Taxıl bitkiləri arasında dünya üzrə becərilməsinə və istehsalına görə qarğıdalı buğda və arpadan sonra üçüncü yeri tutur. Qarğıdalı bitkisi yem və qida vasitəsi kimi geniş istiqamətlərdə istifadə oluna bilər. 

 

Qarğıdalı bitkisi nədir?

 

Qarğıdalı meyvəsindən və bitkinin özündən müxtəlif sənaye sahələrində istifadə oluna bilən dənli bitki növlərindəndir. Saçaqlı kök sisteminə sahibdir. Kökləri yanlara doğru 60-80 sm və dərinliyə doğru 2-2,5 m olmaqla uzana bilər.  Qarğıdalı bitkisinin orta hündürlüyü 1-3 metr arasında dəyişir. Bəzi hallarda bitkinin boyu 5-6 metrə çata bilər. Bitkinin təpə hissəsində erkək çiçəklər, gövdələrində isə dişi çiçəklər yer alır. Birevli olduğu üçün əsasən xarici tozlanma xarakterikdir. Qarğıdalının dəni qabıq, endosperm və embrion olmaqla üç əsas hissədən ibarətdir. Taxılın forması və ölçüsü qarğıdalı sortundan, həmçinin ətraf mühit şəraitindən asılı olaraq dəyişir. 

 

Dənli bitkilərtexniki bitkilərin növləri ilə tanış olun.

 

Qarğıdalı bitkisinin yetişdirilməsi

 

Qarğıdalı bitkisindən bol məhsul əldə etmək üçün təmiz toxum seçilməli, iqlim şəraitinə diqqət edilməli, su və gübrələmə prosesləri mütəmadi şəkildə tətbiq edilməlidir.

 

Qarğıdalı bitkisinin iqlim tələbatı

 

Qarğıdalı tropik, subtropik və mülayim iqlim qurşaqlarında  və günəş işığının bol olduğu yerlərdə yetişən birillik bitki növüdür. Antarktida istisna olmaqla, demək olar ki, dünyanın hər yerində, dəniz səviyyəsindən 4000 m hündürlükdə, 58 dərəcə şimal və 40 dərəcə cənub enlikləri arasındakı ərazilərdə becərilə bilər. 

Əsasən isti iqlimləri sevən qarğıdalı bitkisinin ilk əkini zamanı torpağın orta temperaturunun 10 dərəcə olması məqsədəuyğundur. Ümumilikdə qarğıdalı yetişdirmək üçün tələb olunan ideal temperatur aralıqları 22-34 dərəcədir. Qarğıdalı bitkisinin inkişafında gecə və gündüz temperaturunun bir-birinə uyğun olması olduqca vacibdir. Əks halda, yəni gündüz və gecə temperaturları arasındakı kəskin fərq bitkinin məhsuldarlığını birbaşa aşağı salacaqdır.

 

Qarğıdalı bitkisinin torpaq tələbatı

 

Qarğıdalı bitkisi qida maddələri ilə zəngin, yaxşı qurudulmuş və havalandırılan, şoran olmayan torpaqlarda yetişir. Turşuluq baxımdan isə torpağın pH səviyyəsinin neytral olması yəni 6-7 aralığında olması arzuolunandır. Bir o qədər də torpaq seçiciliyinə malik olmasa da,  şoranlığa və yüksək su səviyyəsinə həssas olduğu üçün bu tip ərazilərdə qarğıdalı becərilməsi tövsiyə olunmur. 

 

Torpaqda pH Səviyyəsi və Ölçülməsi haqqında geniş məlumat əldə edin.

 

Qarğıdalı bitkisinin əkini

 

Fermerlər qarğıdalı bitkisini kənd təsərrüfatı texnikasının daxil ola bilmədiyi ərazilərdə yetişdirərkən müxtəlif çətinliklə üzləşir. Ancaq bununla yanaşı, qarğıdalı əkini zamanı sözügedən bitkini pnevmatik əkin maşınları ilə istənilən sıra aralığında və sıra məsafəsində asanlıqla yetişdirmək mümkündür. Qarğıdalı əkini üçün ayrılan sahələrə ilk olaraq peyin və mineral gübrələr verilir. Növbəti mərhələdə sahə 27-30 sm dərinlikdə dondurma şumu edilməli və sonra arata qoyulmalıdır. Yazda dondurma şumları malalanır, suvarılan torpaqlar isə hamarlanır. Qarğıdalı toxumu səpinindən öncə torpaq toxum basdırılan dərinliyə qədər şumlanmalıdır. 

 

Qarğıdalı toxumunun əkin qaydası

 

Qarğıdalı toxumunun əkin dərinliyi torpaq və iqlim şəraitindən asılı olaraq  2-7.5 sm arasında dəyişir.  Əkin sahəsinin üst qatının quru və isti olduğu halda, əkin dərinliyini artırmaq olar. Məsələn, dənləri daha çox nəmliklə təmin etmək üçün gilli torpaqlarda qarğıdalı toxumunu 7.5-8 sm, qumsal torpaqlarda isə 12.5 sm dərinlikdə əkmək tövsiyə olunur. Əgər torpaq qarğıdalı əkini üçün əlverişli şəraitə malikdirsə, dənin əkin dərinliyi 5-8 sm ola bilər. Qarğıdalı toxumlarının səpini adi cərgə üsulu, kvadrat yuva üsulu və əl ilə səpin üsulu ilə həyata keçirilir.

 

Qarğıdalı toxumunun səpin norması

 

Qarğıdalı toxumunun əkin normasının düzgün təyin olunması vacib məqamlardandır. Çünki bu bitkinin inkişafına, məhsuldarlığına və məhsulun keyfiyyətinə birbaşa təsir göstərir. Məsələn, sıx formada əkilmiş qarğıdalıların günəş işığını və qida maddələrini qəbul etməsi çətinləşir. Bundan başqa, qarğıdalı əkinin sıxlığını müəyyənləşdirmək üçün, əkin məqsədi də nəzərə alınmalıdır. Məsələn, silos əldə etməkü çün qarğıdalı əkini aparılırsa, bu zaman əkin sıxlığı nisbətən sıx ola bilər. Bu halda bitkilər daha incə, hündür və daha çox yarpaqlı olacaq. Nəticədə müvafiq sahədən daha məhsuldar silos əldə edilə bilər.

 

Qarğıdalının səpin norması aşağıda amillərə əsasən təyin olunur:

 

  • Əkinin məqsədi (dən, qida, silos);
  • Əkin materialının keyfiyyəti;
  • Əkin üsulu; 
  • İqlim şəraiti; 
  • Əkiləcək torpaq;
  • Təsərrüfatda olan toxumsəpən cihaz və maşınlar.

 

Qida məqsədilə əkin zamanı hektara 45-50 min bitki, silos əldə etmək üçün hektara 60-70 min bitki əkilməsi məqsədəuyğundur. Quraqlıq rayonlarda bu say 45 min, suvarılan sahələrdə isə 50 min götürülə bilər. Bitkilər arası məsafə 22-25 sm, cərgə arası məsafə isə 70 sm (70×25, 70x22) olmalıdır. 

Bəzi dağlıq rayonlarda maşınla səpmə mümkün olmadıqda, əllə əkin aparılır. Bu halda səpin norması kimi bir sot sahə üçün 10-11 kq-dan çox toxum istifadə oluna bilər.

 

Qarğıdalı toxumunun səpin müddəti

 

Ölkəmizdə qarğıdalı əkini Aran rayonlarında aprel ayının birinci və ikinci ongünlüyündə, dağətəyi rayonlarında isə aprelin sonunda və may ayının əvvəlində aparılır. Səpin müddətləri rayonun iqlim şəraitinə görə müəyyən edilir.

 

Qarğıdalı bitkisinin suvarılması

 

Qarğıdalı bitkisinin inkişaf dövrü isti aylara düşməsi fonunda, qarğıdalı suvarmaya həssas taxıl növüdür. Bununla yanaşı, suvarma zamanı, miqdarı da tələbata uyğun olmalıdır. Bitkinin suya ehtiyacını müəyyən etmək üçün əvvəlcə bitkidə və torpaqda analiz aparmaq lazımdır. Belə ki səhər erkəndən sahəyə çıxaraq bitkiləri yoxlamaq məqsədəuyğundur. Əgər yarpaqlarda solma və qıvrılma görsəniz, bu, bitkinin suya ehtiyacı olduğunu göstərir. Digər tərəfdən torpağı əl ilə də yoxlamaq olar. Qarğıdalı bitkisinin kökə yaxın hissəsindən torpaq götürüb əlinizdə sıxın. Əgər torpaq dağılırsa, suvarma lazımdır; əgər torpaq dağılmır və əlinizə yapışırsa, torpaq kifayət qədər nəmlidir və suvarmaya ehtiyac yoxdur.

 

  • İlk suvarılma: Qarğıdalı bitkisinin ilk suvarılması boruya çıxma fazasında, cərgəarası kultivasiya və seyrəltmədən sonra bitki boyu 10-15 sm olduqda aparılır; 
  • İkinci suvarma: Süpürgə yaranmazdan əvvəl; 
  • Üçüncü suvarılma: Süpürgələrin çıxışından bir həftə əvvəldən başlayaraq çiçəkləmə fazası bitənə qədər həyata keçirilir. Bu dövrdə bitkinin mütləq şəkildə sulanması vacibdir. Əks halda dən doldurma faizi aşağı düşür; 
  • Dördüncü suvarılma: Dənin dolması fazasında həyata keçirilir. Süd yetişmə fazasında dən doldurmanı artırmaq məqsədilə aparılır. Bu su dən doldurma vaxtını uzadır, toxumların iri və ağır olmasını təmin edir.

 

Qarğıdalı bitkisinin gübrələnməsi

 

Qarğıdalı əkinindən öncə torpaq sahəsində analizlər aparılmalı, bitkinin ehtiyacı olan qida maddələri müəyyənləşdirilərək müvafiq gübrələrin tətbiqi həyata keçirilməlidir. Ümumilikdə qarğıdalı bitkisində 100 kq dən yetişməsi üçün təqribən 2.5 kq azot, 1 kq fosfor və 1.5 kq kalium gübrəsi tələb olunur. Ölkəmizdə təsərrüfatlarda geniş şəkildə istifadə olunan peyin qarğıdalı tarlası üçün də ideal gübrələrdən biridir. Beləliklə, qarğıdalı bitkisinin gübrələmə proqramı peyin, fosfor və kalium gübrələrinin torpaq becərilməsi zamanı əsas şum altına verilməsi ilə başlayır. 

 

Qarğıdalı sahəsində azot gübrələmə

 

Azot gübrəsinin bir qismi əkinlə birlikdə, qalan hissəsi bitki boyu 50-60 sm hündürlüyə çatdıqda cərgə aralarına və ya kətmənləmə ilə birgə verilir. Azotun quru halda tətbiqi zamanı 1 ha ərazi üçün 8-10 kq,  çiləmə üsulu ilə tətbiqi zamanı isə 16-18 kq olması kifayət edir. Fermerlər xüsusi ilə diqqət etməlidirlər ki, azot gübrəsi bitkinin yarpaqlarına təmas etməsin. Əks halda bu qarğıdalı bitkisinin yarpaqlarında yanıqların yaranmasına səbəb ola bilər.

 

Qarğıdalı sahəsində fosfor gübrələmə

 

Qarğıdalı sahələrində əsasən ikiqat superfosfat gübrəsi tətbiq olunur. Əgər torpaq analizi nəticələri ərazidə fosforun çatışmadığını üzə çıxarıbsa, bu zaman gübrə normasının hamısı əkin qabağı torpağa verilib qarışdırılmalıdır. Ümumilikdə hektara 7-8 kq fosforlu gübrə tətbiqi arzuoluanndır.

 

Qarğıdalı sahəsində kalium gübrələmə

 

Qarğıdalı bitkisinin kalium ehtiyacı adətən kalium sulfat gübrələri ilə qarşılanır. Bu gübrələr əkin qabağı və ya əkinlə bərabər tətbiq olunur.

 

Azot, kaliumfosforlu gübrələr haqqında geniş məlumatlara nəzər yetirin.

 

Qarğıdalı sahələrində NPK gübrələmə

 

Analizlərə əsasən qarğıdlaı bitkisinin azot, fosfor və kalium olmaqla 3 makro elementin hər birinə ehtiyacının olduğu aşkar olunduqda torpağa kompleks şəkildə NPK gübrələrini tətbiq etmək olar. Yaxud adı çəkilən 3 elementdən hər hansısa birinə ehtiyac olmadıqda, digər ikisinin olduğu NPK gübrəsini də tətbiq etmək mümkündür. Məsələn, 20:20:0 NPK gübrəsinin tərkibində hər biri 20% olmaqla azot və fosfor vardır.

Bundan başqa qarğıdalı bitkisinin maqnezium, kalsium, kükürd, dəmir, bor, molibden, mis, manqan, sink, yod, natrium, kremniy xlor və ammonium kimi qida maddələrinə olan ehtiyacını peyin və ya mikroelement tərkibli kompleks gübrələrlə qarşılamaq olar.

 

Nitroammofos gübrəsi nədir? Bitkilər üçün hansı faydalarını kəşf edin.

 

Qarğıdalı sahələrində alaq otlarına qarşı mübarizə

 

Qarğıdalı tarlasında daha çox yabanı darı, pərpətöyün, yabanı xardal, sarı sarmaşıq, kalış, unluca, paxlalılar fəsiləsindən olan alaq otlarına rast gəlinir. Qarğıdalı sahələrində alaq otlarına qarşı mübarizə aparmaq üçün zamanında cərgə araları kultivaisya edilməli, həmçinin kətmənləmə aparılmalıdır. Qarğıdalı sahələrində alaq otlarına qarşı kimyəvi mübarizə zamanı istifadə olunan herbisidlər isə 3 yerə ayrılır:

 

  • Əkindən əvvəl torpağa qarışdırılaraq tətbiq olunanlar;
  • Əkindən sonra ancaq alaq otu çıxmazdan əvvəl istifadə edilənlər;
  • Birbaşa alaq otunun yaşıl hissələrinə tətbiq olunanlar.

 

Qarğıdalı sahələrində əkindən öncə alaq otlarına qarşı “Flumioxazin”, “Terbuthylazine”, “Mesotrione” tərkibli, qarğıdalı və alaq otlarının 2-4 yarpaqlı olduğu dövrdə “Dicamba”, “Nicosulfuro” tərkibli, qarğıdalı 3-4 yarpaqlı olduğu dövrdə “Florpyrauxifen-benzyl”, “Nicosulfuron”,  “Thifensulfuron-methyl”, “l Isoxadifen-ethyl (safener)” tərkibli, alaq otlarının çıxışından sonra isə “Pethoxamid”, “Terbuthylazine”, “Rimsulfuron” tərkibli herbisidlərin tətbiqi tövsiyə olunur. Ancaq herbisiddən istifadədən öncə sahənizdə olan hər bir alaq otuna qarşı daha güclü təsir edən herbisidi tətbiq etmək üçün aqronomla məsləhətləşmək faydalıdır.

 

Herbisid Nədir? Növləri, İstifadə Qaydası ilə tanış olun.

 

Qarğıdalı bitkisinin xəstəlikləri və mübarizə forması

 

Hər bir bitkinin olduğu kimi, qarğıdalı bitkisnin də özünə xas xəstəlikləri var. Bu xəstəliklərə və onlarla mübarizə üsullarına nəzər salaq.

 

Qarğıdalı bitkisinin qovuqlu sürmə xəstəliyi və mübarizə üsulu

 

Qovuqlu sürmə xəstəliyi qrağıdalı bitkisinin yeraltı köklərindən başqa digər orqanlarında öz əlamətlərini büruzə verir. Beləliklə, xəstəliyə yoluxmuş bitkinin yarpaq, qıça, süpürgə, gövdə və dəstək köklərində fərqli ölçü və boylarda şişlər əmələ gəlir. Yarpaqlarda yaranan şişlər qırışa bənzədiyi üçün məhz bu əlamət sayəsində xəstəliyi müəyyənləşdirmək mümkün olur. Bu şişlərin içində olan tozlar küləklə xəstəliyi bütün sahəyə yaymaq qabiliyyətinə malikdir. Bu xəstəliyin meydana gəlməsinin qarşısını almaq üçün sertifikatlı toxumlara üstünlük verilməli, zərərvericilərə qarşı zamanında mübarizə aparılmalı, xəstəliyin müşahidə olunduğu yerlərdə ən azı 3-4 il əkin aparılmamalıdır.

 

Qarğıdalı bitkisinin toz sürmə xəstəliyi və mübarizə üsulu

 

Toz sürmə xəstəliyinin əlamətləri qarğıdalının qıça və süpürgələrində müşahidə olunur. Zaman keçdikcə qıça və süpürgələrdə qara rəngli toz kütlə formalaşır. Karbamid, ammonium sulfat, üçlü superfosfat və kalsium nitrat kimi gübrələrin zamanında tətbiqi ilə xəstəliyə yoluxmanın qarşısı alına bilər. Həmçinin sertifikatlı toxumlardan istifadəyə üstünlük verilməli və ya toxumlar dərmanlanmalıdır. Həddindən artıq suvarmadan uzaq qalmaq faydalıdır.

 

Qarğıdalı bitkisinin kök və kökboğazı xəstəliyi və mübarizə üsulu

 

Bu xəstəlik adətən cücərmə mərhələsində ortaya çıxır. Cücərmə baş verərsə sonrakı mərhələlərdə bitkilərdə gövdə çürüməsi və solğunluq əlamətləri müşahidə olunur. Xəstəliyə yolxumanın qarşısını almaq üçün toxumlar mütləq şəkildə əkindən öncə dərmanlanmalıdır.

 

Pestisid Nədir? Növləri, İstifadə Qaydası ilə tanış olun.

 

Qarğıdalı bitkisinin zərərvericiləri və mübarizə forması

 

Hər bir bitkinin olduğu kimi, qarğıdalı bitkisnin də özünə xas zərərvericiləri var. Bu zərərvericilərə və onlarla mübarizə üsullarına nəzər salaq.

 

Payızlıq əkin sovkası (Aqriotis segetum Schiff.)

 

Əkin sovkası qonurumtul-boz və ya tünd-qonur rəngli kəpənəklərdir. Qanadlarının üzərində çəpinə dalğalı xətlər və üç böyrəkvari yumru ləkə vardır. Tırtıllar bozumtul torpaq rəngində olur.  Uzunluğu  52 mm-ə qədərdir. Qanadları açıldıqda ölçüləri 40-50 mm-ə çatır. Əkin sovkasının tırtılları qarğıdalı bitkisinin torpağa yaxın olan gövdələrini və kök boğazlarını gəmirərək yeyirlər. 

 

Qarğıdalı sahələrində payızlıq əkin sovkaları ilə kimyəvi mübarizə aparmaq “Sipermethrin”, “Fenpropatrin”, “Deltamethrin”, “Lyamda-Cyhalothirin” tərkibli insektisidlərdən istifadə tövsiyə olunur.

 

Məftil qurdları

 

Məftil qurdları ölkəmizdə geniş yayılan şıqqıldaq (Elateridae) fəsiləsindən olan böcəklərin sürfələridir. Bu zərərvericiyə daha çox turş reaksiyalı meşə torpaqlarında və ya hiqroskopik torpaqlarda daha çox rast gəlinir. Məftil qurdları bütün vegetasiya dövründə qarğıdalının kök və gövdə hissəsi ilə qidalanır. Məftil qurdlarının yayılmasının qarşısını almaq üçün torpaq qarğıdalı yığıldıqdan sonra, iyul-avqust aylarında 27-30 sm dərinliyində şumlanmalıdır. Həmçinin torpağa mineral gübrələr verilməsi məftil qurdların hərəkətini çətinləşdirir. Beləliklə, qarğıdalının zədələnməsini 20-25% aşağı salır. 

Qarğıdalı sahələrində məftil qurdları ilə kimyəvi mübarizə aparmaq “Chlorpyrifos-ethyl”, “Endosulfan” tərkibli insektisidlərdən istifadə tövsiyə olunur.

 

Gövdə kəpənəyi (Pyrausta nubilalis Hb.) 

 

Gövdə kəpənəyinin yetkin fərdlərinin qanadları açıq halda ölçüsü 27-32 mm, bədənin uzunluğu isə 13-15 mm olur. Qanadları açıq-sarımtıl rəngdə olur. Ziyanvericinin tırtılları bitkiyə daxha çox zərər vurur ki, tırtıllar sarımtıl-boz rəngdə olur və onların 16 ayağı olur. Uzunluqları isə 25 mm-ə qədərdir. Kürək hissədən bütün bel uzunluöunda isə tutqun zolağı var. Zərərverici qarğıdalının gövdə daxilində yaşayaraq, bitki ilə qidalanır və onu məhv edir. Sahə daim alaq otlarından təmizlənməlidir.

Qarğıdalı sahələrində gövdə kəpənəyi ilə kimyəvi mübarizə aparmaq üçün tırtılların 1-ci, 2-ci yaş dövrlərində “Alfa-sipermethrin” tərkibli insektisidlərdən istifadə tövsiyə olunur.

 

Qarğıdalı mənənələri

 

Mənənələr ölkəmizdə geniş yayılan zərərvericilərdəndir. Qarğıdalı sahələrini mənənələrdən qorumaq üçün sahə mütləq şəkildə alaq otlarından təmizlənməlidir. Çünki bu zərərverici ilk olaraq alaq otlarında formalaşır, daha sonra bitkiyə keçir. Qarğıdalı mənənəsi qarğıdalının qıçalarının və yarpaqların şirəsini sormaqla qidalanırlar. 

Qarğıdalı sahələrində mənənə ilə kimyəvi mübarizə aparmaq üçün tırtılların 1-ci, 2-ci yaş dövrlərində “Beta-cyflutyna”, “Chlorpyrifos-ethyl” tərkibli insektisidlərdən istifadə tövsiyə olunur.

 

Qarğıdalı toxum dərmanları

 

Qarğıdalı toxumlarını müxtəlif xəstəlik, alaq otları və zərərvericilərdən qorumaq “Fludioxonil”, “Metalaxyl”, “Prothioconazole”, “Cyantraniliprole”, “Thiamethoxam”, “Tefluthrin”, “Chlorpyrifos-ethyl” tərkibli dərmanlarla dərmanlamaq olar.

 

Qarğıdalı toxumlarının satışı

 

Qarğıdalı sahələrindən bol və keyfiyyətli məhsul yığımı üçün keyfiyyətli toxum seçmək başlıca şərtdir. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq keyfiyyətli qarğıdalı toxumlarını əldə edə bilər. Eyni zamanda, təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qoruma bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

 

Qarğıdalı toxumunun qiyməti

 

gubre.az aqrar ticarət şəbəkəsi tərəfindən fermerlərə təqdim olunan qarğıdalı toxumlarının qiyməti ilə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz.

 

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon