Pambıqçılıqda bilinməli vacib qaydalar

Pambıq necə əkilir, necə yığılır, torpaq necə gübrələnir, necə şumlanır, pambıq səpinində nələrə diqqət edilməlidir kimi pambıqçılıqla bağlı bütün sualların cavabı bu yazıda.  

 

PAMBIQ NECƏ YETİŞDİRİLİR?

Son illərdə ölkəmizdə pambıçılıq sahəsinə maraq kəskin artıb. Bunun əsas səbəblərindən biri bu sektora xüsusi dövlət dəstəyinin olmasıdır. Bu da əkinçiliklə məşğul olan fermerlərin pambıqçılığa yönəlməsini stimullaşdırır.

gubre.az pambıqçılıqla məşğul olan və ya torpaq sahələrində pambıq əkmək istəyən fermerlərimizə dəstək olmaq, onları bu sahədə maarifləndirmək üçün pambıq əkini proseduru barədə təlimatlandırıcı material hazırlayıb. Bu material fermerlərimizə pambıq əkini prosesini ardıcıllıqla açıqlayacaq, proseduru əkinçilərimiz üçün daha anlaşılan və sadə şəkildə izah edəcək. Beləliklə, pambıq necə əkilir? Pambıq əkini zamanı nələrə diqqət edilməlidir?

Torpağa şumaltı gübrə verilir

1. Pambıq toxumları sahəyə səpilməzdən əvvəl gübrəsəpənlə əraziyə şumaltı gübrə verilir.

Torpaq sahəsi şumlanır

2. Daha sonra torpaq sahəsi ya ripper, ya da kotanla şumlanır.

Torpaq qış yatağına qoyulur

3. Bunun ardınca şumlanmış torpaq sahəsi qış yatağına qoyulur.

Səpindən əvvəl sahəyə disk çəkilir

4. Pambıq toxumlarının səpinindən əvvəl ərazi yenidən kotanla şumlanır və üzərindən disk çəkilir.

Torpaq sahəsi arat olunur

5. Pambıq əkiləcək torpaq sahəsi arat olunur və yenidən disklənir.

Toxumsəpənlə 90 sm aralığında toxum səpilir

6. Bütün bu prosedurların ardından torpaq sahəsi toxum səpini üçün tam hazır vəziyyətə gətirilir. İndi isə pnevmatik toxumsəpən aqreqatla sahəyə 90 sm aralığında pambıq toxum səpilir.

Pambıq alaqlarına qarşı kultivasiya edilir

7. Pambıq toxumlarının ilkin çıxışlarından sonra alağa qarşı ilk kultivasiya həyata keçirilir və ya kətməndən istifadə edilir.

Torpağa azot gübrəsi verilir

8. Bunun ardınca isə növbəti dəfə torpaq sahəsinə azot gübəsi verilməklə torpağın və bitkinin təlabatına uyğun kultivasiya işləri aparılır. Ümumilikdə, bitki 1 metr boy verənə qədər kultivasiya işləri davam etdirilir.

Pambıq sahəsi sovkaya qarşı dərmanlanır

9. Qollu dərmansəpənlər vasitəsiylə pambıq sahəsində sovkalara qarşı dərmanlama prosesi aparılır. Bu zaman mexaniki üsülla pambıq kollarının başları vurulur ki, bitki gücünü qozalara versin və məhsuldarlıq artsın.

Pambıq sahəsinə defulyantlar verilir

10. Bitkidə yetərincə qoza sayı olduqda və ilkin alt qozalar açıldıqda, (alt qozalar bitkinin ən çox çəki verən qozalarıdır) bitkiyə qollu dərmansəpən vasitəsiylə defolyantlar verilir ki, bitkinin yarpaqları tökülsün və ilkin maşınla yığım prosesi başlansın. Pambıq yarpaqlarının tökülməsi onun üçün vacibdir ki, yarpaqlar bitkinin üzərində saralmasın. Çünki pambıq yarpaqları tökülmədiyi halda biçin zamanı pambığa qarışır və beləliklə, pambığın rəngi qarışır, keyfiyyəti aşağı düşür.

Pambıq kombaynla və əllə yığılır

11. Bütün bu ardıcıllıqlar izləndikdən və tamamlandıqdan sonra pambıq əvvəl kombayn, daha sonra isə canlı işçi qüvvəsinin köməyi ilə tarladan yığılır.

Pambıq çöpləri sahədən təmizlənir

12. Ən sonda isə pambıq tarlasında qalan boş bitki qalıqları ya diskli mala, ya da çöpdoğrayan aqreqat vasitəsiylə məhv edilir və torpaq sahəsi növbəti əkin mövsümünə hazırlanır.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon