Buğda tarixin qədim dövrlərindən günümüzə qədər geniş şəkildə becərilən taxıl növlərindən biridir. Dünya üzrə əsas ərzaq məhsulu olaraq tanınan buğdanın becərilməsi və istehsalı insanların qida ehtiyacın qarşılanması və iqtisadiyyatın inkişafı üçün strateji əhəmiyyət kəsb edir.
Buğda bitkisi nədir?
Buğda bütün dünyada becərilən birillik taxıl bitkisidir. Bitkinin əsas hissələri kök, gövdə, yarpaq, sünbül və dəndən ibarətdir. Buğda dənində yüksək miqdarda karbonhidrat, zülal, lif, həmçinin digər mühüm vitamin və minerallar yer alır. Gündəlik qəbul etdiyimiz qidaların əksəriyyətinin tərkibində buğda və buğdadan hazırlanan məhsullar yer alır. Eyni zamanda, buğdadan tibb, qənnadı, kosmetika kimi müxtəlif sənaye sahələrində xammal mənbəyi, həmçinin heyvan yemi olaraq da istifadə olunur. Buğda bitkisinin yumşaq və bərk buğda olmaqla iki növü geniş şəkildə becərilir.
Yumşaq buğda nədir?
Yumşaq buğdanın yarpaqları tüklü, qılçıqları sünbüldən kiçikdir. Pulcuqları gödək olur, dəni sıx örtmür, çox vaxt dəni yerə tökülür və dən sünbüldən asanlıqla ayrılır. Qırmızı, qəhvəyi və sаrı rəngli dəni olur. Həmçinin dəni yаrımşüşəvаri, şüşəvаri və unlu оlur. Nisbətən alçaqboylu olan bu növün dənləri yumşaq və yuvarlaqdır. Yumşaq buğda növləri bərk buğdalara nisbətən daha tez yetişir, lakin xəstəliklərə qarşı müqaviməti aşağıdır. Yumşaq buğda növləri adətən un və çörək istehsalı üçün becərilir.
Bərk buğda nədir?
Bərk buğdaların sünbülü dоlu və kobud olur. Həmçinin dəni bərk, sərt, uzunsоv, ağ, qırmızı, аçıq və yа tünd kəhrəbа rəngində şüşəvаri оlur, qılçıqları isə sünbüldən uzun olur. Dən xarici və daxili çiçək pulcuqları ilə sıx örtüldüyü üçün yetişəndə yerə tökülmür. Bərk buğdanın boyu hündür, yarpağı hamar, gövdə, yarpaq və sünbüllər mum örtüklə örtülü olur. Quraqlığa qarşı davamlıdır. Ölkəmizdə Cəlilabad, Biləsuvar, Şəki və Füzuli rayonları bərk buğda növlərinin əkilməsi üçün uyğun bölgələr hesab edilir. Bərk buğda növləri adətən makaron, vermişel istehsalı, həmçinin qənnadı sənayesi üçün xammal mənbəyi olaraq yetişdirilir.
Buğda toxumunun əkin zamanı
Buğda bitkisinin əkini adətən payız fəslində həyata keçirilir. Payızlıq buğdanın səpin prosesi dağlıq ərazilərdə dəniz səviyyəsindən 1000-1400 m yüksəkliklərdə sentyabrın ayının sonlarına təsadüf edir. Müvafiq səviyyədən aşağı olan ərazilərdə səpin oktyabr ayında həyata keçirilir. Hündürlüyün azalması ilə əlaqədar olaraq səpin prosesi oktyabrın birinci və ikinci ongünlüyünə qədər uzana bilir. Ölkəmizdə payızlıq buğdanın səpini əksərən oktyabr ayının sonuna qədər yekunlaşır. Ümumilikdə buğda səpini orta dağlıq zonalarda sentyabrın 1-dən, 20-dək, dağətəyi zonalarda sentyabrın 25-dən, oktyabrın 10-dək, aran zonalarında isə oktyabrın 20-dən, noyabrın 10-dək davam edir. Ümumilikdə, buğda çeşidindən asılı olmayaraq, əkin işlərinin payızın sonu və qışın əvvəlində aparılması tövsiyə olunur.
Buğda əkinindən öncə torpağın hazırlanması
Buğda toxumlarının əkinindən öncə bitkinin yetişməsi üçün torpağı hazırlamaq lazımdır. Hazırlıq işləri torpaqda istiliyin, rütubətin və havalanmanın düzgün şəkildə təmin olunması məqsədilə aparılır. Torpağın becərilməsi adətən aşağıdakı prosesləri əhatələyir:
Yumşaltma: Torpağı yumşaltmadan toxum əkmək, həmçinin gübrə vermək tövsiyə olunmur. Yumşaltma işləri torpaqda mikroorqanizmlərin hərəkətini asanlaşdırır. Nəticədə torpağın havalanması və bitkinin qida maddələrini qəbul etməsi asanlaşır.
Torpağın üst qatının çevrilməsi: Torpağın çevrilməsi daha çox insan əməyi tələb etsə də, bitkilərin inkişafı üçün mühüm proseslərdəndir. Xüsusilə əkilməyən torpaqları çevirmək faydalıdır. Torpağın çevrilməsi sayəsində alaq otları toxumlarının və zərərvericilərin məhv olmasını təmin olunur. Ancaq hər il torpaq çevrilməsini həyata keçirmək tövsiyə olunmur.
Torpağın üst qatının hamarlanması: Torpaqda münbitliyi təmin etmək, toxumların, gübrənin, həmçinin suvarma suyunun bərabər paylanması üçün sahədə hamarlanma işləri aparılmalıdır.
Şumlama: Torpağı şumlamaq bitkinin böyüməsi üçün münbit şərait yaradır. Belə ki, torpağın üst qatı 25-30 sm çevrilir, dənəvərləşdirilir, əkin qatı yumşaldılır, gübrə verilir, həmçinin digər lazımi işlər həyata keçirilir.
Sıxlaşdırma: Həddindən artıq yumşaq torpaqlarda sıxlaşdırma işləri həyata keçirilir. Bu, toxumların normadan artıq dərinliyə düşməsinin qarşısını almaq məqsədi daşıyır.
Zərərvericilərə və alaq otlarına qarşı mübarizə: Sahələrdə əkindən öncə alaq otlarının təmizlənməsi, alaq otları toxumlarının və zərərvericilərin, həmçinin zərərvericilərin yumurtalarının məhv edilməsi mütləqdir.
Əkindən öncə torpaqda pH səviyyəsinə diqqət yetirməyi unutmayın.
Buğda toxumunun əkin qaydası
Buğda toxumlarının əkini torpaqdan rütubəti, istiliyi və havanı asanlıqla qəbul edəcək formada həyata keçirilir. Toxumların basdırılma dərinliyi toxumun iriliyi, səpin zamanı torpağın rütubəti, torpağın mexaniki tərkibi və bitkinin növündən asılıdır. İri toxumlar dərin, xırda toxumlar isə dayaz basdırılır. Həmçinin quraq torpaqlarda toxumlar dərin, rütubətli torpaqlarda isə dayaz şəkildə əkilir. Bundan başqa, payızlıq buğda toxumlarını dərinə basdırmaq lazımdır ki, bitkinin şaxtaya qarşı davamlılığı artsın.
Buğda bitkisinin torpaq tələbatı
Buğda bitkisi bütün növ torpaqlarda yetişdirilə bilər. Yüksək məhsuldarlıq üçün isə buğda bitkisinin gilli, humusla və üzvi maddələrlə zəngin, həmçinin sututma qabiliyyəti 25-30 faiz olan torpaqlarda becərilməsi məqsədəuyğundur. Bundan başqa, çörəklik buğdadan fərqli olaraq makaron hazırlamaq üçün buğda nisbətən yoxsul torpaqlarda da yetişdirilə bilər.
Buğda bitkisinin iqlim tələbatı
Fərqli iqlim şəraitində yetişə bilən buğda bitkisi üçün əsasən mülayim və sərin iqlim şəraiti xarakterikdir. Buğda toxumu əkinindən sonra bitkinin normal inkişafı üçün temperaturun 10-25 dərəcə arasında olması tələb olunur. Buğda toxumu 1-2 dərəcə temperaturda cücərə bilsə də, ümumilikdə cücərtilər üçün optimal temperatur 12-15 dərəcədir. Kollanma fazası üçün temperaturun 8-10 dərəcə, boruya çıxma fazası üçün isə 15-16 dərəcə olması məqsədəuyğundur.
İllik yağıntının 350-1150 mm olduğu bölgələrdə buğda bitkisi daha yaxşı inkişaf edə bilir. İllik yağıntının miqdarı 500-600 mm olan yerlərdə isə müvafiq rütubət səviyyəsini təmin edəcək suvarma həyata keçirərək hədəflənən nəticəyə və keyfiyyətə çatmaq olar.
Buğdanın bitkisinin suvarma tələbatı
Buğda bitkisinin yetişməsi üçün əsasən sərin iqlimlər xarakterik olduğuna görə, bitkinin suya təlabatı da yüksək deyil. Ancaq buna baxmayaraq, buğda bitkisinin su ehtiyacının qarşılanması mütləqdir. Buğdanın normal şərtlərdə formalaşması üçün tələb olunan suyun miqdarı buğda çeşidindən asılı olaraq orta hesabla 300-600 mililitr arasında dəyişir. Təqribi hesablamalara görə, bir kiloqram buğda yetişdirmək üçün təxminən 1654 litr su tələb olunur. Xüsusilə vurğulamaq yerinə düşər ki, kollanma fazasında buğda bitkisinin suya təlabatı çoxalır. Bundan əlavə, bölgəyə düşən yağıntılardakı suyun miqdarı torpaqda lazımi nəmin əmələ gəlməsinə kömək edir. Qeyd edək ki, həddindən artıq su verilən buğdanın keyfiyyət və zülal dəyərlərində azalma müşahidə edilir.
Buğda bitkisinin inkişaf mərhələləri
Həm dəmyə, həm də suvarılan ərazilərdə yetişdirilə bilən buğda bitkisinin inkişaf mərhələlərini aşağıdakı kimi sıralamaq olar:
Toxumun cücərməsi: Payızlıq buğda minimum halda 1-2 dərəcə, maksimum halda isə 12-15 dərəcə selsi aralığı temperaturda cücərir. Toxumun əkinindən sonra 10 gün ərzində ilk cücərtiləri görmək olar.
Kollanma fazası: Əsas gövdənin aşağı yarpaqlarının qoltuğundan yan zoğların yarpaqlarının uclarının görünməsi buğda bitkisində kollanma buğumlarının əmələgəldiyini göstərir.
Boruyaçıxma fazası: Buğda bitkisinin boruyaçıxma fazasında bitkilərin yarpaqlarının altında gövdənin bir hissəsi bir qədər şişmiş olur. Bu dövrdə sünbüllərin formalaşmasının əlamətlərini müşahidə etmək olar. Yağışsız keçən və yüksək temeperaturların müşahidə olunduğu zaman boruyaçıxma fazası üçün əlverişli şərait hesab olunur.
Sünbülləmə fazası: Adından da məlum olduğu kimi, gövdə yarpaqlarında ilk sünbülün görünməsi sünbülləmə fazasının başlaması deməkdir. Buğda bitkisində sünbülləmə adətən orta hesabla 3-10 günə yekunlaşır.
Çiçəkləmə fazası: Sünbülləmədən sonra bitkidə toz kisəsinin partlaması ilə çiçəkləmə başlayır. Bu tozcuqlar vasitəsilə bitki həm özünü, həm də digər bitkiləri tozlandırır. Daha sonra mayalanma prosesi başlayır ki, bu mərhələdə dən formalaşır.
Süd yetişkənliyi dövrü: Bu dövrdə buğda dəni yaşıl rəngdə olur. Tərkibində 50 faizə qədər su olur və dəndə qida maddələrinin toplanması prosesi davam edir. Dənin normal inkişafı üçün torpaqda nəmlik səviyyəsinin qaydasında olması lazımdır.
Mum yetişkənliyi dövrü: Bu fazada dən və bitki saralmağa başlayır. Dəndə suyun miqdarı 25-30 faizə qədər azalır və dən dırnaqla kəsiləcək yumşaqlıqda olur.
Tam yetişkənlik dövrü: Buğda dəninin tam formalaşması, yəni saralması və bərkiməsi bu dövrdə başa çatır. Mum yetişkənliyi dövrü bitdikdən 7-11 gün sonra buğda dənləri tam yetişir.
Buğda bitkisinin gübrələmə proqramı
Buğda bitkisinin yetişdirilməsi zamanı gübrələmə proqramının düzgün və zamanında həyata keçirilməsi vacibdir. Buğdanın gübrələmə proqramı toxum əkinindən məhsul yığımına qədər müxtəlif mərhələləri əhatə edir. Buğda sahələrində azot, kalium, fosfor, fosfat, kükürd, maqnezium, dəmir, manqan, sink, bor, mis, kalsium və digər elementlərin yer aldığı üzvi, mineral, yaşıl və digər gübrələr tətbiq edilə bilər. Buğda sahələrinə düzgün gübrələrin verilməsi üçün sahədə torpaq analizi aparılmalı və nəticələrə uyğun gübrələmə proqramı təyin edilməlidir. Çünki bu, məhsulun bol və keyfiyyətli olmasını təmin edir, həmçinin torpağın sıradan çıxmasının qarşısını alır.
Buğda sahələrində azot gübrələmə
Buğda bitkisi üçün azot gübrələmənin vaxtında və normaya uyğun aparılması mütləqdir. Çünki bitkinin bütün inkişaf mərhələlərində azota ehtiyacı dəyişməz qalır. Azot gübrələri buğdanın xəstəliklərə qarşı davamlı olmasını, sağlam və sürətli yetişməsini təmin edir. Buğda sahələrində azot gübrəsinin 15-20%-i səpindən qabaq, 60%-i erkən yazda, 20-25%-i isə bitkilərin boruya çıxma mərhələsində yemləmə şəklində verilir. Yemləmə gübrəsindən sonra torpaqda havalanmanı təmin etmək, həmçinin rütubətin buxarlanmasının qarşısını almaq üçün sahəni səpinin köndələninə yüngül dişli mala ilə malalamaq lazımdır.
Azot gübrəsi haqqında daha geniş məlumat əldə et.
Buğda sahələrində fosfor gübrələmə
Buğda bitkisinin cücərmə dövründə və inkişafının başlanğıcında fosfora ehtiyacı artır. Sünübülün əmələgəlməsi, dənin dolması, məhsuldarlığın yüksək olması üçün buğda bitkisinin fosfor ehtiyacının qarşılanması məqsədəuyğundur. Beləliklə, səpindən qabaq şum altına hektara 350-400 kq fosfor gübrəsinin verilməsi tövsiyə olunur.
Fosfor gübrəsi haqqında daha geniş məlumat əldə et.
Buğda sahələrində kalium gübrələmə
Buğda bitkisinin cücərmə mərhələsindən çiçəklənməyə qədər olan dövrdə kaliuma tələbatı artır. Kalium buğda bitkisinin kök inkişafı, xəstəliklərə qarşı davamlı olması, meyvə əmələgəlməsi və yüksək məhsuldarlığı üçün vacibdir. Buğda əkinindən sonra bitki inkişafı etdikcə kalium gübrəsi tətbiq oluna bilər. 1 hektar sahəyə 150 kq kalium gübrəsinin verilməsi məqsədəuyğundur.
Kalium gübrəsi haqqında daha geniş məlumat əldə et.
Buğda Bitkisində Rast Gəlinən Xəstəliklər və Mübarizə Üsulları
İlk olaraq qeyd edək ki, mütəxəssislər xəstəliklərə qarşı nisbətən davamlı toxum növlərinə üstünlük verməyi, əkin proseduruna düzgün şəkildə əməl etməyi, ehtiyac olduğu təqdirdə gübrə tətbiqini həyata keçirməyi, sahəni müxtəlif alaq otlarından, bitki qalıqlarından təmizləməyi, həmçinin təyinatı üzrə müxtəlif funqisidlərin tətbiqini tövsiyə edir.
Buğda Bitkisində Unlu Şeh Xəstəliyi (Erysiphe graminis)
Unlu şeh xəstəliyi buğda bitkisinin məhsuldarlığını 25%-ə qədər azalda bilər. Sərin havalarda və rütubət səviyyəsi 85%-dən yuxarı olduqda xəstəliyin yayılması sürətlənir. Erkən mərhələlərdə simptomlar yarpaqlarda sarı ləkələr şəklində müşahidə olunur. Daha sonra yarpaqlar tüklü ağ toz təbəqəsi ilə örtülür. Simptomlar adətən aşağı yarpaqlardan başlayaraq yuxarıya doğru irəliləyir. Bundan başqa, buğda bitkisinin əkini zamanı məsafələrin düzgün qoyulmaması unlu şeh xəstəliyinin inkişafı üçün əlverişli şərait yarada bilər. Bitkilərin ətrafındakı rütubət səviyyəsini nizamlamaq üçün hava dövranının yaxşılaşdırılması vacibdir. Torpaqda qida maddələrinin xüsusilə azotun çatışmazlığı buğda bitkilərinin sözügedən xəstəliyə qarşı həssaslığını artırır.
Mübarizə Forması
Buğda bitkisində “Unlu şeh” xəstəliyinin qarşısını almaq üçün əkinə başlamazdan əvvəl sahədə qalan kövşən qalıqları, alaq otları məhv edilməli və toxumlar düzgün məsafə aralıqlarına uyğun əkilməlidir. Buğda bitkisinin “Unlu şeh” xəstəliyinə qarşı kimyəvi mübarizə zamanı “Prothioconazole”, “Benzovindiflupyr”, “Tebuconazole”, “Azoxystrobin” tərkibli funqisidlərdən istifadə edilə bilər. Dərman tətbiqi zamanı aqronomla məsləhətləşmək və dərmanın üzərində yazılan təlimatlara əməl etmək tövsiyə olunur.
Buğda Bitkisində Septoria Yarpaq Ləkəsi Xəstəliyi (Septoria tritici)
“Septoria tritici” adlı xəstəliktörədici mikroorqanizmlərin buğda bitkisinə yoluxdurduğu septoriya yarpaq ləkəsi məhsuldarlığı 50% azalda bilir. Əsasən qışın əvvəlində müşahidə olunan simptomlar yarpaqlardakı uzun xlorotik ləkələrdir. Xəstəliyin yoluxduğu hissələrdə kiçik qara ləkələr müşahidə olunur və infeksiya gücləndikcə yarpaq toxuması nekrotikləşir, həmçinin sünbülciklər də bundan təsirlənə bilər.
Mübarizə Forması
Buğda bitkisinin “Septoria yarpaq ləkəsi ” xəstəliyinə qarşı kimyəvi mübarizə zamanı “Prothioconazole”, “Spiroxamine”, “Tebuconazole”, “Azoxystrobin”, “Kükürd” tərkibli funqisidlərdən istifadə edilə bilər. Dərman tətbiqi zamanı aqronomla məsləhətləşmək və dərmanın üzərində yazılan təlimatlara əməl etmək tövsiyə olunur.
Buğda Bitkisində Pas Xəstəliyi
Buğda bitkisində sarı pas, qonur pas və gövdə pası xəstəliklərinə rast gəlinir. Əkilən buğda növündən, bölgənin iqlimindən və digər amillərdən asılı olaraq gövdə pası mum yetişmə fazasında, sarı pas vegetasiya dövrünün əvvəlində payızda və erkən yazda, qonur pas isə süd yetişmə mərhələsində müşahidə olunur. Sarı pas xəstəliyinə yoluxan bitkinin yarpaqlarında, sünbülündə açıq-sarı rəngli, nazik ləkələr meydana çıxır. Eyni zamanda, xəstəliyə yoluxan bitkinin yarpaqları saralaraq quruyur, inkişaf zəifləyir, məhsuldarlıq azalır. Xəstəliyin ilkin əlamətləri erkən yazda bitkilərin kollanma və boruyaçıxma mərhələsində üzə çıxır. Qonur pas xəstəliyinə yoluxan bitkidə su balansı pozulur, buxarlanma artır, beləliklə, yarpaqlar quruyaraq tökülür və məhsuldarlıq səviyyəsi aşağı düşür. Gövdə pası xəstəliyinin isə xarakterik əlaməti gövdə, yarpaq və bəzən isə bitkinin yerüstü hissələrində kiçik, qırmızı-qəhvəyi və ya qara rəngli ləkələrin əmələ gəlməsidir.
Mübarizə forması
Müvafiq xəstəliyə yoluxan təsərrüfatda biçin qurtardıqdan dərhal sonra sahələr kövşəndən təmizlənməli, dərin şum aparılmalıdır. Xəstəliklə mübarizə üsulu olaraq, növbəli əkin sisteminin tətbiqi, xəstəliyə davamlı sortların əkilməsi, eləcə də, payızda taxıl əkiləcək sahələrin şum altına fosfor-kalium, erkən yazda isə yemləmə şəklində azot gübrəsinin verilməsi tövsiyə olunur. Mineral gübrələrin kompleks tətbiqi isə bitkilərin xəstəliyə davamlılığını artıraraq kollanmasını stimullaşdırır.
Buğda Bitkisində Sürmə Xəstəliyi (Tilletia caries, Tilletia.foetida)
Buğda bitkisi “Sürmə” xəstəliyinə yoluxduqda sünbüldə qara rəngli sürməyə oxşar örtük və ya dənin üzərində qara tozşəkilli daşlar əmələ gəlir. Sözügedən örtüyün və daşların yaranması xlamidodpor adlı orqanizmlərin sayəsində külək vasitəsilə yayılır. Torpağa düşdükdə məhv olsalar da, anbarda və bəzi yerlərdə 3-5 ilə qədər cücərmə qabiliyyətini qoruyub saxlayır.
Mübarizə Forması
“Sürmə” xəstəliyinin yayılmasının qarşısını almaq üçün əkin zamanı toxum seçiminə xüsusi diqqət göstərilməli və növbəli əkin sisteminə üstünlük verməlidir. Toxumların səpinqabağı dərmanlanması tövsiyə olunur. Bundan başqa, buğdanın 2-3 il dalbadal eyni sahədə əkilməsi, xüsusilə, sürmə xəstəliyinə yoluxan sahədə təkrar əkini tövsiyə olunmur. Buğda bitkisinin “Sürmə” xəstəliyinə qarşı kimyəvi mübarizə zamanı “Difenoconazole”, “Sedaxane”, “Tebuconazole”, “Fludioxonil” tərkibli funqisidlərdən istifadə edilə bilər. Dərman tətbiqi zamanı aqronomla məsləhətləşmək və dərmanın üzərində yazılan təlimatlara əməl etmək tövsiyə olunur.
Zərərvericilər və həşəratlara qarşı mübarizə üçün pestisidlər haqqında daha ətraflı məlumat əldə edin.
Buğda Bitkisinin Zərəvericiləri
Buğda bitkisi inkişafının müxtəlif mərhələlərində bir çox zərərverici həşəratların və ya alaq otlarının təsirinə məruz qala bilər ki, bu isə məhsulun inkişafını ləngidərək məhsuldarlığı və keyfiyyəti aşağı salır.
Ziyankar bağacıq (Eurygaster integriceps, E. maura, E. austriaca)
Ziyankar bağacıq buğda sahələrinə həddindən artıq zərər verən həşəratlardan biridir. Sözügedən həşəratın yetkin fərdlərinin üzəri qalxanvari yarım sərt qanadla örtülüdür. Zərərvericinin yayılmasının qarşısını almaq üçün sahələr alaq otlarından vaxtında təmizlənməlidir. Seyrək əkindən uzaq qalmaq və düzgün səpin normasını həyata keçirmək vacibdir. Ziyankar bağacığa qarşı kimyəvi mübarizə zamanı “Gamma-cyhalothrin”, “Alpha-cypermethrin”, “Lambda-cyhalothrin”, “Cypermethrin” tərkibli insektisidlərdən istifadə edilə bilər. Dərman tətbiqi zamanı aqronomla məsləhətləşmək və dərmanın üzərində yazılan təlimatlara əməl etmək tövsiyə olunur.
Taxıl böcəyi (Zabrus Tenebrioides)
Əsasən dəmyə əkin sahələrində geniş yayılan taxıl böcəyi buğda bitkisinin zərərvericilərindən biridir. Zərərvericinin yayılmasının qarşısını almaq üçün sahələr alaq otlarından təmizlənməli, sahədə dərin şum işləri təxirə salınmamalıdır. Taxıl böcəyinə qarşı kimyəvi mübarizə zamanı “Deltamethrin”, “Cypermethrin” tərkibli insektisidlərdən istifadə edilə bilər. Dərman tətbiqi zamanı aqronomla məsləhətləşmək və dərmanın üzərində yazılan təlimatlara əməl etmək tövsiyə olunur.
Şıqqıldaq böcəyi, Məftil qurdu (Elateridae)
Şıqqıldaq böcəklər buğda sahələrində cücərtilərin kök sistemini, kök boğazını və toxumunu yeyib məhv edə bilir. Zərərvericinin yayılmasının qarşısını almaq üçün buğda sahələrini bitki qalıqlarından təmizləmək və şumdan sonra üzdən şumlama aparmaq məqsədəuyğundur. Şıqqıldaq böcəyinə qarşı kimyəvi mübarizə aparmaq üçün 1 ton toxum səpin qabağı 6-8 litr olmaqla 22 faizli “Heptaxlor” ilə dərmanlana, həmçinin 25 kq “Bazudin” dərmanı torpağa səpinlə birgə verilə bilər. Dərman tətbiqi zamanı aqronomla məsləhətləşmək və dərmanın üzərində yazılan təlimatlara əməl etmək tövsiyə olunur.
Sümürtkən böcəyi
Zərərverici taxıl sahələrində cücərtilər, kök boğazı, gövdə və dənlə qidalanır. Zərərvericinin yayılmasının qarşısını almaq üçün sahədə dərin şum aparılmalı, həmçinin sahənin bitki qalıqlarından təmizlənməsinə diqqət yetirmək lazımdır. Sümürtkən böcəyinə qarşı kimyəvi mübarizə zamanı “Lambda-cyhalothrin”, “Deltamethrin” tərkibli insektisidlərdən istifadə edilə bilər. Dərman tətbiqi zamanı aqronomla məsləhətləşmək və dərmanın üzərində yazılan təlimatlara əməl etmək tövsiyə olunur.
Buğda Sahələrində Alaq Otlarına Qarşı Mübarizə
Aşağıdakı cədvəldə buğda bitkisinə zərə verən alaq otları və onlara qarşı kimyəvi mübarizə zamanı tətbiq edilə biləcək dərman tərkibləri ilə tanış ola bilərsiniz:
Alaq otunun adı | Tətbiq Olunacaq Herbisidin Tərkibi |
Xoruz gülü, qaramuq, siçan qulağı, sığır dili, çobanyastığı, daşkəsən ot, pıtraq, quşəppəyi, yabanı qərənfil, at quyruğu, şahtərə, yabanı turp, yemlik, yovşan otu və s. | “Dimethyl” |
Tülkü quyruğu, yabanı yulaf, dəlicə və s. | “Clodinafop-propargyl, “Cloquintocet-mexyl” |
Ballıbaba, cincilim, yovşan otu | “Pendimethalin” |
Buğda toxumlarının satışı
Buğda sahələrindən bol və keyfiyyətli məhsul yığımı üçün keyfiyyətli toxum seçmək başlıca şərtdir. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq keyfiyyətli toxumları əldə edə bilər. Eyni zamanda, təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.