Fındıq ağacı ölkəmizdə geniş şəkildə yetişdirilən çoxillik bitki növlərindən biridir. Fındıq meyvəsi qida tərkibinin zəngin olması və insan orqanizminə faydalılığı ilə seçilir. Həmçinin sənayedə geniş istifadəliliyi baxımdan fındıq yerli və beynəlxalq bazarda kifayət qədər gəlir qazandıran meyvələrdəndir. Bəs gəlin görək, fermerlər fındıq bağlarında sağlam, bol və keyfiyyətli məhsul əldə etmək üçün nələrə diqqət yetirməlidir?

Fındıq Bitkisinin Yetişdirilməsi

Fındıq bitkisinin yetişdirilməsi ting seçimindən tutmuş, torpağın hazırlanması, əkin, suvarılma, gübrələmə, dərmanlama və məhsul yığılması proqramlarını əhatə edir. 

Fındıq Ağacının Əkilməsi

Fındıq bitkisi toxumla, kök pöhrələri, calaq və daldırma üsulu ilə çoxaldılır. Ölkəmizdə fındıq bağlarının salınması üçün ən səmərəli üsul bitkinin kök pöhrələri və daldırma üsulu ilə artırılmasıdır. Fındıq ağacından çıxan pöhrələri istifadə etmək mümkündür ki, onlar köklü formada çıxarılaraq tingliyə köçürülür. Fındıq tinglərinin əkininə adətən payız mövsümündə, xüsusilə oktyabr və noyabr aylarında başlanılır. Qışı həddindən artıq soyuq keçən bölgələrdə isə əkin yazda yəni mart və aprel aylarında aparılır. Əkindən öncə torpağı dərindən işləmək və üzvi gübrə ilə zənginləşdirmək tövsiyə olunur. Həmçinin sahənin alaq otlarından təmizlənməsi də vacibdir. 

Fındıq tingləri üçün hazırlanan əkin çuxurunun 60 sm enində və 60 sm dərinliyində olması məqsədəuyğundur. Tinglər gövdəsi torpaq səviyyəsinə çatacaq formada əkilir. Əkindən sonra köklərin və ümumilikdə bitkinin daha yaxşı inkişafı üçün bol suvarma aparılır. Tinglər arasında 4-6 metr məsafənin saxlanması məsləhət görülür. Bu, torpağın münbitliyi, ağacın inkişafı və məhsul yığımının asanlığı üçün vacibdir. Əkin prosesi başa çatdıqdan sonra bitkini xəstəlik və zərərvericilərdən qorumaq üçün müvafiq pestisidlərin tətbiqi həyata keçirilir.

Fındıq Ağacı Hansı İqlimdə Yetişir?

Fındıq ağacı əsasən rütubətli və mülayim iqlimin hakim olduğu bölgələrdə yetişdirilir. Orta illik temperaturun 13°-16°C arasında olması fındıq bitkisi üçün optimal şərait hesab olunur. İllik yağıntı miqdarının 750 mm-dən çox olmaması və bu yağıntıların aylar üzrə bərabər paylanması vacibdir. Fındıq bitkisi çiçəkləmə və tozlanma proseslərini qış aylarında tamamladığı üçün bu mərhələdə temperaturun aşağı olması tələb olunur. Fındıq bitkisi rütubətə meyilli olduğu üçün iyun-iyul aylarında havanın nisbi rütubətinin 60%-dən aşağı düşməməsi məhsuldarlığa müsbət təsir göstərəcəkdir.

Fındıq Ağacı Hansı Torpaqda Yetişir?

Fındıq bitkisi üzvi maddələrlə zəngin, gilli, humuslu, allüvial, keçirici torpaqlarda daha yaxşı inkişaf edir. Ağacın düzgün inkişafı üçün pH səviyyəsinin 6-6,5 aralığında olması məqsədəuyğundur. Turşuluq səviyyəsi yüksək olan torpaqlarda ehtiyac olan miqdarda əhəngləmə aparılaraq fındıq bitkisini yetişdirmək olar.

Torpaqda pH səviyyəsi, ölçülməsi və tənzimlənməsi haqqında geniş məlumat əldə edin.

Fındıq Ağacı Neçə İlə Bar Verir?

Əkindən sonra 2-5 il ərzində fındıq ağacı ilk barını verməyə başlayır. Fındıq ağacının tam yetişməsi və maksimum məhsuldarlığa çatması bir qədər uzun müddəti əhatələyə bilər. Ümumilikdə fındıq ağacları 7-8 ilə tam şəkildə yetişir və bar verməyə hazır olur. Yetişmə prosesi başa çatdıqdan sonra fındıq ağacları hər il müntəzəm və ardıcıl olaraq bar verməyə başlayır.

Fındıq Bağlarında Suvarma

Fındıq ağaclarının çiçəkləmə və meyvə əmələgəlmə dövrlərində suya olan tələbatı artır. Düzgün suvarma nəticəsində bitkinin stresə düşməsinin, həmçinin məhsul və keyfiyyət itkisinin qarşısı alınır. Fındıq bağlarında əsasən damlama suvarma və ya çiləmə üsulu ilə suvarma üsullarına üstünlük verilir. Damlama suvarma suyu birbaşa bitkinin kök nahiyəsinə çatdırmaqla suya qənaət etməyə kömək edir. Çiləmə üsulu ilə suvarma suyu bərabər paylanmanı və torpağın nəmlənməsini təmin edir. Suvarma zamanı və suyun keyfiyyəti də böyük əhəmiyyət kəsb edir. Beləliklə, duzlu və ya çirklənmiş suvarma suyundan istifadə edilməməli, mümkün qədər təmiz və duzsuz suya üstünlük verilməlidir. 

Qumlu, gilli-qumlu və çınqıllı torpaqlarda suvarma kiçik normalarla və tez-tez aparılmalıdır. Qrunt suları torpaq səthinə yaxın olan yerlərdə isə suvarmaların sayı azaldılır.

Fındıq bağlarında tinglərin əkilməsindən sonra köklərin yaxşı inkişaf etməsi üçün ilk bir-iki il ərzində bağlar tez-tez suvarılır. Meyvələrin formalaşması və məhsul yığımı dövründə fındıq ağacının suya tələbatı artır. Yay aylarında fındıq ağacı həftədə bir dəfə və ya 7-10 gün fasilə ilə suvarılmalıdır. Fındıq ağacının istirahət dövründə su ehtiyacı azalır.

Fındıq Bağlarında Gübrələmə Proqramı

Fındıq bitkisinin yetişdirilməsi zamanı sözügedən ağacın düzgün qidalanmasını təmin etmək vacib faktorlardandır. İlk olaraq torpaq analizinin aparılması tövsiyə olunur ki, bunun sayəsində bitkinin hansı qida maddələrinə ehtiyacının olduğunu asanlıqla müəyyənləşdirmək mümkündür. Fındıq bağlarında bitkinin qidalanması üçün heyvan peyini, kompost və yaşıl peyin kimi üzvi gübrələrdən istifadə olunur. Fındıq bağlarında üzvi gübrələr adətən 3-4 ildən bir tətbiq olunur. 

Bundan başqa, azot, fosfor və kalium tərkibli gübrələrin tətbiqi məhsuldarlığa və keyfiyyətə müsbət təsir göstərir. İlk illərdə fındıq kollarının cərgəarasına tərəvəz və ya bostan bitkiləri, torpağı münbitləşdirən bitkiləri əkmək olar. Fındıq bitkisinin gübrə tələbatı əsasən yaz və payız aylarında artır. Gübrənin ağacların kök sahəsinə yaxın əraziyə səpilməsi və ya suvarma sistemi vasitəsilə tətbiqi effektiv qidalanmanı təmin edir. 

Tətbiq olunacaq gübrə normasını, növünü torpaq analizi apararaq və ya aqronom məsləhətindən yararlanaraq həyata keçirmək məqsədəuyğundur. Əks halda həddindən artıq və ya az tətbiq olunacaq gübrələr, yaxud torpaqda ümumiyyətlə çatışmayan qida maddələri məhsuldarlığa olduqca mənfi təsir göstərəcəkdir.

Fındıq ağacları üçün geniş çeşidli gübrələri əldə edin!

Fındığın Zərərvericiləri və Mübarizə Forması

Fındıq uzunburnu (Balanius nucum)

Fındıq uzunburnu fındıq bağlarına ciddi şəkildə zərər verən həşəratdır. Zərərvericinin gövdəsi tünd boz rəngli, incə sarımtıl tüklü, uzunluğu 7-8 millimetrdir, biz burnu 6-7 mm-dir. Dişi böcəklər iyun ayında kal fındıqların qərzəklərini və nazik qabığını deşib içinə yumurta qoyurlar. Yumurtadan çıxmış tırtıllar fındığın ləpəsi ilə qidalanırlar. Daha sonra torpağa düşərək pup halına keçirlər və torpağın altında qışlayırlar. May ayında zərərverici böcək halında fındıq ağacına yenidən zərər toxundura bilir. Fındıq bağlarında fındıq uzunburnu ilə mübarizə aparmaq üçün meyvə yetişməmiş kolları silkələyib yerə tökülən fındıqları toplayaraq yandırmaq, fındıq kollarının dib hissəsini belləyib torpaqda gizlənmiş pupları məhv etmək lazımdır. Fındıq uzunburnu ilə kimyəvi mübarizə zamanı aqronom məsləhəti nəzərə alınmaqla “Lambda-cyhalothrin”, “Acetamiprid”, “Emamectin Benzoate” və s. kimi tərkibli insektisidlərdən istifadə tövsiyə olunur.

Mərmər taxtabiti (Halyomorpha halys)

Fındıq bağlarına ciddi şəkildə zərər verən həşəratlardan biri də mərmər taxtabitidir. Bu zərərverici əsasən məhsul yığımına az vaxt qalmış zamanda yayılır. Yarpağın alt hissəsində bu zərərvericinin yumurta kütləsinə rast gəlmək olar. Zərərverici fındıqda ləpənin büzüşməsinə və zədələnməsinə, həmçinin meyvə içinin tamamilə məhv olmasına səbəb olur. Qəhvəyi mərmər taxtabitilər (bağacıqlar) ağacların arasında cəld hərəkəti ilə seçilir. Bu o deməkdir ki, zərərverici dərmanın təsirindən qaçaraq dərman tətbiq olunmamış hissələrə yayıla bilir. Odur ki effektiv nəticə üçün təyinatı üzrə pestisidləri həşəratların bir o qədər fəal olmadığı vaxtda, yəni səhər erkən tətbiq etmək vacibdir. Dərmanlar ağacın bütün daxili hissələrinə nüfuz etməlidir. Fındıq bağlarında müntəzəm olaraq həyata keçirilən budama işləri mərmər taxtabitinə qarşı mübarizəni asanlaşdırır. Mərbər taxtabiti ilə kimyəvi mübarizə zamanı aqronom məsləhəti nəzərə alınmaqla “Acetamiprid”, “Emamectin Benzoate” və s. kimi tərkibli insektisidlərdən istifadə tövsiyə olunur.

Fındıq mənənəsi (Myzocallis coryli)

Fındıq mənənəsi fındıq bağlarında məhsuldarlığı və keyfiyyəti aşağı salan həşəratlardandır. Fındıq bağlarında fındıq mənənəsinin olmasını müəyyənləşdirmək üçün bağda ilkin müşahidələr aparmaq kifayətdir. Yarpaqda yapışqanlı şirin maddənin əmələ gəlməsi, yarpağın alt hissəsində çoxsaylı koloniyaların yaranması və yarpaqların zəifləməsi sözügedən zərərvericinin bitkiyə vurduğu zərərin əlamətlərindəndir. Fındıq bağlarında mənənələrə qarşı mübarizə zamanı aqronom məsləhəti nəzərə alınmaqla parafin tərkibli mineral yağlar, “Deltamethrin”, “Acetamiprid” və s. kimi tərkibli insektisidlərdən istifadə tövsiyə olunur.

Pestisidlərin növləri və düzgün istifadə qaydası ilə tanış olun.

Fındığın Xəstəlikləri və Mübarizə Forması

Antraknoz xəstəliyi (Piggotia coryli)

Antraknoz xəstəliyi soyuq və rütubətli hava şəraitində meydana çıxır. Göbələk sporları sağlam yarpaqları, tumurcuqları və xırda budaqları küləklə və ya yağışla yoluxdurur. Fındıq bağlarında müşahidə olunan antraknoz xəstəliyi bitkinin yarpaqlarını və tumurcuqlarını sirayətləndirir. Bəzən ağacın xırda budaqları da xəstəliyin şiddətindən asılı olaraq quruyub düşə bilər. Fındıq ağacında antraknoz xəstəliyinin ilkin əlamətlərinə yay aylarında rast gəlinir. Yay ayının əvvəllərində xəstəliyə yoluxmuş yarpaqlarda qəhvəyi-qırmızımtıl ləkələr əmələ gəlir. Zədələnmiş yarpaqlar vaxtından əvvəl tökülür. Ümumilikdə bitkinin infeksiyaya yoluxmuş hissələrində kiçik qonur nöqtələr müşahidə olunur. Xəstəliyə yoluxmuş tumurcuqlar isə vegetativ boy atma mərhələsinin əvvəlində qaralaraq qopur. Belə tumurcuqlardan çıxan zoğlar qısa müddət ərzində solur və çürüyür. Antraknoz xəstəliyinin qarşısını almaq üçün ağacları müntəzəm olaraq budamaq vacibdir. Patogen orqanizmlər yarpaqlarda qışladığı üçün payız aylarında fındıq bağını yerə tökülmüş yarpaqlardan və digər bitki qalıqlarından təmizləmək məqsədəuyğundur. Fındıq bağlarında antraknoz xəstəliyinə qarşı mübarizə zamanı aqronom məsləhəti nəzərə alınmaqla “Maneb”, “Mancozeb”, “Propineb”, “Captan”, mis və s. tərkibli funqisidlərdən istifadə tövsiyə olunur.

Unlu şeh (Phyllactinia guttata)

Fındıq bağlarında unlu şeh xəstəliyi yarpaqların və meyvələrin hər iki tərəfində unlu ləkələrin əmələ gəlməsinə, yarpaqların qıvrılması və tökülməsinə səbəb olur. Xəstəliyin yayılmasının qarşısını almaq üçün bağlarda müntəzəm olaraq budama işlərinin həyata keçirilməsi tövsiyə olunur. Fındıq bağlarında unlu şeh xəstəliyinə qarşı mübarizə zamanı aqronom məsləhəti nəzərə alınmaqla “Penconazole”, “Kalsium polisulfid”, “Boscalid”, kükürd və s. tərkibli funqisidlərdən istifadə tövsiyə olunur.

Monolioz xəstəliyi

Fındıq bağlarında monolioz xəstəliyi məhsuldarlığın və keyfiyyətin aşağı düşməsinə səbəb olur. Monolioz xəstəliyinin əlamətləri bitkinin meyvələrində müşahidə olunur. Beləliklə xəstəliyə yoluxan fındıq ağacının yetişməyən meyvələrinin üzərində boyunbağı və ya muncuq formalı, açıq qəhvəyi və yaşılımtıl kütlə əmələ gəlir. Həmçinin fındıq qabığının qonurlaşması müşahidə olunur. Fındıq bağlarında monolioz xəstəliyinin yayılmasının qarşısını almaq üçün xəstəliyə yoluxmuş meyvə ağacları və meyvələr bağ sahəsindən uzaqlaşdırılmalıdır. Həmçinin meyvənin yetişmə mərhələsində, yağışlı və dumanlı havalardan sonra bitkidə qonur çürümə əlamətlərinin olub-olmaması yoxlanılmalıdır.

Fındıq bağlarında monolioz xəstəliyinə qarşı kimyəvi mübarizə zamanı “Boscalid” tərkibli funqisidlərdən istifadə tövsiyə olunur. Dərmanlamadan öncə aqronom məsləhətindən yararlanmaq faydalıdır.

Fındıq bağlarında zərərvericilər və xəstəliklərə qarşı pestisidlərdən mütləq istifadə edin!

Fındıq Bağları Üçün Gübrə Və Pestisidlərin Satışı

Əziz fermerlər, fındıq bağlarında bol və keyfiyyətli məhsul yığımına nail olmaq üçün gübrə çeşidlərini, fındıq ağacını zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından qoruyan pestisidləri ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin müxtəlif bölgələrimizdə yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. 

Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon