarının bitkiləri üçün son dərəcə vacibliyini nəzərə alaraq, bağ sahələrində qışa hazırlıq mərhələlərini və tətbiq formalarını təqdim edirik.

Budama

Demək olar ki, payız aylarından başlayaraq, ağaclarda zədəli, qurumuş və ya başqa səbəblərdən aradan qaldırılması ehtiyac olan hissələrin budama işlərinə başlanılır. Müvafiq prosedur xəstəliklərin yayılmasının qarşısını almaq və ağacın ümumi sağlamlığını təmin etmək üçün vacibdir. Eyni zamanda budama işləri bitkilərdə hava sirkulyasiyasını (axınını) və günəş işığının nüfuzunu yaxşılaşdırmaq, meyvələrin sağlam yetişməsini təmin etmək cəhətdən effektivdir. Hər bir meyvə ağacının budanma forması fərqlidir. Buna ciddi nəzarət etmək lazımdır. Eyni zamanda mülayim qışı olan regionlarda meyvə ağaclarının qış yuxusuna getməsindən sonrakı dövr budama üçün ən uyğun vaxtdır. Çünki bu dövrdə ağaclarda yarpaq olmadığı üçün təmizlənəcək budaqları, hissələri asanlıqla seçmək mümkündür. Ancaq qışı sərt keçən yerlərdə şiddətli şaxtalardan əvvəl budama işləri aparmaq tövsiyə edilmir. Şaxtalı dövr keçdikdən sonra budama icra oluna bilər. 

Gübrələmə mərhələsi

Qış aylarında meyvə ağacları nisbətən hərəkətsiz dövrə keçid etsə də, bu, onların qida ehtiyaclarının qarşılanmasına maneə yaratmır. Əksinə, məhz, bu dövrlərdə meyvə ağaclarının qida tələbləri daha yüksək olur. Meyvə ağaclarının ehtiyac olan gübrələrlə təmin olunması bitkinin inkişafını sürətləndirir, xəstəliklərə, ziyanvericilərə, soyuq hava şəraitinə dayanıqlılığını artırır. Odur ki, öncədən aparılmış torpaq analizinə əsasən, bitkinin qida tələblərinə və torpağın pH səviyyəsinə uyğun müvafiq bitki bəsləmə (gübrə) vasitələrinin tətbiqi məqsədəuyğundur. Burada torpaq analizini xüsusi vurğulanmasında məqsəd odur ki, adətən mütəxəssis rəyi, analiz nəticələri olmadan bitkilər üçün həddindən artıq gübrələrin, eyni zamanda, uyğun olmayan vasitələrin tətbiqi əks nəticələr göstərə bilir. Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı istehsal vasitələri bazarında uğurla təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsi fermerlər üçün ödənişsiz aqronom dəstəyi layihəsini həyata keçirir. 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq müvafiq xidmətdən yararlanmaq mümkündür.

Meyvə ağaclarını soyuq havalardan, şaxtadan qorumaq

Soyuq qış aylarına məxsus bir o qədər də isti olmayan günəş şüaları gün ərzində ağac gövdələrini qızdırır. Artıq axşam saatlarına doğru getdikcə isə temperaturun aşağı düşməsi nəticəsində bu gövdələrin qırılması, parçalanması kimi risklər meydana çıxır. Buna səbəb isə, kifayət qədər vaxtın olmaması fonunda bitkilərin temperaturun aşağı düşməsinə uyğunlaşmaqda çətinlik çəkməsidir. Ağacları şaxtanın təsirlərindən qorumaq üçün aktiv və passiv üsullar mövcuddur. Bundan başqa ağac fidanlarını şaxtadan qorumaq üçün mühafizə torbaları, ağac sarğıları, plastik qoruyucular və s. kimi ənənəvi üsulları da tətbiq etmək olar. 

Meyvə ağacları hansı temperaturda donur?

Meyvələrə zərər verəcək soyuq hava temperaturunun dərəcəsi ağac növündən asılı olaraq dəyişir. Məsələn, banan bitkisi üçün temperaturun 0 dərəcəyə düşməsi zərərlidir. Yaxud da, portağal üçün müvafiq dərəcə -5, əncir və zeytun üçün -8 dərəcə və s. kimidir.

Ağacları şaxtadan qorumaq üçün hansı işlər passiv şəkildə həyata keçirilə bilər?

  • İqlimə uyğun qərar vermək: İqlim şəraiti şaxtalı, aşağı temperaturlu havalarla təmsil olunan rayonlardan kənd təsərrüfatı sahəsi kimi istifadə edilməməlidir.

 

  • Əkin sahəsi: Bitkilərin hava axını üçün uyğun bir ərazidə əkilməsi vacibdir.

 

  • Bitki seçimi: Şaxtaya davamlı bitki növlərinə üstünlük verilməsi məqsədəuyğundur.

Ağacları şaxtadan qorumaq üçün hansı işlər aktiv şəkildə həyata keçirilir?

  1. Havanın qarışdırılma prosesi: Bitki ətrafında hava axını yuxarı və aşağı təbəqələrdə müxtəlif cihazlar vasitəsi ilə qarışdırılır.

 

  1. İsti temperatur şəraitinin yaradılması: İsti hava itkisinin qarşısını almaq üçün ocaqlardan istifadə edilir.

 

  1. Torpağın becərilməsi: Torpağın nəm səviyyəsinin normada saxlanılması, alaq otlarının təmizlənməsi üzrə işlər icra olunur.

 

  1. Çiçəklənmənin gecikdirilməsi: Müvafiq prosedurlar arasında çiçəklənmənin gecikdirilməsinin də özünəməxsus yeri var. Bunun üçün ağacın dibi 1 metr diametrdə açılaraq, qar qəlibləri əlavə olunur.

Meyvə ağaclarını şaxtadan qorumaq üçün dərmanlama aparılmalıdır?

Ağacları dondan qorumaq üçün müxtəlif növ bitki mühafizə vasitələrindən antifriz məhlullardan istifadə etmək mümkündür. Müvafiq dərmanlama işləri adətən temperatur dərəcəsinin aşağıya düşməsindən 24-48 saat əvvəl tətbiq olunmalıdır. Sözügedən bitki mühafizə vasitələrinin meyvələrin çiçəkləmə dövründə istifadə edilməsi tövsiyə olunmur.

Meyvə ağaclarının köklərini qorumaq

Zədələnmiş budaqları, ağac hissələrini aradan qaldıraraq, bitkinin inkişafını stimullaşdırmaq mümkün olsa da, köklər üçün eyni situasiyanın keçərli olduğunu söyləmək olmaz. Çünki, kök sistemi məhv olduğu təqdirdə bitkinin inkişafı tamamilə dayanır. Bu səbəbdən də, soyuq havalarda bitkilərin, xüsusilə növbəti mövsümdə məhsul yığılacaq meyvə ağaclarının kökləri örtülərək həm şaxtanın, həm də digər zərərvericilərin təsirlərindən qorunmalıdır. Bağ sahələrində meyvə ağaclarının köklərini qorumaq üçün malçdan yəni saman örtüyündən geniş istifadə olunur. 

 

Dənli bitkilərin sapı və samanı, ağacların yarpaqları, yonqar və qabıqları, budama qalıqları, kağız qalıqları, daş və çınqıllar, müxtəlif rənglərdə polietilen tipli plastik örtüklər və s. malç materialı olaraq istifadə edilə bilər. Malç tətbiqi payızın sonunda, qışda və erkən yazda temperaturun düşdüyü zaman kökləri qoruyan izolyasiya materialı kimi effektiv təsirə malikdir. Vegetasiya dövründə malç qalınlığının 2,5 - 5 sm-dən çox olması tövsiyə edilmədiyi halda, qış aylarında qalınlıq səviyyəsi bir qədər çox olmalıdır. Malç örtüyü, həmçinin, bitkinin inkişafına mane olan alaq otlarının çıxmasının, müxtəlif xəstəliklərin yayılmasının, bəzi gəmirici heyvanların bitkini məhv etməsinin qarşısını alır. Unutmaq olmaz ki, qış aylarının özünəməxsus malç növləri vardır ki, aqronomlar məhz onların tətbiqinin son dərəcə effektiv olduğunu qeyd edir. 

Qışda meyvə ağaclarını soyuqdan qorunmaq üçün hansı malç növləri effektivdir?

  • Yarpaqlar, peyin (Düzgün şəkildə və normaya uyğun tətbiqi tövsiyə olunur. Əks halda qatılaşa və dona bilər)
  • Yonqar
  • Şam ağacının iynələri
  • Ağac qabıqları
  • Həmişəyaşıl ağacların budaqları
  • Saman

Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə

Meyvə bağlarını qışa hazırlamaq işlərinə start verərkən diqqətdə saxlanılmalı olan vacib məqamlardan biri də, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə üsullarıdır. Bu məsələ növbəti mövsümdə bitkinin inkişafı, böyüməsi, bar verməsi, meyvəsinin keyfiyyətli və bol olması cəhətdən önəmlidir. Odur ki, mütəxəssislər meyvə bağlarında ağacları, bitkiləri yaxından müşahidə edib, müxtəlif xəstəliklərin qarşısını alaraq, həmçinin, ziyanlı həşəratları və alaq otlarını məhv etmək üçün təyinatı üzrə pestisid, funqisid, herbisid və s. kimi ehtiyac olan bitki qoruma vasitələrinin tətbiqini tövsiyə edir. Eyni zamanda, unutmaq olmaz ki, istənilən növ bitki qoruma və ya bitki bəsləmə vasitələrinin tətbiqindən öncə torpaq analizinin aparılması mütləqdir. Bu halda tətbiq olunacaq qoruma və bəsləmə vasitələrinin norması, səviyyəsi, növü və s. asanlıqla müəyyən edilir ki, müvafiq məhsulların bitkilərə, torpağa da zərər verməsinin qarşısını almaq mümkündür. Necə deyərlər, “Bir inci saflığı varsa da su da, artıq içiləndə dərd verir o da”. Torpağın, bitkinin tələblərinə uyğun yüksək keyfiyyətli və rəsmi sertifikata malik bitki qoruma vasitələrini əldə etmək üçün gubre.az-ın Azərbaycanın müxtəlif bölgələrindəki 200-dən çox satış mərkəzinə və yaxud 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq, müraciət edə bilərsiniz.

 

Son olaraq qeyd edək ki, yuxarıda sadalananlarla yanaşı, bağlarda qışa hazırlıq dönəmində meyvə ağaclarının özünəməxsus xüsusi tələbləri də, ola bilər ki, bu meyvə ağaclarının növündən, yerli iqlim şəraitindən və digər amillərdən asılı olaraq dəyişə bilər. Bunu nəzərə alaraq müvafiq tədbirlər planlarını həyata keçirmək növbəti mövsüm üçün məhsuldarlığı və keyfiyyəti yüksəldəcək.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon