Ərzaq təhlükəsizliyinin təmin edilməsi, həmçinin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi kənd təsərrüfatı sahəsində vacib istiqamətlərdir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan yeni dəstək tədbirləri həyata keçirilir.

Hazırda kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılığın inkişafı üçün əkin subsidiyası verilir və texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Eləcə də, işğaldan azad olunmuş torpaqlarda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması planı yeni prioritetlərin qoyulmasına zəmin yaradır.

Bu günlərdə isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanı respublikamızda ərzaqlıq buğda təminatını daha da stimullaşdıracaq.

Fərmanda qeyd olunur:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qlobal ərzaq bazarında baş verən proseslər nəzərə alınmaqla mövcud resursları səfərbər etməyə imkan verən yeni tənzimləmə mexanizmlərinin yaradılması hesabına ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə qərara alıram:

İlkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra – tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq edilsin.”

Beləliklə, yeni qəbul olunmuş qaydalara və stimullaşdırıcı tədbirlərə əsasən dünyadakı ərzaq qıtlığı fonunda yerli istehsalın artırılmasında önəmli addımlar atılmaqdadır. Eyni zamanada işğaldan azad edilmiş ərazilərdə yeni təsərrüfat sahələrinin qurulması respublikamızda ərzaqla özünütəminatın stimullaşdırılmasına öz töhvəsini verəcək.
© 2020 - 2022 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az