Kənd təsərrüfatlarında düzgün gübrə seçimi məhsuldarlığın artırılmasında, torpaq sahələrinin qorunmasında və bitkilərin optimal böyümə şəraitinin təmin edilməsində mühüm rol oynayır. Günümüzdə fermerlərin ən çox üstünlük verdiyi gübrələrdən biri də “Ammofos gübrəsi”dir. Tərkibində bitkilər üçün həyati əhəmiyyət kəsb edən elementləri ehtiva edən “Ammofos gübrəsi” keyfiyyətə və məhsuldarlığa əhəmiyyətli dərəcədə təsir göstərir.
Ammofos gübrə nədir?
“Ammofos gübrəsi” tərkibində yüksək miqdarda fosfor və azotu ehtiva edən mineral gübrə növüdür. Bu makroelementlər bitkilərin sağlam və sürətli yetişməsində böyük rol oynadığı üçün “Ammofos” təsərrüfatlarda kompleks gübrə olaraq istifadə olunur. Dənəvər formasında olduğu üçün suda asanlıqla həll olur. Beləliklə, maye gübrə kimi də istifadə edilə bilər. “Ammofos gübrəsi”nin kimyəvi formulu (NH₄)₂HPO₄ şəklindədir. Azot kimi ammonyak da fosforun daha səmərəli udulmasını təmin edir.
Ammofos gübrəsinin tərkibi
İstehsalçıdan və gübrə növündən asılı olaraq “Ammofos gübrəsi”nin tərkibində azot və fosfordan başqa müxtəlif elementlər də yer ala bilər. Bəs “Ammofos gübrəsi”nin tərkibi bitkilər üçün hansı faydaları vəd edir?
Azot: Azot bitkilərdə zülalların, xlorofilin və nuklein turşularının istehsalında böyük rol oynayır. Azot çatışmazlığı zamanı bikilərdə yarpaqlar saralır və böyümə zəifləyir. Azotun bitkilərin vegetasiya dövrünün əvvəlində ayrıca tətbiq edilməsi məqsədəuyğundur.
Fosfor: Bitkilərdə güclü kök sisteminin formalaşması və davamlı inkişafı üçün fosforun mövcudluğu mütləqdir. Fosfor bitki hüceyrələrində biokimyəvi reaksiyalarda mühüm rol oynayır.
Kalium: Bitkilərdə qönçələrin əmələgəlməsini və məhsuldarlığın artmasını təmin edir. Su balansını tənzimləyir və bitkilərin stresə qarşı davamlılığını artırır.
Kükürd: Kükürd torpaqdan azot və digər qida maddələrinin mənimsənilməsini təmin edir.
Azot, fosfor, kalium tərkibli gübrələrin faydalarını kəşf edin.
Ammofos gübrəsinin növləri
Kənd təsərrüfatlarında “Ammofos gübrəsi”nin geniş şəkildə istifadə olunan növləri aşağıdakılardır:
Ammofos: Tərkibində 40-52% fosfor və 12% azot ehtiva edir. Tərəvəz bitkiləri üçün istifadəsi məqsədəuyğundur.
Diammofos: Tərkibində 50%-ə qədər fosfor, 18% azot və 1,5% kükürd ehtiva edir. Təsərrüfatlarda effektiv təsirliliyi ilə tanınan və ən geniş yayılmış kompleks gübrə növüdür.
Nitroammofos: Tərkibində 16-23% azot və 14-27% fosfor ehtiva edir. Gənc tumurcuqların böyüməsini stimullaşdırır.
Sulfoammofos: Tərkibində hər biri 20% olmaqla azot və fosfor elementlərini ehtiva edir. Məhsulun keyfiyyətini yaxşılaşdırır, taxıl bitkilərində zülalın tərkibini, günəbaxan toxumlarının yağlılığını artırır.
Ammofos gübrəsinin faydaları nədir?
Kənd təsərrüfatında məhsuldarlığın artırılması və torpaq sahələrinin qorunması hər zaman ön planda olan məsələlərdən biridir. Bu baxımdan “Ammofos gübrəsi”nin faydaları saymaqla bitməz.
- Kök sistemini gücləndirir;
- Bitkilərin stresə, xəstəliklərə və iqlim dəyişikliklərinə qarşı dayanıqlılığını artırır;
- Bitkilərin yatmaya qarşı davamlılığını artırır;
- Taxıllarda zülalın, toxum və qoz-fındıqda sağlam bitki yağlarının, tərəvəzlərdə lifin artmasına kömək edir;
- Keyfiyyəti yaxşılaşdırır və məhsuldarlığı artırır;
- Təzə tinglərin inkişafını sürətləndirir.
Ammofos gübrəsinin düzgün istifadə qaydaları
Gübrələr bitkilərin inkişafına müsbət təsir göstərməklə yanaşı, əks təsirlər də göstərə bilər. Burada əsas məqam isə gübrənin düzgün şəkildə istifadə olunmasıdır. Gübrənin istifadə miqdarından tutmuş növünə qədər bir çox məqamlara diqqət yetirmək mütləqdir. Odur ki gəlin, “Ammofos gübrəsi”nin istifadə qaydaları ilə ətraflı tanış olaq.
Ammofos gübrəsinin istifadə zamanı
Ammofos həm əkin öncəsi, həm də bitkinin vegetasiya dövründə tətbiq edilə bilər. Aşağıdakı əlamətlər “Ammofos gübrəsi”ni tətbiq etməyin zamanını çatdığını göstərir.
- Kol böyüməyi dayandırır, solur və qurumağa başlayır;
- Kök sistemi zəifləyir, kol yerə doğru əyilməyə başlayır;
- Kökə yaxın yarpaqlar quruyur və tökülür;
- Nadir hallarda bəzi bitkilərin yarpaqları yüngül bənövşəyi rəngə boyanır.
Ammofos gübrəsinin istifadə miqdarı
“Ammofos gübrəsi”nin istifadə miqdarı müxtəlif bitkilər üçün dəyişkəndir. Aşağıdakı siyahıdan bəzi bitkilər üçün istifadə miqdarı ilə tanış ola bilərsiniz.
- Tut - 1 kvadrat metrə 20 q.;
- Tərəvəz bitkiləri - 1 kvadrat metr üçün 25 q.;
- Kök bitkiləri - 1 kvadrat metr üçün 25 q.;
- Meyvə ağacları - 1 yetkin ağac üçün 100 q və gənc ağac üçün 50 q.
Torpaq növlərinə görə Ammofos gübrəsinin tətbiqi
Fermerlər adətən yetişdirdikləri bitkilərə uyğun olaraq gübrə növünü və miqdarını seçməyə üstünlük verir. Ancaq burada torpaq növünü və torpağın tərkibini də nəzərə almaq vacibdir. “Ammofos gübrəsi”nin tətbiq məqsədləri müxtəlif torpaq növlərinə görə dəyişkəndir.
Torpaqda pH səviyyəsi haqqında dəyərli məlumatları əldə edin.
Meşə-çöl torpaqları və qara torpaqlar üçün “Ammofos gübrəsi” kök bitkilərin və bütün xlorofob bitkilərin becərilməsi üçün əsas gübrə olaraq istifadə olunur.
Karbonatlı, sadə və çernozem torpaqlarda “Ammofos” bitki örtüyünə və barvermə zamanı yüksək temperatura görə məqbul sayılan yeganə gübrə növüdür.
Boz və şabalıdı torpaqlarda “Ammofos”u suvarma ilə birlikdə istifadə etmək tövsiyə olunur.
İstixanalarda “Ammofos” gübrə kompleks istifadə üçün ən təsirli bitki qidalandırma vasitəsi hesab olunur.
“Ammofos gübrəsi”nin digər gübrələrlə uyğunluğu
“Ammofos”un tərkibində fosfor elementi üstünlük təşkil etdiyi üçün adıçəkilən gübrəni digər vasitələrlə qarışdırarkən bu nüansa diqqət yetirmək tələb olunur. "Ammofos"u aşağıdakı tərkiblərlə qarışdırmaq olar:
- Turşuluğu yüksək olan torpaqlarda ağac külü ilə qarışdırıla bilər;
- Karbamid ilə birgə tətbiqi uyğundur;
- Kalium duzu ilə qarışdırıla bilər. Dərhal istifadə edilməlidir, uzun müddət saxlanılmamalıdır;
- Quş qığı, peyin, humus, kompost ilə birgə tətbiq edilə bilər;
- Təbaşir və əhəng ilə qarışdırıla bilər.
Ammofos gübrəsindən istifadə zamanı təhlükəsizlik qaydaları:
- “Ammofos gübrəsi”nin təhlükəlilik dərəcəsi dördüncü sinif olaraq dəyərləndirilir. Buna görə də istifadə zamanı təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl etmək vacibdir:
- Tənəffüs sistemini buxarların və kimyəvi tozların daxil olmasından qorumaq üçün tətbiq zamanı maska taxmaq vacibdir. Qoruyucu maskalar, geyimlər və ağır rezin əlcəklər taxmaq tövsiyə olunur.
- Qablaşdırma zamanı tozun qranullara daxil olmasının qarşısını almaq üçün yüngülcə su çiləmək olar. Daha sonra məhsulu müxtəlif qablara tökmək daha təhlükəsiz olacaqdır.
- Dərinizə düşərsə, dərhal həmin hissəni nəm parça ilə silməli və ya təmiz su ilə bir neçə dəfə yumalısınız.
- Qranul hissəcikləri tənəffüs yollarına və ya gözlərə daxil olarsa, bol su ilə yuyun. Mümkün qədər tez bir zamanda həkimə müraciət edin.
Ammofos gübrəsinin satışı
Mütəxəssislər təsərrüfat sahələrində və meyvə bağlarında bol, yüksək keyfiyyətli məhsul yığımı üçün “Ammofos gübrəsi”nin tətbiqini tövsiyə edir. “Ammofos gübrələri” bitkilərdə vegetativ inkişafı stimullaşdıraraq, təsərrüfat sahələrində zərərvericilərə, xəstəliklərə, iqlim dəyişikliklərinə qarşı dayanıqlığı artırır. Nəticədə, zəhmətkeş fermerlər üçün mövsüm hədəfləri daha sürətli və bol məhsuldarlıqla tamamlanır. Faydalı cəhətlərinin çox olması ilə yanaşı, sahələrə tətbiq ediləcək “Ammofos gübrə” çeşidlərinin yüksək keyfiyyətli olmasına diqqət etmək vacib nüanslardandır.
gubre.az aqrar ticarət şəbəkəsi tərəfindən fermerlərə təqdim olunan “Ammofos gübrəsi”nin qiymətləri ilə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz.
- Sulfoammofos Apatit 20-20 NP | Phosagro
- Nitroammofos 16-16-16 NPK | Eurochem
- Ammofos | Eurochem
- Ammofos Apatit | Phosagro
- Nitroammofos | Rossosh
Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq, keyfiyyətli “Ammofos gübrəsi” çeşidlərini əldə edə bilər. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.