Mineral gübrələr təsərrüfatlarda məhsul yetişdirilməsini stimullaşdıraraq, kənd təsərrüfatı sektorunun inkişafında mühüm rol oynayır. Odur ki, təsərrüfat sahibləri sahələrdə məhsuldarlığı optimallaşdırmaq və torpağın sağlamlığını qorumaq üçün mineral gübrələrin faydalarını, növlərini və düzgün istifadəsinə yaxından bələd olmalıdır. 

 

Mineral Gübrə Nədir?

 

Tərkibində bitkilərin inkişafını və məhsuldarlığını artıran zəruri qida elementlərini birləşdirən duzlar mineral gübrələr adlanır. Mineral gübrələr fosfat süxurlarından alınan təbii mineralların kalium, ammonyak və azotla zənginləşdirilərək qranula çevrilməsi sayəsində əldə olunur. 

 

Mineral Gübrələrin Faydaları

 

Mineral gübrələr növünə, istifadə yerinə və digər funksiyalarına görə müxtəlif faydalar təmin edir.

 

Bitkilər üçün qida mənbəyidir

 

Mineral gübrələr bitkiləri azot, fosfor, kalium, kalsium, maqnezium, kükürd, dəmir, manqan, sink, mis, molibden, bor, xlor kimi makro və mikroelemntlərlə təmin edir.

 

Məhsuldarlığı stimullaşdırır

 

Mineral gübrələr təsərürüfatlarda məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır. Məsələn, azot vegetativ inkişafı, fosfor kök inkişafı və çiçəkləməni, kalium xəstəliklərə qarşı müqaviməti təmin edir.

 

Keyfiyyəti yüksəldir

 

Mineral gübrələr tərkibinin zənginliyi sayəsində bitkiləri zəruri olan qida maddələri ilə təmin edir. Nəticədə düzgün qidalanma proqramı sayəsində sahələrdən bol və qida maddələri ilə zənginləşdirilmiş keyfiyyətli məhsul yığımı əldə olunur.

 

Mineral Gübrələrin Növləri

 

Tərkibində yer alan maddələrə görə mineral gübrələr sadə və mürəkkəb növlərə ayrılır. 

 

Sadə mineral gübrələr 

 

Tərkibində azot, fosfor və kalium kimi qida maddələrindən birini ehtiva edən gübrələr sadə mineral gübrələr adlanır.

 

Azot tərkibli sadə mineral gübrələr arasında aşağıdakı növlərdən geniş şəkildə istifadə olunur.

 

Gübrə adı

Tərkibi - Azot faizi

Haqqında

Ammonium şorası

34-35% Ammonyak və Nitrat formasında azot 

Dənəvər şəkillidir. Suda yaxşı həll olur. Yaz aylarında tətbiqi məqsədəuyğundur

Ammonium-sulfat

 20,5-21 % azot

Ağ, bəzən bozumtul kristallik toz şəkillidir. Suda yaxşı həll olur. Turş mühitli torpaqlardan başqa, bütün torpaqlarda, хüsusilə karbonatlı torpaqlarda tətbiq olunur.

Sidik cövhəri

46% azot

Yüksək konsentrasiyalı, ağ kristal maddədir. İl ərzində bütün torpaqlara tətbiq edilə bilər. 

Ammonyaklı su

Ammonyakın 20-25%-li sulu məhlulu

Rəngsiz, yaхud sarıya çalan kəskin naşatır spirti iyi verən mayedir. Хüsusi traktor çiləyiciləri ilə çizelləmə, yaхud kultivasiya qabağı tətbiq olunur.

 

Fosfor tərkibli sadə mineral gübrələr arasında aşağıdakı növlərdən geniş şəkildə istifadə olunur.

 

Gübrə adı

Tərkibi - Fosfor faizi

Haqqında

Adi superfosfat

14-20% fosfor turşusu

Toz və dənəvərləşmiş şəkildə olan bu gübrə növü bütün torpaqlarda, o cümlədən əhəngli torpaqlarda tətbiq olunur. Karbonatlı torpaqlara yazda, qumlu və az karbonatlı torpaqlara isə payızda verilir.

İkiqat superfosfat 

45-50% fosfor turşusu 

Suda asanlıqla həll ola bilməməsinə görə, istifadə zamanı toz halında olan superfosfatı dənəvərləşdirmək lazımdır. 

Fosforit unu

 

Fosforit unu turş podzollu və torflu, boz-meşə və yuyulmuş qara, həmçinin qırmızı torpaqlara tətbiq olunur.

Tomasşlak 

14% fosfor turşusu

Bütün torpaq növlərində istifadəsi əlçatan olsa da, səmərəlilik dərəcəsi fərqlidir. Fizioloji turş azot gübrələri ilə birlikdə verilməsi məqsədəuyğundur. 

 

Kalium tərkibli sadə mineral gübrələr arasında aşağıdakı növlərdən geniş şəkildə istifadə olunur.

 

Gübrə adı

Tərkibi - Kalium faizi

Haqqında

Kalium xlorid

Kalium - 52-60%

Ağ, yaхud boz rəngli хırda kristal duz şəklindədir. Kalium-хlorid şoran torpaqlardan başqa, bütün torpaqlarda istifadə edilə bilər.  

Kalium sulfat 

Kalium - 50% 

Kristal duzdur. Tərkibində хlor olmadığına görə bitkilərə müsbət təsir göstərir. Bütün torpaqlara tətbiq olunur.

Kalium duzu 

Kalium oksid - 41-44%

Zəif kül rəngli, хırda kristal duz olub, hiqrosqopikdir, suda yaхşı həll olunur.

Kalium maqnezium sulfat 

Kalium - 20-21%

Maqnezium - 16-18% 

kristal, hiqroskopik, yapışmayan duzdur. Tərkibində 20-21% kalium və 16-18% maqnezium var. Maqnezium çatışmayan torpaqlar əsas götürülməklə, bütün torpaqlarda tətbiq edilir.

Kül

K2CO3 duzu 

Şum altına və ya səpinlə birgə tətbiqi önəmlidir. Tərkibində əhəng ilə potaş bir yerdə olduğu üçün torpağın strukturunu pisləşdirmir.

 

Mürəkkəb mineral gübrələr 

 

Tərkibində bitkilər üçün zəruri olan iki və ya üç qida maddəsinin yer aldığı kimyəvi birləşmələri ehtiva edən gübrələr mürəkkəb mineral gübrələr adlanır.

 

Mürəkkəb mineral gübrələrin aşağıdakı növlərindən geniş şəkildə istifadə olunur.

 

Gübrə adı

Tərkibi

Haqqında

Ammonium hidrofosfat

Azot - 11-12%

P2O5 - 46-60% 

Bütün bitki növlərinə və torpaq tiplərinə tətbiq olunur. Payızda əsas şum altına tətbiqi məqsədəuyğundur. 

Kalium ammonium fosfat

Azot - 5%

Fosfor -  50%

Kalium - 22-23% 

Torpağa tətbiqi zamanı sadə azotlu, yaxud kaliumlu gübrədən istifadə tövsiyə olunur.

Ammonyaklaşdırılmış superfosfat 

 

Ammonyakın adi superfosfatla doydurulması ilə əldə olunur. Tətbiqi zamanı tərkibində azotun az olması səbəbindən sadə azotlu gübrələr ilə qarışdırılır.

Borlu superfosfat

Bor - 1%

Superfosfatın istehsalı prosesində bormaqnezium qarışığı (tərkibinə borat turşusu və maqnezium sulfat daxildir) və ya borlu datolit mineralı əlavə etməklə əldə edilir.

Nitrofoska

Azot - 12,3-17,5% P2O5 - 6,8-18,7% K2O - 13-18,2%

Suda həll olarkən fosfor birləşməsi şəklində çöküntü əmələ gətirir. Bitkilərə təsirediciliyi bəzən zəif olduğu üçün əsasən əsas hazırlamalarda, bəzən isə əlavə yemləmələrdə istifadə olunur.

 

Mineral Gübrələrin İstifadə Qaydası

 

Mineral gübrələr payız və yazda şum altına (əsas gübrələr), səpinlə birlikdə (səpin gübrələri) və vegetasiya dövründə (bitkini qidalandıran) tətbiq olunur. Gübrələrin tətbqiindən öncə torpaq analizinin aparılması, ehtiyaca uyğun normada və zamanda gübrənin tətbiqi tövsiyə olunur.

 

Əsas gübrələmə necə həyata keçirilir?

 

Əsas gübrələr səpindən əvvəl dərin şum altına verilir. Tətbiq zamanı olaraq payız və yaz ayları məqsədəuyğun hesab olunur. Əsas gübrələmə proqramında məqsəd bitkilərin müxtəlif inkişaf dövrlərində zəruri qida elemetləri ilə təmin olunmasıdır. Gübrə dərin qatlara tətbiq olunduğu üçün bitki vegetativ inkişaf mərhələlərində gübrədən asanlıqla yararlana bilir. Peyin, fosfor və kalium gübrələrinin illik normasının yarıdan çox hissəsinin dondurma şumu altına, qalan hissəsinin vegetasiya dövründə əlavə gübrələmədə, xüsusilə yemləmə şəklində, azot gübrələrinin isə yazda verilməsi məqsədəuyğundur. Gübrələrin torpağa verilmə dərinliyi uducu köklərin əsas kütləsinin yerləşdiyi qata uyğun gəlməlidir. Gübrələr şum dərinliyə uyğun olaraq torpağa verilir. Qida maddələrindən kasıb olan torpaqlarda şum zamanı verilən gübrələrin dozası bir qədər artırılır. Digər vacib məqamlardan biri isə sadə mineral gübrələrdən hazırlanan qarışıqlarının tətbiqidir. Qarışıq mineral gübrələr torpağa tətbiq zamanı qənaət edilməsinə, həmçinin müvafiq gübrələrin fiziki xassələrinin yaxşılaşmasına səbəb olur. 

 

Əlavə gübrələmə necə həyata keçirilir?

 

Əlavə gübrələmə səpin vaxtı və səpindən sonra həyata keçirilir. Əsas gübrələmədən sonra ümumi gübrə normasının qalan hissəsi əlavə gübrələmə ilə tətbiq olunur. Əlavə gübrələmə səpinlə birlikdə və vegetasiya dövründə yemləmə şəkilində bitkiləri kökdən qidalandırmaqla, həmçinin kökdən kənar bitki üzərinə çiləməklə aparılır. Əlavə gübrələmə səpin vaxtı və səpindən sonra aparılır. Əsas gübrələmədən sonra ümumi gübrə normasının qalan hissəsi əlavə gübrələmə ilə verilir. Əlavə gübrələmə səpinlə birlikdə və vegetasiya dövründə yemləmə şəkilində bitkiləri kökdən qidalandırmaqla, həmçinin kökdən kənar bitki üzərinə çiləməklə aparılır. 

 

Suvarılan zonada əlavə yemləmə zamanı gübrə quru halda, bərabər miqdarda suvarma şırımlarına tökülür. Suvarmadan sonra nəmliyi saхlamaq üçün şırımların üstü örtülür. Kökdən əlavə yemləmə şəklində mikro gübrələrdən də istifadə edilir. Əksər bitkilər üçün əlavə kökdən yemləmədə mikrogübrələrdən bor (4-6 kq/ha bor turşusu), manqan (1-2 kq/ha manqan-sulfat) və sink (2-3 kq/ha sink-sulfat) istifadə olunur. Kökdənkənar yemləmə-yarpaqlara qida maddələrindən hazırlanmış məhlulun çilənməsindən ibarətdir. Yarpaqların tez qurumaması üçün çiləmə səhərlər və ya axşama yaxın, gün batandan sonra aparılır. Kökdənkənar əlavə yemləmələrdə əsas gübrələrin sulu məhlulundan istifadə edilir. Bunun üçün azotlu (ammonium-sulfatın 0,2-0,5%-li məhlulu, yaхud ammoniumşorasının 0,3%-li məhlulu), fosforlu (superfosfatın 5-7%-li məhlulu) və kaliumlu (kalium-хloridin 0,5-1,5%-li məhlulu) gübrələrdən məhlul hazırlanır. Hazır məhlul maye gübrə səpənlə bitkilərə çilənir.

 

Mineral şumaltı və torpaq gübrələri 

 

Mineral şumaltı və torpaq gübrələri torpağın münbitliyini optimallaşdırmaq və yüksək məhsuldarlığa nail olmaq üçün aqronomlar tərəfindən yüksək qiymətləndirilir. Mineral şumaltı və torpaq gübrələri ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz.

 

Mineral şumaltı və torpaq gübrələrinin istifadə qaydası

 

Mineral gübrələrin tətbiqi zamanı əkindən öncə və ya vegetasiya dövründə gübrələrin torpağın səthinə bərabər şəkildə yayılması təmin olunur. Mineral şumaltı gübrələr torpağın dərin qatlarında, əksərən səthdən 10-20 sm alt hissədə yerləşdirilir. Bu metod davamlı qida ehtiyaclarını təmin edən çoxillik bitkilər və dərin köklü bitkilər üçün xüsusilə faydalıdır. Digər metod gübrələrin torpaq səthində, toxum cərgəsinin yaxınlığında zolaqlar şəklində tətbiq olunmasıdır. Ümumilikdə torpaq analizinin aparılmasından və aqronom qiymətləndirməsindən sonra ehtiyaca uyğun gübrə növünün, miqdarının və tətbiq zamanının müəyyənləşdirilmısi tövsiyə olunur.

 

Mineral damlama suvarma gübrələri 

 

Mineral damlama suvarma gübrələri suvarma sistemi vasitəsilə bitkinin kök zonasını birbaşa əsas qidalarla təmin etmək üçün nəzərdə tutulub. Bu üsul qida maddələrinin səmərəli çatdırılmasını və bitkilərin optimal böyüməsini təmin edir. Mineral damlama suvarma gübrələri ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz.

 

Mineral damlama suvarma gübrələrinin istifadə qaydası

 

Mineral damlama suvarma gübrələrinin tətbiqindən öncə suvarma sisteminin düzgün şəkildə quraşdırılmasından və hər hansısa texniki nasazlığın olmadığından əmin olmaq vacibdir. Daha sonra bitkilərin xüsusi qida ehtiyaclarına əsaslanan mineral gübrə qarışığı müəyyən olunur. Torpaq testləri və bitki toxuması analizləri müvafiq qida tərkiblərini təyin etməyə kömək edəcəkdir. Bitkilərin böyümə mərhələlərinə uyğun gübrələmə proqramı yaradılaraq, tətbiqə başlanılması məqsədəuyğundur. Məsələn, gənc bitkilər azota ehtiyac duyduğ halda, yetkin bitkilər daha çox fosfor və kaliuma ehtiyac duyur.

 

Mineral Gübrələrin Satışı

 

Mineral gübrələri ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin müxtəlif bölgələrimizdə yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qorumabitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon