Uzun əsrlər boyu yetişdirilən nar bitkisi günümüzdə kənd təsərrüfatı sektorundan tutmuş müxtəlif sənaye sahələrinin inkişafında böyük rol oynayır. Ölkəmiz dünyada müxtəlif növ nar bitkisinin yetişdirilməsi və nar ticarəti üzrə lider dövlətlər sırasında yer alır. Bütün bitkilərdə olduğu kimi nar bitkisinin də özünəməxsus yetişdirilmə şəraiti və qaydaları vardır.

Nar Bitkisinin Yetişdirilməsi

Nar bitkisi “Punicaceae” fəsiləsinə mənsub subtropik və tropik iqlim meyvəsidir. Nar bitkisinin yetişdirilməsi ting seçimindən tutmuş, torpağın hazırlanması, əkin, suvarılma, gübrələmə, dərmanlama və məhsul yığılması proqramlarını əhatə edir. 

Nar Ağaclarının Əkini Zamanı Torpağın Hazırlanması

Torpaq növləri cəhətdən bir o qədər də seçici olmayan nar bitkisi çınqıllı, qumlu, əhəngli, gilli, ağır gilli və s kimi müxtəlif torpaq növlərində yetişdirilə bilər. Şoranlığa orta dərəcədə davamlıdır. Yetişdirildiyi ərazilərdə torpaq qələvi və ya turşu ola bilər. Nar bitkisi bir çox meyvə növlərindən fərqli olaraq torpağın həddindən artıq nəmliyinə davamlıdır. Nar bağlarında torpağın əkinə hazırlanması digər meyvə ağaclarında olduğu kimidir. İlk illərdə torpağın dərin şumlanması məqsədəuyğundur. Növbəti mərhələlərdə alaq otlarına qarşı mübarizə məqsədilə səthi şumun aparılması və ya herbisidlərin tətbiqi tövsiyə olunur.

Torpaqda pH səviyyəsi haqqında geniş məlumat əldə edin.

Nar Tinginin Əkin Qaydası

Nar ağacının əkini toxum, çəlik, tinglər və peyvənd üsulu ilə həyata keçirilə bilər. Bu üsullar arasında daha çox çəlik və ting üsulu ilə əkinə üstünlük verilri. Nar tingləri payız-qış aylarında və ya erkən yazda əkilə bilər. Tinglər arasındakı əkin intervalı torpağın növündən və iqlimdən asılı olaraq dəyişir. Ümumilikdə tinglərin təqribi əkin aralığı 2-6 m təşkil edir. Cərgələrin şimal-cənub istiqamətində olması məqsədəuyğundur. Bu üsul bitkilərin daha yaxşı havalandırılması və günəş işığı ilə təmin olunması üçün vacibdir. Əkindən öncə zəif zoğlar kəsilir və zoğların zirvələri 50-60 sm ölçüsündə qısaldılır. Daha sonra ting çəlik hissəsi torpaqda saxlanılmaq şərti ilə, öncədən qazılmış xəndəyə qoyulur. Xəndək torpaq və gübrə qarışığı ilə doldurulur və su verilir.

Nar ağacının çəliklə əkini zamanı isə ağaclar yarpaqlarını tökdükdən sonra bitkidən diametri 0,7-1,5 sm, uzunluğu 20-25 sm olan çəliklər götürülür. Çəliklər əkin intervalı 15-20 sm olmaqla və çəlik hissə 5-6 sm çöldə qalmaq şərti ilə əkilir. Daha sonra üzəri gübrə ilə qarışdırılmış torpaqla örtülür və su verilir.

Nar Ağacının Suvarılması

Nar ağacları üçün sərin və nəmli torpaq şəraiti xarakterikdir. Odur ki yağıntı miqdarının az olduğu bölgələrdə suvarma mütləq şəkildə aparılmalıdır. Yağıntı miqdarından asılı olaraq suvarma 7-10 gün ərzində həyata keçirilir. Meyvələrin yetişmə dövründə suvarma işləri tədricən azaldılır. Əks halda meyvələr çatlamağa başlayır, meyvənin dadı və rəngi gözlənilən formada olmur. Ümumilikdə suvarma məhsul yığımına 10-15 gün qalmış tamamilə yekunlaşdırılır.

Nar Ağacı Hansı İqlimdə Yetişir?

Müxtəlif iqlim və torpaq şəraitinə uyğunlaşması ilə seçilən nar bitkisi əsasən tropik və ya yarımtropik iqlimlərdə daha yaxşı yetişir. Belə ki, bu iqlim şəraitində nar bitkisinin məhsuldarlığı və meyvələrin keyfiyyəti daha yüksək olur. Nar bitkisi üçün illik orta hesabla 500 mm yağıntı miqdarı kifayətdir. Əsasən yaz aylarında düşən yağıntılar bitki üçün daha faydalı olur. Çünki yay aylarının yağıntıları meyvələrin keyfiyyətini pisləşdirir və onların çatlamasına səbəb olur. Meyvənin əmələgəlmə dövründə havaların quraq keçməsi keyfiyyətli meyvə formalaşmasını təmin edir. Unutmaq olmaz ki, nar bitkisi günəşə meyillidir. Bağlarda bitkinin günəş işığı ilə təmin olunmasına nəzarət etmək vacibdir.

Nar Ağacının Budanması

Nar ağaclarında forma budaması əkindən sonra 2-3 il ərzində, məhsul verənə qədər həyata keçirilir. Beləliklə, əkindən sonra çıxan 3-4 zoğ ana gövdə olaraq təyin olunur və təpə hissəsi 50-60 sm ölçüsündə kəsilir. Ümumilikdə nar ağacı 2-3-cü ildən etibarən bar verməyə başlayır. Bar verən nar ağaclarının budaqlarının uclarını budamaq tövsiyə olunmur. Bu dövrdə seçilmiş üç və ya dörd gövdədən başqa alt zoğlar təmizlənməlidir. Ağacda sıxlaşma müşahidə olunarsa bitkinin havalanmasına və günəş işığı ilə təmin olunmasına nail olmaq üçün, həmçinin ağacda gövdələrin cavanlaşmasını təmin etmək üçün budama aparılmalıdır. Budama zamanı zəif, qurumuş və xəstə budaqlara üstünlük verilməlidir.

Nar Ağacının Gübrələnməsi

Nar bağlarından bol və keyfiyyətli məhsul yığımı üçün bitkinin zəruri qida maddələri ilə təmin olunması mütləqdir. Bunun üçün bağ sahələrinə ilkin mərhələdə yandırılmış təsərrüfat peyininin tətbiqi tövsiyə olunur. İlk illərdə hər ağaca 100-150 m3/ha, sonrakı dövrlərdə isə 250-300 m3/ha təsərrüfat peyininin tətbiqi nar ağacının qidalanması üçün kifayətdir. Eyni zamanda azot, fosfor və kalium tərkibli NPK gübrələrinin tətbiqi də tövsiyə olunur. İstənilən gübrənin tətbiqindən öncə isə analiz aparılaraq bitkinin və torpağın gübrə ehtiyacı müəyyənləşdirilməlidir.

Nar bitkisi üçün geniş çeşidli gübrələri əldə edin!

Nar Ağacının Zərərvericiləri və Mübarizə Üsulları

Nar bağlarında Harnup güvəsi

Ölkəmizdə “iç qurdu” kimi tanınan “Harnup güvəsi” nar bağlarında geniş yayılmış zərərvericidir. Sözügedən zərərverici nar sahələrində məhsuldarlığı 25-30% faiz aşağı salır. Zərərvericinin yetkin fərdinin bədən uzunluğu təxminən 8-10 mm-dir. Boz kif rəngli və qanadları "W" şəkillidir. Yetkin sürfə (qurd) təqribən 15-18 mm uzunluğundadır. Bədəni çəhrayı, baş hissəsi isə qəhvəyi rəngdədir. 

Harnup güvəsinin zərərləri (Ectomyelois ceratoniae (Zell.)

Harnup güvəsinin yumurtadan çıxan ilk sürfələri birinci və ikinci sürfə dövrlərini meyvə tacı ilə qidalanaraq tamamlayır. Üçüncü sürfə mərhələsində isə meyvə dənələri ilə qidalanır. Harnup güvəsi nar meyvəsinin qabığında qəhvəyi rəngdə ləkələrin əmələ gəlməsinə, daha sonra bu ləkə böyüyərək meyvənin üzərində çatların yaranmasına və meyvənin tamamilə çürüməsinə səbəb olur. Harnup güvəsinə qarşı mübarizə aparmaq üçün nar bağlarını xəstəliyə yoluxmuş və mumiyalaşmış meyvələrdən, eləcə də sürfə yumurtalarını özündə saxlayan çiçəklərdən təmizləmək vacibdir.

Harnup güvəsinə qarşı kimyəvi mübarizə

“Harnup güvəsi” ilə kimyəvi mübarizə zamanı tərkibində “Spinosad”, “Malathion”, “Prodigyare” maddələrinin yer aldığı insektisidlərdən istifadə olunur. Unutmaq olmaz ki, bu tərkiblər faydalı həşəratları da məhv edir. Dərmanlamadan öncə aqronom məsləhətindən yararlanmaq faydalıdır. 

Nar mənənəsinə qarşı mübarizə (Aphis punicae passerini)

Nar yarpaq biti və ya mənənə olaraq tanınan zərərvericinin dişi fərdlərinin uzunluğu təxminən 1,5-3 mm ölçüsündədir. Gövdəsi yaşıl və ya sarımtıl yaşıl rəngdə olur. Zərərvericiyə qrup halında nar tumurcuqlarının uclarında, yarpaqlarının altında, çiçək və meyvələrdə rast gəlinir. Nar mənənəsinin ilk fərdləri mart ayında müşahidə olunur.

Nar mənənəsinin zərərləri

Nar mənənələri daha çox sıx əkin aparılan, müntəzəm olaraq budanmayan, rütubəti yüksək olan və pestisidlərdən intensiv şəkildə istifadə olunan bağlarda daha çox müşahidə olunur. Nar bitkisinin yarpaqlarının, tumurcuqlarının, çiçəklərinin və meyvələrinin şirəsini soraraq qidalanır. Nəticədə bitki zəifləyir, çiçəklər və meyvələr tökülür, yarpaqlar və meyvələr deformasiyaya uğrayır. Bundan əlavə, sorma zamanı zərərvericinin ifraz etdiyi şirintəhər maddə bitkidə göbələk kifi əmələ gətirir. Nəticədə bitkinin inkişafı ləngiyir və məhsulun keyfiyyəti aşağı düşür.

Nar mənənəsi yumurta mərhələsini qış aylarında bitkinin tumurcuqlarında keçirdiyi üçün payız və qış aylarında xəstə tumurcuqlar budanaraq məhv edilməlidir. Yeni salınmış bağlarda sıx əkin aparılmamalıdır. Nar bağlarında həddindən artıq suvarma və azotlu gübrə tətbiqi tövsiyə olunmur. Həmçinin nar bağlarında alaq otlarının təmizlənməsi mütləqdir. Bağda hava dövranını təmin etmək üçün ağaclar hər il mütəmadi olaraq budanmalıdır.

Nar mənənəsinə qarşı kimyəvi mübarizə

Nar mənənəsi ilə kimyəvi mübarizə zamanı tərkibində “Acetamiprid”, “Methomyl” maddələrinin yer aldığı insektisidlərdən istifadə olunur. Unutmaq olmaz ki, bu tərkiblər faydalı həşəratları da məhv edir. Dərmanlamadan öncə aqronom məsləhətindən yararlanmaq faydalıdır. 

Nar bağlarında Unlu yastıcalara qarşı mübarizə (Planococcus citri risso.)

Unlu yastıcanın yetkin dişiləri 4x2 mm ölçüsündə, uzun, oval və yastı formadadır. Bədəni ağ mumlu tozla örtülmüşdür. Bədən rəngi sarı və ya sarımtıl narıncıdır. Sürfələr isə açıq sarı rəngdədir, mum örtüyü yoxdur və çox hərəkətlidir.

Unlu yastıcanın zərərləri

Unlu yastıca nar bitkisinin torpaqda qalmış və torpağa yaxın olan hissələrində yaşayır. Sözügedən zərərverici yarpaqların meyvəyə toxunduğu və ya meyvələrin bir-birinə toxunduğu hissələrdə və saplaqlarda bitki şirəsini sormaqla qidalanır. Nəticədə nar ağaclarında çiçəklərin və ya meyvələrin tökülməsi müşahidə olunur. Bundan əlavə, sorma zamanı zərərvericinin ifraz etdiyi şirintəhər maddə məhsul keyfiyyətini və məhsulun bazar dəyərini aşağı salır.

Unlu yastıcanın yayılmasının qarşısını almaq üçün nar bağları drenajı yaxşı həyata keçirilən və günəş işığının daha çox düşdüyü sahələrdə salınmalıdır. Həmçinin budama qalıqları və alaq otları bağdan təmizlənməlidir. Nar bağı salınarkən sıx əkinə üstünlük verilməməlidir.

Unlu yastıcaya qarşı kimyəvi mübarizə

Unlu yastıca ilə kimyəvi mübarizə zamanı tərkibində “Malathion”, “Lannate” maddələrinin yer aldığı insektisidlərdən istifadə olunur. Unutmaq olmaz ki, bu tərkiblər faydalı həşəratları da məhv edir. Dərmanlamadan öncə aqronom məsləhətindən yararlanmaq faydalıdır. 

Pestisidlərin növləri və düzgün istifadə qaydası ilə tanış olun.

Nar Ağacının Xəstəlikləri və Mübarizə Üsulları

Nar ağacında Alternaria xəstəliyi (Meyvə çürüməsi)

Alternaria xəstəliyi bitkinin yarpaqlarına, çiçəklərinə və meyvələrinə zərər verir. Xəstəliyin yayılması üçün optimal temperatur 26-28°C və nisbi rütubət 65-70% təşkil edir. Sözügedən xəstəlik külək və su damcıları ilə yayılır. Xəstəliyi yayan mikroorqanizmlər alaq otlarında, yerə düşən və ya ağaclarda qalan yoluxmuş bitki qalıqlarında yaşayır.

Alternaria xəstəliyinin nar ağacına zərərləri

Nar ağacında alternaria xəstəliyi ilk dəfə yazda yeni çıxan yarpaqlarda müşahidə olunur. Yarpaqlarda uc hissədən başlayaraq tünd qəhvəyi, kiçik və nizamsız ləkələr əmələ gəlir. Xəstəlik şiddətləndikcə bu ləkələr böyüyür və yarpaqların təxminən yarısını, daha şiddətli hallarda isə bütün hissəsini əhatələyir və yarpaqlar quruyur. Eyni simptomlar nar ağacının meyvələrində də müşahidə olunur. Belə ki, meyvə qabığında qonur ləkələr əmələ gəlməyə başlayır. Zaman keçdikcə qabıq quruyur və çatlar əmələ gəlir. 

Nar bağlarında alternaria xəstəliyinin qarşısını almaq üçün sıx əkin aparılmamalı, ağaclar zamanında budanmalı, ağacda qalan və ya yerə düşən yoluxmuş meyvələr yığılıb bağdan çıxarılmalıdır.

Alternaria xəstəliyinə qarşı kimyəvi mübarizə

Alternaria xəstəliyi ilə kimyəvi mübarizəyə çiçək qönçələri görünməyə başlayanda, ləçəklər əmələgələndə, meyvələr yarı ölçüyə qədər formalaşdıqda başlamaq məqsədəuyğundur. “Difenokonazol”, “Propikonazol”, “Tebukonazol”, “Mancozeb” tərkibli funqisidlərdən istifadə effektivdir. 

Nar ağacında meyvə çürüməsi xəstəliyi (Coniella granati)

Meyvə çürüməsi xəstəliyinin nar ağacına zərərləri

Meyvə çürüməsi xəstəliyi adından məlum olduğu kimi nar ağacının meyvəsinə yoluxur. Xəstəliyə yoluxan meyvənin qabığında çoxlu nizamsız, sərt qara nöqtəşəkilli ləkələr meydana gəlir. Qeyri-müntəzəm şəkildə paylanan bu ləkələr qalın və tünd halqa ilə əhatə olunur. İqlim şəraitindən və müxtəlifliyindən asılı olaraq bütün qabıq səthi bu ləkələrlə örtülə bilər.

Nar bağlarında meyvə çürüməsi xəstəliyinin qarşısını almaq üçün sahədə sıx əkin aparılmamalı, bağda havalandırma yaxşı təmin edilməli, budama müntəzəm şəkildə aparılmalıdır. Ağacda qalan və ya yerə düşən yoluxmuş meyvələr yığılıb bağdan çıxarılmalıdır.

Meyvə çürüməsi xəstəliyinə qarşı kimyəvi mübarizə

Nar bağlarında meyvə çürüməsi xəstəliyi ilə kimyəvi mübarizəyə tam çiçəkləmə zamanı, meyvələr fındıq böyüklüyündə və yarı ölçüyə çatdıqda başlamaq məqsədəuyğundur. “Difenokonazol”, “Propikonazol”, “Tebukonazol”, “Mancozeb” tərkibli funqisidlərdən istifadə effektivdir. 

Nar bağlarında zərərvericilər və xəstəliklərə qarşı pestisidlərdən mütləq istifadə edin!

Nar bağlarında günəş yanıqlığı

Meyvə yetişməsi ərəfəsində meyvə gün ərzində həddindən artıq günəş işığına məruz qaldıqda yanma baş verir. Nar meyvəsində günəş yanıqlığı olan sahə qara rəngdə olur və zaman keçdikcə bu sahədə kiçik çatlar əmələ gəlir. Günəş yanmasının qarşısını almaq üçün meyvələrin günəşə baxan səthləri kağızla örtülə və ya torbalarla əhatələnə bilər. Ancaq bu metoddan istifadə zamanı nar bağlarda xəstəlik və zərərvericilərə qarşı mübarizə çox diqqətlə aparılmalıdır. Çünki müvafiq metodun tətbiqi unlu yastıcaların yayılması üçün xüsusilə münbit şərait yaradır.

Nar bağları üçün gübrə və pestisidlərin satışı

Əziz fermerlər, nar bağlarında bol və keyfiyyətli məhsul yığımına nail olmaq üçün gübrə çeşidlərini, nar ağacını zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından qoruyan pestisidləri ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin müxtəlif bölgələrimizdə yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. 

Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon