Kənd təsərrüfatı sahələrində bitkilərin yetişdirilməsi zamanı müxtəlif gübrələrdən istifadə olunur. Gübrələr torpağın münbitliyini artıraraq bitkilərin sağlam və sürətli inkişafını təmin edir. Burada gübrələrin tərkibi və onlardan düzgün istifadə mühüm rol oynayır. Tərkibinə görə gübrələrin üzvi, mineral, üzvi-mineral, bakterial və hormonal növləri vardır. Bu dəfəki məqaləmizdə üzvi gübrələr haqqında danışacağıq.
Üzvi gübrə nədir?
Təbii mənbələrdən əldə olunan və bitkinin ehtiyac duyduğu qida maddələrini torpağın strukturunu zədələmədən bitkiyə ötürən gübrələr üzvi gübrələr adlanır. Üzvi gübrələr bitki və heyvan mənşəli, təzə, yaxud bioloji dəyişkənliyə uğramış maddələrlə zəngin olur. Üzvi gübrələrin tətbiqi torpaqda mikrobioloji prosesləri sürətləndirir. Belə ki, mikroorqanizmlər torpaqda çətin mənimsənilən qida maddələrini bitkilər üçün istifadə oluna biləcək formaya çevirir.
Üzvi gübrələrin hansı növləri var?
Üzvi gübrələrin növləri olaraq peyini, peyin şirəsini, torfu, müхtəlif kompostları, kənd təsərrüfatı istehsalatının tullantılarını, yaşıl gübrələri, biohumusu, bakterial gübrələri və digərlərini misal göstərmək olar. Adıçəkilən növlər tərkibində yer alan qida maddələrinə uyğun şəkildə qruplaşdırılır.
Peyin
Peyin üzvi gübrəsi heyvanların ifrazatından əldə olunur. Torpaqda uzun müddət təsirliliyini qoruyan bu gübrə növü təsərrüfatlarda geniş şəkildə istifadə edilir. Peyinin tərkibi azot, fosfor, kalium, kalsium kimi makro və digər bir sıra mikroelementlərlə zəngindir. Tərkibi kifayət qədər qida maddələri ilə zəngin olan peyin kənd yerlərində asan əldə oluna bilməsi, həmçinin ucuz olması ilə seçilir. Orta hesabla peyinin tərkibində 0,5% azot, 0,2% fosfor (P2O5) və 0,6% kalium (K₂O) yer alır. Yəni, bir hektara 30 ton peyin verdikdə, bu 150 kq azota, 75 kq fosfora və 180 kq kaliuma bərabər olur. Peyinli gübrələr torpağın su udma və saxlama qabiliyyətini artırır, eroziyaya mane olur və torpaq strukturunun qorunmasını təmin edir. Sözügedən bitki qida vasitəsi peyin səpən cihazla, əllə və ya digər üsullarla tətbiq oluna bilər. Peyinin xüsusi anbarlarda saxlanılması tövsiyə olunur. Çünki peyin yağış sularından, küləkdən, günəş işığından qorunmadıqda tərkibində yer alan qida maddələrini itirir. Torpağa peyin tətbiqi üç il fasilə ilə, il ərzində bir dəfə olmaqla həyata keçirilir. Torpağın tərkibindən, bitki növündən və digər amillərdən asılı olaraq peyinin tətbiq norması dəyişə bilər.
Quş zılı
Üzvi gübrələrin ən təsirli növlərindən hesab olunan quş zılı yarımmaye şəklindədir. Quşların qəbul etdikləri qidaların tərkibinə görə quş zılı gübrəsi effektivliyinin yüksək olması ilə seçilir. Tərkibinin zənginliyinə görə sıralasaq, bu gübrə növünü toyuq, göyərçin, ördək və qaz zılı olaraq sıralaya bilərik. Torpağa quş zılı tətbiqi zamanı ilk mərhələdə qabın yarısına qədər zıl üzərinə isə su əlavə edirlər. Üç-beş gün belə saxlandıqdan sonra, yenidən üzərinə su əlavə edilir və torpağa tətbiq olunur. Quş zılının payız aylarında torpağa verilməsi məqsədəuyğundur.
Azot, fosfor və kalium gübrələri haqqında da maraqlı məlumatları kəşf edin.
Torf
Torf tərkibi bitki qalıqları ilə zəngin olan üzvi gübrə növüdür. Belə ki, torf maddəsi göllərdə, bataqlıqlarda və ya digər su altında qalan torpaqlarda bitən bitkilərin suyun dibinə çökərək parçalanması və hava ilə təması nəticəsində əmələ gələn üzvi maddədir. Adətən torpağın strukturunu yaxşılaşdırmaq və torpağın isinməsini təmin etmək üçün istifadə edilir. Torfun tərkibində 85-97% üzvi maddə, 0,9-1,7% azot, 0,2-0,5% fosfor və 0,1-0,3% kalium yer alır. Torpağa torf tətbiq etməyin ən effektiv üsulu torfu heyvanların altına döşədikdən sonra istifadə etməkdir.
Kompost gübrə
Bitki və heyvan qalıqlarının parçalanması və ya çürüməsi nəticəsində əldə edilən üzvi gübrə kompost gübrə adlanır. Yağ, piy, sümük, ət və sintetik materiallar istisna olmaqla, qalan bitki və heyvan mənşəli tullantılarından kompost gübrələr hazırlamaq olar. Kompost gübrələr torpağın strukturunu yaxşılaşdırır, nəmliyini qoruyur və pH səviyyəsini tənzimləyir. Həmçinin torpaqda faydalı mikroorqanizmlərin sayını çoxaldır və məhsuldarlığın artmasına səbəb olur. Kompostun tərkibində orta hesabla 0,4% azot, 0,2% fosfor və 0,5% kalium olur. Keyfiyyətli kompost gübrəsi hazırlamaq üçün qarışığa əhəng və peyin şirəsi əlavə edilir.
Yaşıl gübrə
Yaşıl gübrələr ot bitkilərinin üzvi maddələrlə zəngin olan yaşıl hissələrindən əldə edilir. Yaşıl gübrələrin tətbiqi sayəsində torpaq azot və digər üzvi maddələrlə zənginləşir. Müvafiq bitkilər adətən payız aylarında əkilir. Daha sonra bu bitkilərin kənd təsərrüfatı maşınları ilə şumlanaraq torpağa qarışdırılması işləri həyata keçirilir. Yaşıl gübrə hazırlamaq üçün paхla, noхud, lobya, lərgə, payızlıq çöl noхudu, birillik üçyarpaq yonca və digər bitkilərdən istifadə oluna bilər. Yaşıl gübrənin torpağın tərkibinə yaxşı qarışması üçün müvafiq yaşıl kütləni şumlamaya qədər diskli malalar ilə хırdalamaq lazımdır. Bundan başqa, torpağın nəm olması mütləqdir. Quraq rayonlarda torpağa yaşıl gübrə verərkən suvarma aparıla bilər.
Biohumus gübrə
Biohumus gübrə tərkibi kifayət qədər təbii olması ilə seçilən, bəzən qurd gübrəsi olaraq da adlandırılan gübrə növüdür. Tərkibində mikroelemetlər, antibiotiklər, vitaminlər və hormonlar yer alır. Biohumusun digər üstün cəhəti tərkibində xəstəlik törədicilərin, alaq otları toxumlarının, milçək süfrələrinin olmamasıdır. Biohumus torpaqda soxulcanlar tərəfindən hazırlanır. Beləliklə, soxulcanlar torpaqdakı tullantılarla qidalanır və onların tərkibində yer alan qida maddələrini humus tərkibli çürüntüyə çevirirlər. Ümumiyyətlə torpağın qısa müddətlə üzvi maddələrlə zənginləşməsini təmin edir. Torpağa biohumus tətbiqi adətən erkən yazdan başlayaraq payızın sonuna qədər davam edir.
Mineral gübrələr haqqında haqqında da maraqlı məlumatları kəşf edin.
Üzvi gübrələrin hazırlanması
Üzvi gübrə hazırlamaq üçün ot qırıntıları, bitki qalıqları, meyvə və tərəvəz tullantıları, kağız, karton kimi bir çox məhsullardan və materiallardan istifadə oluna bilər. Üzvi gübrə hazırlanarkən istifadə olunan qablar məhlulun asanlıqla qarışdırılmasına uyğun olmalıdır. Gübrə üçün qabların yaxud anbarların seçilməsi zamanı havalanmanın, həmçinin sudan istifadənin yaxşı təmin olunması mütləqdir.
Üzvi gübrələrin faydaları
Torpağa düzgün qaydada və zamanda tətbiq olunan üzvi gübrələrin faydaları çoxdur:
- Torpaqda mikroorqanizmlərin sayını artırır;
- Torpağın tərkibində yer alan qida maddələrinin miqdarını çoxaldır;
- Torpaqda pH səviyyəsini tənzimləyir;
- Bitkilərin böyüməsini sürətləndirir;
- Bitkilərin xəstəliklərə və zərərvericilərə qarşı müqavimətini artırır;
- Bitki inkişafının bütün mərhələlərində istifadə edilə bilər;
- Bitkilərdə kök sisteminin inkişafını yaxşılaşdırır;
- Torpağın su tutma qabiliyyətini artırır;
- Toxumların cücərməsini sürətləndirir;
- Suvarma ehtiyacını azaldır;
- Məhsulun keyfiyyətini və saxlama müddətini artırır;
- Ətraf mühitin çirklənməsinin qarşısını alır.
Üzvi gübrələrin istifadə yerləri
Üzvi gübrələr ölkəmizdə və dünyada fermerlər tərəfindən geniş istifadə olunan bitki qidalandırma vasitəsidir. Tərkibcə təbii olması, bitkilərin inkişafını sürətləndirməsi, həmçinin torpağın strukturunu yaxşılaşdırması və digər bir çox aspektlərdən olduqca effektiv gübrə növüdür. Üzvi gübrələr istixanalarda, meyvə bağlarında, tərəvəz sahələrində, dənli və texniki bitkilər, həmçinin digər bir çox bitkilərin yetişdirilməsi zamanı istifadə olunur.
Amin turşu əsaslı gübrələr haqqında haqqında da maraqlı məlumatları kəşf edin.
Üzvi gübrələrin satışı
Təsərrüfat sahələrində sağlam bitkilər yetişdirmək, yüksək səviyyədə məhsul götürmək, həmçinin ətraf mühiti çirkləndirməmək üçün üzvi gübrələrdən istifadəyə üstünlük vermək faydalıdır. Fermerlər üzvi gübrələri təbii yolla hazırlamaqla yanaşı, ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinidən də əldə edə bilərlər. Eyni zamanda, təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qoruma və bitki qidalandırma vasitələrini əldə etmək mümkündür.