Aqronomlar kənd təsərrüfatı sektorunun peşəkar mütəxəssisləri olaraq tanınır. Sözügedən mütəxəssislər kənd təsərrüfatında məhsuldarlığın və keyfiyyətin artırılmasına, həmçinin torpaq və bitki sağlamlığının təmin edilməsinə nəzarət edir. Onlar torpağın tərkibindən tutmuş bitkilərin əkini, yetişdirilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması kimi bir çox istiqamətlərdə müxtəlif elmi-tədqiqatlar və təcrübələr aparırlar. Əldə olunan nəticələr isə aqronomların özü tərəfindən bütün sektor nümayəndələri və fermerlərlə paylaşılır. Aqronomların əsas məqsədi təsərrüfatların davamlı inkişafına və ekologiyanın qorunmasına töhfə verməkdir. Odur ki bu dəfəki məqaləmiz sektorun inkişafında və ətraf mühitin qorunmasında əvəzsiz rol oynayan aqronomlara həsr olunub.
Aqronom kimdir?
Aqronomlar bitkiçilik, kənd təsərrüfatı məhsulları və zootexnika sahələrində tədqiqatlar aparır. Onları kənd təsərrüfatı sahələrinin ehtiyaclarını müəyyənləşdirərək bu istiqamətdə ənənəvi və ya texnologiya ilə uzlaşan həllərin araşdırılmasını və tətbiqini təmin edən şəxslər kimi də adlandırmaq olar. Kənd təsərrüfatı mühəndisləri olaraq tanınan aqronomlar ixtisasla yanaşı, biologiya, mexanika və fizika kimi ixtisaslar üzrə olan biliklərindən yararlanaraq müxtəlif tədqiqatlar aparırlar. Son nəticədə isə canlılar aləminin münbit həyat şəraitinə xələl gətirməyən, həmçinin qida məhsullarının istehsalını stimullaşdıran müxtəlif həll yolları təqdim edirlər.
Aqronom hansı işləri görür?
Aqronomlar bitki yetişdirilməsi, torpaq sahələrinin becərilməsi, meliorasiya işlərinin həyata keçirilməsi, müxtəlif tədqiqatların aparılması kimi bir çox fərqli istiqamətlərdə ixtisaslaşa bilərlər. Bu səbəbdən də aqronomun xüsusi vəzifələri əməkdaşlıq etdiyi quruma görə dəyişir. Lakin sözügedən kənd təsərrüfatı mütəxəssislərinin standart vəzifələrinə aşağıdakılar daxildir:
- Laboratoriyalarda müxtəlif bitkilər, məhsullar, torpaq və su nümunələri üzrə təcrübələrin aparılması;
- Təsərrüfatlarda görülən işlərin asanlaşdırılması, yeni texnologiya vasitələri ilə təminat və digər mövzular ilə bağlı fermerlərlə görüşlərdə iştirak edərək müzakirələrin aparılması;
- Bitkilərin yetişdirilməsi ilə bağlı yeni təcrübələri sınaqdan keçirmək və bu istiqamətdə başqa tədqiqatçılarla əməkdaşlıq etmək;
- Məhsul əkini, yığımı və saxlama şəraiti ilə bağlı problemlərin həllinə töhfə vermək;
- Bitkilərin sərt hava şəraitindən, təbii hadisələrdən və ya iqlimdən qorunması üsullarının müəyyən edilməsi;
- Bitkilərin xəstəliklərdən, alaq otları və zərərvericilərdən qorunması üsullarının müəyyən edilməsi;
- Təsərrüfatları müntəzəm olaraq ziyarət etmək, onların sahibləri ilə görüşmək və tövsiyələr vermək;
- Tədqiqat nəticələrinin konfranslarda təqdim edilməsi və ya jurnallarda dərc edilməsi;
- Ekoloji cəhətdən səmərəli olan əkinçilik təcrübələri üçün ideyaların hazırlanması.
Torpaq analizi nədir? - Torpaq analizinin faydaları ilə tanış ol.
Yuxarıda sadalanılanlarla yanaşı aqronomlar əməkdaşlıq etdikləri qurumlardan asılı olaraq müxtəlif kənd təsərrüfatı məhsullarının, istehsal vasitələrinin və texnoloji avadanlıqlarının satışını da həyata keçirmək üzrə ixtisaslaşa bilər. Çünki daim fermerlərlə əlaqədə olan aqronomlar fermerlərin hansı məhsullara və ya texnoloji vasitələrə ehtiyacının olduğunu daha yaxşı bilir. Eyni zamanda, müntəzəm olaraq təsərrüfat sahələrinə səfər etdikləri üçün bölgələr üzrə ehtiyac olan məhsulların müəyyənləşdirilməsinə və tətbiqinə daha yaxından bələd olurlar.
Aqronomun əsas öhdəlikləri nələrdir?
Aqronomun iş öhdəliklərini aşağıdakı formada qruplaşdırmaq olar:
- Bitki və torpaq analizlərinin aparılması: Torpağın tərkibində yer alan qida maddələrinin səviyyəsini müəyyənləşdirmək və bitkilərin sağlamlığını dəyərləndirmək üçün aqronomlar müxtəlif təcrübələr həyata keçirirlər.
- Gübrələmə və suvarma proqramlarının hazırlanması: Məhsuldarlığı və keyfiyyəti artırmaq, həmçinin gübrə və sudan həddindən artıq və ya həddindən aşağı istifadənin qarşısını almaq üçün düzgün aqrotexniki qulluq formalarını müəyyən edirlər.
- Zərərvericilər və xəstəliklərlə mübarizə: Bitkiləri xəstəliklərdən, alaq otlarından və zərərvericilərdən qorumaq üçün dərmanlama proqramını həyata keçirirlər.
- Məhsuldarlığın artırılması: Yeni texnoloji həllər və becərmə üsulları ilə məhsulun keyfiyyətini və kəmiyyətini artırmağa çalışırlar.
- Fermerlərə məsləhət vermək: Aqronomlar müntəzəm olaraq fermerlərlə ünsiyyətdə olur, onlara bitki əkinindən tutmuş gübrələmə, dərmanlama proqramına qədər bütün təsərrüfat işləri ilə bağlı tövsiyələr verirlər.
- Ətraf mühitin qorunması: Kənd təsərrüfatı fəaliyyətlərinin ekoloji cəhətdən ətraf mühitin qorunmasına xidmət etməsini təmin edirlər.
Azot, kalium və fosforlu gübrələr haqqında geniş məlumatlara nəzər yetirin.
Aqronom hansı özəlliklərə sahib olmalıdır?
Aqronomlar fəaliyyət göstərdikləri istiqamətdən, şirkətdən və digər amillərdən asılı olaraq müxtəlif bacarıqlara və göstəricilərə sahib olmalıdırlar:
- Öz ixtisasına və yaxın elm sahələrinə dair dərin elmi biliklərə sahib olmaq;
- Müşahidə və analitik düşüncə bacarıqlarına sahib olmaq;
- Fermerlərlə, aqronomlarla və kənd təsərrüfatı sektorunun digər nümayəndələri ilə effektiv şəkildə əlaqə qurmaq;
- Qarşıya çıxan zərərvericilər, xəstəliklər və digər problemləri həll etmək üçün yaradıcı yanaşma tətbiq edərək ümumilikdə problemi həll etmək ;
- Gübrələmə, suvarma və digər kənd təsərrüfatı işlərinin planlaşdırılmasına dəqiq yanaşmaq;
- Təsərrüfatlara səyahət etmək, fermerlərlə işləmək və digər bütün işlər baxımdan fiziki cəhətdən güclü olmaq;
- Daim müasir texnologiya vasitələri və elmi yeniliklərlə tanış olmaq və onları təsərrüfatlarda tətbiq etmək.
Pestisidlərin və herbisidlərin nə olduğunu kəşf edin.
Aqronom olmağın üstünlükləri nələrdir?
Dünyada əhali sayı çoxaldıqca qida tələbatına ehtiyac da buna paralel olaraq dayanmadan artır. Həmçinin dünyada qida tələbatı üzrə ehtiyacın yarıdan çoxunun kənd təsərrüfatı məhsulları vasitəsilə qarşılandığını nəzərə alsaq, bu sahənin mütəxəssislərinə daim ehtiyac olacağını söyləmək yerinə düşər. Odur ki aqronom olmağın üstün tərəflərinə birlikdə nəzər salaq:
- Dünyanın əksər ölkələrində sonsuz iş fürsətləri;
- Yüksək məbləğli əməkhaqqı imkanları;
- Qısa zamanda kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmaq fürsəti (daim təsərrüfatlarda praktiki təcrübə qazanıldığı üçün);
- Kiçik mütəxəssislikdən başlayaraq sürətlə yüksələn karyera inkişafı;
- Seçimdən asılı olaraq təbiətlə iç-içə işləmək imkanları;
- Fərdi şəkildə mütəxəssis olaraq fəaliyyət göstərmək imkanı;
- Məhsul yetişdirərək sahibkara çevrilmək fürsətləri;
- Cəmiyyətin sağlam qidalanmasına və ətraf mühitin çirklənməsinin qarşısının alınmasına öz töhfələrini vermək şansı.
Ödənişsiz aqronom məsləhəti harada var?
Azərbaycanda fermerlər üçün kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşan gubre.az-da ödənişsiz aqronom məsləhəti xidməti təklif olunur. Məqsəd ölkəmizdə kənd təsərrüfatı sektorunun inkişafını stimullaşdırmaq, həmçinin fermerlərə təsərrüfat işlərində dəstək göstərməkdir. Fermerlər 828 qısa əlaqə nömrəsinə zəng edərərk, həmçinin gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq müraciətlərini ünvanlaya bilər. Eyni zamanda, fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq keyfiyyətli toxum, gübrə və pestisid çeşidlərini əldə edə bilər.
Qeyd edək ki, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” tərəfindən yeni istifadəyə verilən “Agrohub” mobil tətbiqi də fermerlərin aqronom məsləhəti xidmətindən yararlanmasını təmin edir. Fermerlər tətbiqdə qeydiyyatdan keçərək onları maraqlandıran sualları, problemləri paylaşa, cavab tapa, müvafiq mütəxəssis dəstəyindən yararlana bilər. Aqronomların da öz növbəsində mobil tətbiqdə tövsiyələrini paylaşmaq və fermerlərlə birbaşa əlaqə qurmaq imkanı mövcuddur.