Günümüzdə təsərrüfat sahibləri yetişdirdikləri bitkilərdən bol və hədəflənən nəticəni əldə etmək üçün müxtəlif zərərvericilərə və xəstəliklərə qarşı mübarizə aparır. Əks halda sahələrdə məhsuldarlıq və keyfiyyət səviyyəsi aşağı düşür. Həmçinin bəzi hallarda bu, torpaq sahələrinin sıradan çıxmasına və ətraf mühitin zərər görməsinə səbəb olur. Bitkilər arasında ən çox rast gəlinən xəstəliklərdən biri Mozaika virusudur.

Mozaika Virusu Nədir?

Mozaika virusu pomidor, xiyar, bibər, qovun, balqabaq və s. kimi müxtəlif bitkilərə təsir edə bilən bitki patogenidir. Mozaika virusları bitkilərə məxsus virus növü olduğu üçün, insanlara və heyvanlara deyil, yalnız bitkilərə təsir göstərir. Virus bitkiləri molekulyar səviyyəyə qədər məhv etmək qabiliyyətindədir. Bitki mozaika virusuna yoluxduqdan sonra, yoluxmuş bitki virusu digər bitkilərə də ötürə bilər. Virus müxtəlif həşəratlar, xüsusən mənənələr, milçəklər və tripslər tərəfindən yayılır. Mozaika virusu bitkidə yarpaqların rəngsizləşməsinə, təhrif olunmasına, meyvələrin rəngini itirməsinə və ya deformasiyaya uğramasına səbəb olur. Mozaika virusu torpaqda illərlə aktiv qala bildiyi üçün, onun yaranmasına müsbət təsir göstərəcək orqanizmlərin yayılmasının və münbit şəraitin qarşısının alınması olduqca vacibdir. 

Mozaika Virusunun Əlamətləri

Təsərrüfat sahibləri yetişdirdikləri meyvə və tərəvəzlərdə, həmçinin digər bitkilərdə meydana gələn bir çox əlamətlərə nəzər yetirərək mozaika virusunu müəyyən edə bilər. Bu əlamətləri bilmək virusun geniş şəkildə yayılmasının qarşısını almağa, həmçinin mübarizə formasını müəyyənləşdirməyə kömək edir. Mozaika virusu bitkilərin yarpaqlarında, meyvə və çiçəklərində mozaikaya bənzər ləkələrin meydana gəlməsi, solğunlaşma ilə və digər əlamətlərlə asanlıqla müşahidə edilir. Mozaika virusuna yoluxmuş bitkinin yarpaqlarında sarı, ağ və ya yaşıl rəngli zolaqlar, ləkələr əmələ gəlir. Yarpaqlar kiçik, qırışmış və qıvrılmış olur. Böyümə ləngiyir və məhsuldarlıq zəifləyir. Yoluxmuş meyvələrin üzərində xallı ləkələr və ziyilli hissələr əmələ gəlir. Gövdələr tez quruyur. Sadalanan əlamətlər ümumilikdə bitkinin mozaika virusuna yoluxmasından xəbər verir. Gəlin görək, sözügedən xəstəlik spesifik olaraq bitkilərdə hansı simptomlarla müşahidə olunur.

Bitkilərin Mozaika Virusuna Yoluxması

Bitkilər mozaika virusuna bir çox yolla yoluxa bilər. Milçək, bit, mənənə, birə, siçan və s. kimi bəzi canlılar bu xəstəliyin yayılmasını stimullaşdırır. Bundan başqa xəstəlik külək, insanlar, toxumlar, torpaq, nematod, göbələklər vasitəsilə də yayıla bilir.

İlk olaraq qeyd edək ki, xəstəliktörədici orqanizmlər xəstə bitki qalıqlarında, alaq otlarında, siqaret və tütün qırıntılarında yaşaya bilir. Mozaika virusu bir çox bitkiləri yoluxdura bilir ki, bu siyahıya balqabaq, qarpız, qovun, xiyar, qarğıdalı, darı, lobya, soya, noxud, badımcan, kərəviz, pomidor, bibər, tütün və s. kimi bitkilər daxildir. Xəstəliyə yoluxmuş bitkilərdə eyni əlamətlər müşahidə olunsa da bəzən fərqli də ola bilir.

Pomidorda mozaika virusunun əlamətləri

Virusa yoluxan pomidor bitkisinin yarpaqlarında açıq yaşıl, sarı və tünd yaşıl mozaika ləkələri müşahidə olunur. Yarpaqlarda  bənövşəyi ləkələr, qıvrılmalar və deformasiyalar nəzərə çarpır. Həmçinin yarpaqlarda və meyvələrdə uzun qəhvəyi ləkələr yaranır. Bitki erkən mərhələlərdə virusa yoluxarsa, bitkinin inkişafı dayanır.

Bibər bitkisində mozaika virusunun əlamətləri

Bibər bitkisi mozaika virusuna yoluxan zaman təpə hissədəki yarpaqlar büzülməyə və deformasiyaya uğramağa başlayır. Açıq yaşıl rəngdə olan yarpaq səthi getdikcə tündləşir. Bəzən isə onun ətrafında sarı və ya qəhvəyi nekrotik halqalar əmələ gəlir. Tipik mozaika ləkələri yarpaqların orta hissələrində meydana gəlir. Xəstəlik yalnız yarpaqlara zərər toxundurmur. Eyni zamanda, virus gövdədə müxtəlif rəngli nekrotik xəttlər əmələ gətirir və yan budaqların qurumasına səbəb olur.

Şəkər çuğunduru bitkisində mozaika virusunun əlamətləri

Mozaika virusuna yoluxmuş şəkər çuğunduru bitkisinin gənc yarpaqlarının damarlarında rəngsizləşmə, bəzən qıvrılma və xarakterik mozaika ləkələri müşahidə olunur. Köhnə yarpaqlar solaraq quruyur. Bitkinin inkişafı ləngiyir və ya dayanır.

Xiyar bitkisində mozaika virusunun əlamətləri

Mozaika virusuna yoluxmuş xiyar bitkisində xüsusilə gənc yarpaqların damar arasında kiçik yaşılımtıl sarı ləkələr müşahidə olunur. Bundan sonra bütün bitki boyu mozaik ləkələr meydana çıxır və bitkinin inkişafı dayanır. Nəticədə məhsuldarlıq və keyfiyyət səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşür.

Qarğıdalı bitkisində mozaika virusunun əlamətləri

Xəstə qarğıdalı yarpaqlarında sarımtıl yaşıl nöqtələr müşahidə olunur. Xəstəlik şiddətləndikcə yarpaqlardakı bu ləkələr bənövşəyi qırmızı rəngə boyanır. Xəstəlik doğru zamanda aşkar edilmədikdə onun qida çatışmazlığı ilə qarışdırılma ehtimalı yüksəkdir.

Balqabaq bitkisində mozaika virusunun əlamətləri

Balqabaq bitkisi mozaika virusuna yoluxduqda yarpaqlarda ləkəli xloroz yaranır. Damar zolaqları tündləşir və deformasiyaya uğrayır. Həmçinin meyvələrdə rəngsizləşmə və deformasiyalar müşahidə olunur.

Mozaika virusunun qida çatışmazlığı ilə qarışdırılması

Yuxarıda sadalanılan əlamətlər bitkilərdə qida çatışmazlığı zamanı da müşahidə olunan simptomlardır. Odur ki, bu əlamətlərin virus xəstəliyi olub-olmadığını aşkar etmək üçün bitkiyə yarpaq gübrəsi verilir. Yarpaq gübrəsini tətbiq etdikdən sonra simptomlarda dəyişiklik olarsa, bu müvafiq əlamətlərin virus mənşəli olmadığını göstərir. Ümumilikdə mozaika virusu ilə bağlı dəqiq diaqnoz qoymaq üçün laboratoriya müayinələrdən yararlanmaq tövsiyə olunur. 

Mozaika Virusuna Qarşı Tədbirlər

Təsərrüfatlarda yetişdirilən bitkiləri mozaika virusuna yoluxmaqdan qorumaq olduqca faydalıdır. Çünki bu xəstəliyə qarşı mübarizə aparmaq nisbətən uzun zaman və zəhmət tələb edir. Eyni zamanda mozaika virusuna qarşı mübarizə məqsədilə kimyəvi vasitələrdən, dərmanlardan istifadə olunmur. Mübarizə məqsədilə aşağıdakı addımlara diqqət yetirə bilərsiniz.

  • Xəstəlik mexaniki yolla ötürülə bildiyi üçün xəstə bitkilər sağlam bitkilərin olduğu ərazidən kənarlaşdırılmalıdır;
  • Xəstəliyə yoluxan bitkilər birbaşa sahədən çıxarılmalı və məhv edilməlidir;
  • İstifadə olunacaq alət və avadanlıqlar mütəmadi olaraq dezinfeksiya edilməlidir;
  • Sahəyə ilk girdiyiniz zaman ilk növbədə sağlam bölgələrə daxil olmalısınız. Bu xəstəliyin insan amili vaistəsilə keçməsinin qarşısını alacaq;
  • Alaq otları və bitki qalıqları sahədən təmizlənməlidir;
  • Dayanıqlı bitki sortlarına üstünlük verilməlidir;
  • Sertifikatlı və təmiz toxumlardan istifadə edilməlidir;
  • Əgər xəstəlik əvvəllər müşahidə olunubsa, eyni torpaqda təkrar əkin aparılmamalıdır;
  • Konteynerlərə və bitkilərə toxunmazdan əvvəl işçilər əllərini bol su və sabunla yumalıdırlar.

Fermerlər təsərrüfat sahələrini mozaika virusuna qarşı qorumaq üçün yuxarıda sadalanılan məqamlara xüsusi diqqət yetirməlidir. Eyni zamanda, bir daha xatırladaq ki, məhsul yetişdirilməsi zamanı torpağın, toxumların, tinglərin və s. təmiz olması, sahədə müxtəlif zərərverici həşəratlara, gəmiricilərə və alaq otlarına qarşı mübarizə aparmaq vacibdir. Bunun üçün fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq keyfiyyətli toxum, gübrə və pestisid çeşidlərini əldə edə bilər. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qorumabitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon