Toxum seçimi taxıl becərilməsində ən önəmli mərhələlərdən biridir. Yüksək məhsul götürmək üçün bitkilərin yaxşı inkişaf etdirilməsinə səbəb toxumluq materialın keyfiyyətli olmasıdır. Yaxşı məhsul götürmək üçün mütləq səpin aparılan rayonun iqlim şəraitinə uyğun olan toxum əkilməlidir.

Hər il yüksək məhsul götürən qabaqcıl təsərrüfatların təcrübəsinə baxaq. Həmişə yüksək məhsul götürməyə səbəb kimi aşağıdakı nüansları qeyd etmək olar:

  • Toxumun düzgün seçilməsi;
  • Toxumun təmizliyi;
  • Cücərdilmə qabiliyyətinin yüksək olması.

toxum seçimi

Məsələn, Beyləqan rayonunun torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış toxumların səpilməsi nəticəsində yığılan məhsul bu rayonun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşdırılmayan və keyfiyyəti aşağı olan toxumların məhsulundan 20-30 faiz və daha çox artıq olur. Buna görə də hər bir təsərrüfat rəhbəri səpin aparmadan qabaq sortun düzgün seçilməsini təmin etməlidir.

Əgər sort suvarma şəraitində əkiləcəksə, sortun boyu 90-100 sm, suvarılmayan dəmyə şəraitində əkiləcəksə, 110-120 sm olmalıdır.

Bitkinin bir il ərzində yaxşı inkişaf etdirilməsi üçün səpin üsulu düzgün seçilməli, əkin sahələri müşahidə olunan alaqlara qarşı vaxtında dərmanlanmalıdır. Çünki bu işlər gələcəkdə yaxşı məhsulun alınması üçün xüsusi əhəmiyyətə malikdir.

Toxuma olan tələbat

toxuma olan tələbat

Məhsuldarlığı və ümumi məhsul istehsalını artırmaq üçün mütləq, ilk növbədə, məhsuldar sortlar əkmək lazımdır. Bunun üçün standartlara cavab verən toxumlardan istifadə olunmalıdır.

Torpaq-iqlim şəraitinə uyğun olmayan toxumlarla səpin aparıldıqda həmin sahəyə nə qədər yüksək aqrotexniki qulluq göstərsən də, yenə də məhsuldarlıq aşağı olacaqdır.

Cücərmə enerjisi və cücərmə qabiliyyəti aşağı olan toxumların cücərdilməsi və inkişafı da çox zəif olur.

  Taxıl becərilməsinin 6 önəmli mərhələsi haqda oxumaq üçün keçidə daxil olun.

Əkin sahəsində bütün əlverişli şərait yaradılmasına baxmayaraq, yüksək məhsul almaq toxumun repreduksiyasından (cavan, yaxud qoca olmasından) daha çox asılıdır. Cavan olmayan və keyfiyyəti aşağı olan toxumdan yüksək məhsul almaq mümkün deyil.

Əgər toxumlar alaq otları və digər qarışıqlardan təmizlənməyibsə, səpindən sonra çıxan alaq otları bitkinin normal inkişaf etməsini ləngidəcəkdir. Bu səbəbdən yalnız sertfikatlı toxumdan istifadə olunmalıdır.

Toxumların keyfiyyət göstəriciləri

toxumların keyfiyyət göstəriciləri

Keyfiyyətli toxum dedikdə aşağıdakı nüanslar başa düşülür:

  • Təmizlənmiş olması;
  • Bərabərləşdirilmiş, tamçəkili olması;
  • Cücərmə qabiliyyəti və cücərmə enerjisi yaxşı;
  • Ziyanvericilərə və xəstəliklərə yoluxmamış olması.

Bu tələblərə cavab verən toxumlara kondision, yəni səpinə yararlı toxum deyilir.

Toxumların səpin keyfiyyətinə görə sinifləri

  1. Birinci sinif yumşaq buğda toxumlarının hər kiloqramında ən çox 5 dənə alaq toxumu olmasına yol verilir. Cücərmə qabiliyyəti 95 faizdən aşağı olmamalıdır;
  2. İkinci sinifdə hər kiloqram toxumda 25 alaq toxumu olmasına yol verilir. Cücərmə qabiliyyəti azı 90 faiz olmalıdır;
  3. Üçüncü sinif toxumların bir kiloqramında 50 alaq toxumu olmasına yol verilir və cücərmə qabiliyyəti azı 90 faiz olmalıdır.

Dənli bitkilərin səpin müddəti və səpin normaları haqda buradan ətraflı oxuya bilərsiniz

Toxumların cücərmə qabiliyyəti

Toxumların səpin üçün yararlılıq keyfiyyətini göstərən mühüm göstəricilərdən biri cücərmə qabiliyyətidir. Məsələn, cücərdilmək üçün götürülmüş 100 ədəd toxumdan 85-i cücəribsə, demək cücərmə qabiliyyəti 85 faizdir. Buna əsasən toxumların səpin üçün yararlılığı təyin edilir və səpin norması müəyyənləşdirilir.

Toxumların eyni ölçülü və bərabər olması

toxumların eyniölçülü olması

Eyni ölçülü və bərabər toxum cücərtilərin bir vaxtda çıxması, sonradan onların bərabər inkişaf etməsi və bir vaxtda yetişməsini təyin edir. Toxumlar bərabər olmayanda dənli bitkilərin sünbülündə boya və ölçücə bərabər olmayan toxumlar əmələ gəlir.

Toxumlar sünbülün orta hissəsində iri, üst və alt hissəsində xırda olur. Döyəndə (təmizləyəndə) müxtəlif cür dənlər alınır və səpiləndə cücərtilər bir vaxtda çıxmır, keyfiyyətcə müxtəlif cücərtilər alınır.

Buna görə də toxum materiallarını həm alaqların toxumları, həm də başqa qarışıqlardan təmizləmək, hətta onu diqqətlə seçib bərabər toxumları götürmək lazımdır. Bərabərləşdirilmiş, yəni hamısı eyni olan toxumların səpilməsi daha yüksək məhsul verir.

Xəstəlik və ziyanvericilərə yoluxmamış toxum

Toxumlar sağlam, yəni xəstəlik və ziyanvericilərlə yoluxmamış olmalıdır. Toxumları dərmanlamaq və düzgün saxlamaq lazımdır. Əgər toxumlar xəstəliklərə yoluxmuş və ziyanvericilərlə zədələnmiş olsa, onda əkinlərə böyük ziyan vuracaq və məhsul çox az olacaqdır.

Toxumun tərkibində olan rütubətin çox olması da əkin materialına böyük ziyan vurur. Toxumun rütubətliliyi 14-15 faizdən artıq olmamalıdır. Rütubətlilik toxumun tərkibində normadan çox olarsa, toxum tənəffüs prosesində öz-özünə qızışır və cücərdilmə qabiliyyətini itirir. Nəticədə anbar gənəsi onları asan zədələyir, səpin üçün və həm də ərzaq üçün yararsız hala düşür.

Toxumların dərmanlanması

toxumların dərmanlanması

Müxtəlif qarışıqlardan təmizlənmiş və seçilərək bərabərləşdirilmiş toxumları səpməzdən əvvəl kənd təsərrüfatı bitkiləri üçün qorxulu olan xəstəliklərə qarşı dərmanlayırlar.

Bunlardan ən qorxulusu olan sürmə xəstəliyi məhsuldarlığı ən azı 20 faiz aşağı salır. Sürmənin bir neçə növü vardır ki, onlardan da ən çox yayılanı bərk və toz sürmədir. Bitkilər bərk sürmə toxumlar vasitəsilə yoluxur.

Toz sürməyə isə taxıllar çiçək açanda yoluxur, bu zaman sürmə sporları xəstə sünbüllərdən sağlam bitkilərin çiçəklərinə düşür və bitkini yoluxdurur.

Sürmə xəstəliyinin növündən asılı olaraq dərmanlama yaş, quru və yarımquru üsullarla aparılır.

Toxum sortunun seçilməsi

toxum sortunun seçilməsi

Yüksək keyfiyyətli bərk və yumşaq buğda istehsalını artırmaq üçün regionların torpaq-iqlim şəraitində yüksək keyfiyyətli məhsulvermə qabiliyyətinə malik olan sortlar seçilməli və onların əkin sahəsi genişləndirilməlidir.

Torpağın səpinqabağı becərilməsi haqda oxumaq üçün keçidə daxil olun.

Respublikamızda taxıllar, əsasən, iki cür torpaq-iqlim şəraiti, suvarma və dəmyədə becərilir. Yumşaq buğdalar bərk buğdalara nisbətən ekoloji cəhətdən daha dözümlü olduğundan demək olar ki, respublikamızın bütün regionlarında həm dəmyə, həm də suvarma şəraitində əkilib becərilir.

Bərk buğdalar istisevən bitki olub isti iqlimli düzən və dağətəyi regionlarda becərilir. O cümlədən, suvarılmayan, yağışın hesabına nəmliklə az təmin olunan regionlarda daha çox əkilir.

Məhsuldarlığın aşağı olmasının digər səbəbləri

Respublikamızın az yağış yağan quraq dəmyə bölgələrində payızlıq taxılların məhsuldarlığını azaldan əsas şərt yağışların az yağmasıdır. Ona görə də bu regionlarda quraqlığa davamlı olan sortlar seçilib əkilməlidir.

Payızlıq bərk buğdalar bu zonalarda vaxtında əkilməlidir ki, bitki payız, qış və yaz yağışlarından istifadə edə bilsin. Çünki bu zonalarda suvarma suyu olmadığı üçün taxıl sahələrini suvarmaq mümkün olmur.

Taxılın səpindən sonra suvarılması haqda ətraflı oxuyun

Hər bir bölgənin torpaq-iqlim şəraiti nəzərə alınmaqla əkin üçün sortların düzgün seçilməsi gələcəkdə yaxşı məhsul alınmasının əsasını təşkil edir. Buna görə də əkiləcək sortlar düzgün seçilməlidir.

© 2020 - 2022 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az