Vələmir Bitkisi: Yetişdirilməsi və Qulluq Qaydaları
Günümüzdə ötən illərlə müqayisədə sağlam qidalanma tendensiyasının daha da aktuallaşdığı müşahidə olunur. Artıq dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hərkəs təbii qidalara üz tutur. Müvafiq qida məhsullarının hazırlanması isə təbii şəkildə yetişdirilən meyvə, tərəvəz, dənli, texniki və digər bitkilərdən əldə olunan xammal məhsullarından birbaşa asılıdır. Sözügedən bitkilər arasında vələmirin (yulaf) özünəməxsus yeri var. Vələmirdən hazırlanan qida məhsulları uşaqlardan tutmuş böyük insanlara qədər hərkəs üçün hədsiz şəkildə faydalıdır. İnsan sağlamlığı, həmçinin digər sənaye sahələri üçün qiymətli xammal rolunu oynaması baxımdan fermerlər də bu nüansa xüsusi diqqətlə yanaşmalıdır. Belə ki fermerlər vələmir bitkisini yetişdirərək həm sağlam qida tələbatının qarşılanmasına öz töfhələrini verə, həm də müvafiq məhsul üzrə gəlirlərini artıra bilərlər.
H2: Vələmir bitkisi nədir?
Vələmir dünyada sərin iqlimdə yetişdirilən dənli bitkilər arasında buğda və arpadan sonra üçüncü ən çox becərilən taxıl növüdür. Vələmir ərzaq və yem bitkisi olaraq becərilir. Vələmir bitkisinin dəninin tərkibində 12-13% zülal, 40-50% nişasta, 4-6% yağ, həmçinin 11-12% sellüloza, 3,5% kül və 14% su olur. Dənindən yarma, unundan peçenye, kisel, kofe və bir sıra pəhriz məhsulları hazırlanır. Lakin qeyd eləmək lazımdır ki, vələmir unu çörək hazırlamaq üçün uyğun deyildir.
Vələmir bitkisinin növləri
Vələmir bitkisinin 70 növü məlumdur ki, onlardan 16-sı daha gemiş şəkildə becərilir. Ölkəmizdə vələmirin “Avena sativa”, “Avena Bizantina”, “A. Mutikaaristata” və “A. Aurea” adlı dörd növü yetişdirilir. Ümumilikdə vələmir növləri istifadə məqsədinə, bölgəyə, iqlimə və digər şərtlərə görə seçilib əkilir. Vələmir bitkisinin hazırda daha çox becərilən növü isə “Avena sativa”dır. İqtisadi cəhətdən ən vacib növlərdən biri hesab olunan “Avena sativa”nın taxılı ağ, tüksüz və qılçıqsızdır.
Vələmir bitkisinin yetişdirilməsi
Vələmir bitkisindən bol məhsul əldə etmək üçün təmiz toxum seçilməli, iqlim şəraitinə diqqət edilməli, su və gübrələmə prosesləri mütəmadi şəkildə tətbiq edilməlidir.
Vələmir bitkisinin iqlim tələbatı
Taxıl bitkiləri arasında vələmir iqlim baxımdan ən seçici bitkilər sırasında yer alır. Vələmir bitkisi üçün mülayim və rütubətli iqlim şəraiti xarakterikdir. Çiçəkləmə dövründən başlayaraq çiçək salxımlarının formalaşdığı dövrə qədər temperatur 15 dərəcədən çox olmamalıdır. Rütubət səviyyəsinin yüksək olması vələmir bitkisinin sağlam inkişafı üçün vacibdir. İllik yağıntı miqdarının 700-800 mm olması bitki üçün idealdır.
Vələmir bitkisinin torpaq tələbatı
Torpaq növləri cəhətdən seçici olmayan vələmir bitkisi demək olar ki, bütün torpaq növlərində yetişdirilə bilir. Gilli, qumlu, humusla zəngin və zəruri nəm şəraiti ilə təmin edilən torpaqlarda yetişdirilməsi məqsədəuyğundur. Vələmir bitkisinin, şoran torpaqlarda da yetişdirilə bilməsi vələmiri fermerlərin sevimli bitkisinə çevirib. Bundan başqa, məhsuldarlığın yüksək olması üçün torpağı qida maddələri ilə zənginləşdirmək faydalı olacaqdır.
Torpaqda pH səviyyəsi, ölçülməsi və tənzimlənməsi haqqında geniş məlumat əldə edin.
Vələmir bitkisinin əkini
Vələmir dənlərinin eyni boyda olması və süpürgəsinin aşağı hissəsindəki dənlərinin iri olması üçün toxumun və torpağın səpinə hazırlanmasına diqqətlə yanaşmaq lazımdır. Torpaq hazırlanması başa çatdıqdan sonra vələmir əkini həyata keçirilə bilər. Torpaq hazırlığı torpağın havalanmasına, suyun bərabər paylanmasına, zərərvericilərin və xəstəliktörədici orqanizmlərin məhv olmasına müsbət təsir göstərir. Vələmirin qış soyuğuna dayana biləcəyi bölgələrdə qış səpininə üstünlük verilir. Qış səpinində planlama işləri elə aparılır ki, bitkinin qış fəslini qarşılayacağı dövr 3-4 yarpaqlama mərhələsinə təsadüf etsin. Bu əkin vaxtı bölgədən asılı olaraq dəyişə bilər. Ölkəmizdə becərilən vələmir sortlarının yarovizasiya (yazlaşma) mərhələsi qısa olduğu üçün səpin payızda, eləcə də yazda aparılır. Vələmir öz-özünü tozlandıran bitkidir.
Kök sisteminin yaxşı inkişaf etməsi üçün şum dərinliyinin 25-27 santimetr olması məqsədəuyğundur. Ölkəmizdə payızlıq vələmirin ən optimal səpin müddəti oktyabrın birinci on günlüyünə təsadüf edir. Onun tez və ya gec səpini bitkinin inkişafına, həmçinin məhsuldarlığa mənfi təsir edir. Səpin dövrü havanın temperaturu müsbət 12-14 dərəcə ətrafında olmalıdır. Səpinin adi və darcərgəli üsulla aparılması tövsiyə edilir. Səpin zamanı səpən maşına əlavə şırımaçanların qoşulması suvarmanın şırım üsulu ilə aparılmasına imkan verir. Vələmirin optimal səpin norması 3.5-4 milyon ədəd cücərmə qabiliyyətinə malik toxum təşkil edir. Çəki hesabı ilə desək, bu 150-200 kiloqramdır. Toxumun əkilməsi üçün dərinlik ölçüsü torpağın mexaniki tərkibindən və nəmlənmə dərəcəsindən asılı olaraq 4-6 santimetr arasında dəyişir.
Vələmir bitkisinin suvarılması
Vələmir bitkisinin suvarılması kollanma, boruya çıxma və süpürgə əmələgəlmə mərhələlərində həyata keçirilir. Bitki vegetasiya dövrlərində iki-üç dəfə şırımla suvarılmalıdır. Suvarma müddəti və sayı torpaq-iqlim şəraiti, bitkinin suya olan tələbatına uyğun aparılmalıdır. Vələmir bitkisinin suya tələbatı süpürgə əmələgəlməyə 10-15 gün qaldığı dövrdən tam süpürgələməyə qədər olan dövrdə artır.
Vələmir bitkisinin gübrələnməsi
Vələmir əkinindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün növbəli əkin zamanı vələmiri torpağı azotla zənginləşdirən bitkilərdən sonra becərmək tövsiyə olunur. Bu bitkilərə isə noxud, tərəvəz noxudu, lobya, yempaxlası və s. aid ola bilər. Vələmiri, həmçinin taxıl bitkilərindən sonra da əkmək olar. Vələmir bitkisi əkinin il mərhələlərində qida qəbulunu ləng həyata keçirirsə, sonrakı dövrlərdə xüsusilə çiçəklənmə mərhələsində azota ehtiyacı artır. Vələmir əkini zamanı şum altına 5-7 ton yarımçürümüş peyin və 2 sentner fosfor gübrəsi verilməsi məhsuldarlığa müsbət təsir göstərir. Bitkilər ilk yazda kollanma fazasında bir dəfə azot və fosfor gübrəsi ilə əlavə yemləndirilməlidir. Ümumilikdə gübrələmə proqramı torpaqda qida maddələrinin miqdarından, torpağın xüsusiyətlərindən və planlaşdırılmış məhsuldan asılı olaraq təyin olunur.
Azot, Fosfor və Kaliumlu gübrələr haqqında məlumat əldə edin.
Vələmir bitkisinin zərərverici həşəratları
Vələmir bitkisinin zərərvericiləri arasında ziyankar bağacıq, taxıl böcəyi, taxıl xortumlu böcəyi və s. yer alır. Gəlin, bu zərərvericilər haqqında, bitkiyə vurduğu zərər və mübarizə üsulları ilə tanış olaq.
Ziyankar bağacıq
Ziyankar bağacıq tünd qara, qırmızımtıl, çirklənmiş ağ və ya torpaq rəngində, bəzən isə bu rənglərin qarışığı ilə rəngarəng naxışlı formada olur. Kənardan görünüşü üçbucaq formasındadır, bədəni düz və ovaldır.
Ziyankar bağacığın vələmir bitkisinə zərərləri
Yazda taxıl sahələrinə hücum çəkən ziyankar bağacıq böyümə dövründə taxıl sapları ilə qidalanaraq onların saralmasına və qurumasına səbəb olur. Zərərverici zaman keçdikcə formalaşma dövründə olan sünbül ilə qidalanır ki, nəticədə bitkidə dən əmələgəlməsinin qarşısını alır. Yumurtadan çıxan fərdlər isə dənin özü ilə qidalanır. Nəticədə bala və yetkin fərdlərin zərər verməsi ilə məhsul tamamilə sıradan çıxır.
Ziyankar bağacığa qarşı kimyəvi mübarizə
Vələmir sahələrində ziyankar bağacıqla kimyəvi mübarizə zamanı tərkibində “Cypermethrin", "Deltamethrin", "Lambda-cyhalothrin” və s. kimi tərkibli maddələrin yer aldığı insektisidlərdən istifadə olunur.
Taxıl böcəyi (Zabrus spp)
Vələmir bitkisinin zərərvericilərindən olan taxıl böcəyinin uzunluğu 12-22 mm, eni isə 5-8 mm-dir. Parlaq qara rəngdədir.
Taxıl böcəyinin vələmir bitkisinə zərərləri
Payızda əkin yarpaqlarını torpağın daxilinə çəkərək qidalanır. Yazda yarpaq və tumurcuqları yeyərək bitkiyə zərər verir. Əkin zamanı yeraltı taxıllar ilə, biçinə yaxın günlərdə isə sünbül dənləri ilə qidalanaraq məhsuldarlığı böyük zərər verir.
Taxıl böcəyinə qarşı kimyəvi mübarizə
Taxıl böcəyinə qarşı ən uğurlu mübarizə üsulu toxumların dərmanlanmasıdır. Bundan başqa, vələmir sahələrində taxıl böcəyi ilə kimyəvi mübarizə zamanı tərkibində “Imidacloprid”, "Thiamethoxam", "Lambda-cyhalothrin" və s. kimi tərkibli maddələrin yer aldığı insektisidlərdən istifadə olunur.
Taxıl xortumlu böcəyi (Pachytychius hordei)
Taxıl xortumlu böcəyinin uzunluğu 3-4 mm-dir. Qəhvəyi rəngdədir və bədəni krem rəngli pulcuqlarla örtülmüşdür.
Taxıl xortumlu böcəyinin vələmir bitkisinə zərərləri
Taxılın böyüməsi dövründə yarpaqlar, gövdə və sünbül ilə qidalanır. Zərərvericilərin qidalanması nəticəsində bitkidə deşiklər meydana gəlir. Həmçinin bitkinin sünbülü ilə qidalanaraq zərər verir.
Taxıl xortumlu böcəyinə qarşı kimyəvi mübarizə
Vələmir sahələrində taxıl xortumlu böcəyi ilə kimyəvi mübarizə zamanı tərkibində “Cypermethrin”, "Deltamethrin", "Lambda-cyhalothrin", “Beta-cyfluthrin” və s. kimi tərkibli maddələrin yer aldığı insektisidlərdən istifadə olunur.
Pestisid və Herbisidin nə olduğunu, növlərini və istifadə qaydalarını kəşf edin.
Vələmir bitkisinin xəstəlikləri
Vələmir bitkisinin xəstəliklərinə taclı pas, qara pas, unlu şeh və s. daxildir.
Taclı pas xəstəliyi (Puccinia coronata)
Taclı pas xəstəliyi çox quraq rayonlar istisna olmaqla, vələmir bitkisinin yetişdirildiyi bütün ərazilərində geniş yayılan xəstəlik növüdür. Xəstəlik 10%-dən 40%-ə qədər məhsul itkisinə səbəb olur. Xəstəliyə yoluxan bitkinin yarpaq səthində narıncı rəngli sporlar müşahidə olunur ki, onlar səthdə ləkələr əmələ gətirir. Zaman keçdikcə yaranmış ləkələrin ətrafında və ya yarpağın aşağı səthində narıncı sporlar qara sporlarla əvəz olunur.
Vələmir bitkisində taclı pas xəstəliyinə qarşı kimyəvi mübarizə
Vələmir bitkisində taclı pas xəstəliyinə qarşı mübarizə aparmaq üçün erkən və sıx əkindən, həddindən artıq azot gübrələməsindən uzaq qalmaq məqsədəuyğundur. Davamlı sortlardan və müvafiq funqisidlərdən istifadə etmək tövsiyə olunur. Taclı pas xəstəliyinə qarşı kimyəvi mübarizə zamanı tərkibində “Piraklostrobin”, “Azoksistrobin”, “Trifloksistrobin”, “Propikonazol, “Metakonazol” və s. kimi maddələrin yer aldığı funqisidlərdən istifadə olunur.
Qara pas xəstəliyi (Puccinia graminis f.sf. avenae)
Xəstəliyə yoluxmuş bitkinin yarpaqlarında, yarpaq qınında, gövdədə və salxımlarda iri, tünd qırmızı-qəhvəyi ləkələr meydana gəlir. Bu ləkələrin üzərində şəffaf və böyük spor kütləsi olur. Getdikcə ləkələr böyüyür, yarpaq və gövdə səthlərində yırtıqlara səbəb olur.
Vələmir bitkisində qara pas xəstəliyinə qarşı mübarizə
Vələmir bitkisində qara pas xəstəliyinə qarşı mübarizə aparmaq üçün erkən və sıx əkindən uzaq qalmaq məqsədəuyğundur. Davamlı sortlardan və müvafiq funqisidlərdən istifadə etmək tövsiyə olunur.
Unlu şeh xəstəliyi
Buğda və arpa ilə müqayisədə vələmir bitkisi unlu şeh xəstəliyinə qarşı daha həssasdır. Xəstəliyə yoluxmuş bitkinin yarpağının yuxarı səthində ağ rəngli kif təbəqə müşahidə olunur. Zaman keçdikcə yarpaq sarı rəngdən qəhvəyi rəngə boyanır. Daha sonra xəstəliyə yoluxmuş hissələr tutqun boz rəngə boyanır və bu nahiyələrdə sıx şəkildə kiçik, qara, dairəvi reproduktiv strukturlar əmələ gəlir.
Vələmir bitkisində unlu şeh xəstəliyinə qarşı mübarizə
Vələmir bitkisində unlu şeh xəstəliyinə qarşı mübarizə aparmaq üçün çox həssas çeşidlərin əkinindən uzaq qalmaq məqsədəuyğundur. Toxumların öncədən dərmanlanması, davamlı sortlardan və müvafiq funqisidlərdən istifadə etmək tövsiyə olunur. Unlu şeh xəstəliyinə qarşı kimyəvi mübarizə zamanı tərkibində “Kalium bikarbonat”, “Kükürd”, “Hidrogen peroksid” və s. kimi maddələrin yer aldığı funqisidlərdən istifadə olunur.
Vələmir bitkisi gübrələrinin və dərmanlarının satışı
Mütəxəssislər vələmir sahələrindən bol və yüksək keyfiyyətli məhsul yığımı üçün əkin proqramının yerinə yetirilməsinə xüsusi diqqət göstərilməsini, gübrə və dərman tətbiqinin vaxtında və düzgün miqdarda tətbiqini tövsiyə edir. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq, keyfiyyətli gübrə və dərman çeşidlərini əldə edə bilər. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.
Məhsulunuz bol olsun!